“Unibank”dan götürdüyü "Albalı" zəhərə döndü - Jurnalistin başı dərddə...
Tarix: 9-12-2016, 08:48 |
Çap et
Jurnalist Vasif Əlihüseyn (Əlihüseynov Vasif Əlifağa oğlu) “Unibank”dan götürdüyü Albalı kartın kredit borcundan qurtula bilmir. Albalı kartın dollarla olması jurnalisti elə bir vəziyyətə salıb ki, artıq nə edəcəyini bilmir.
“2015-ci ildə “Unibank”ın Nərimanov filialından Albalı kart aldım. Kartın dollarla olmasının mənim nə vaxtsa problemimə çevirləcəyinə heç ağlıma gəlmirdi. Elə oldu ki, kartdan 500 manat pul çıxardım. Son zamanlar dolların belə bahalaşması mənim işimi daha da çətinləşdirdi. Bu günə kimi kredit borcumun 267 manatını ödəmişəm. Mən ödədikcə dolların hər dəfə qalxması heç də aradakı fərqi azaltmadı. Axır məcbur olub o gün banka gedib dolları manata çevirtdirdim. İndi 24 ay hər ay 38 manat pul ödəməliyəm ki, kreditimi bağlaya bilim. Bu isə 900 manata gəlib çıxır. Çıxılmaz durumdayam. Başqa problemlərim də olduğu üçün aldığım əmək haqqıyla heç nəyi çatdıra bilmirəm”.
Xatırladaq ki, aprel Şəhidlərindən yazan jurnalist bu yaxınlarda Şəhid Baxşəliyev Rəşidin anası Çimnaz xanımın kredit problemini araşdırıb üzə çıxarmışdı. Ümid edirik ki, bank rəhbərliyi jurnalistə də müəyyən güzəştə gedəcək.