Əsas Səhifə > Cəmiyyət, Manşet > Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı
Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı1-06-2016, 10:28 |
Oqtay Əliyev: “Məqsədləri məni mübarizə yolumdan döndərmək olsa da, onların istəyi elə istək olaraq qalmaqdadır” Gədəbəyli sahibkarlarla bağlı problemlər həllini tapmadıqca, bir daha hər kəsə bəyan olur ki, Ramiz Yediyarovun rəhbərlik etdiyi rayonda haqq-ədalət “qeybə çəkilib”. Çünki xeyli müddətdir ki, yaşanan problemlər daha çox müzakirə olunan mövzulardan birinə də çevrilib. Təqribən 43 nəfər sahibkarın üz-üzə qaldıqları problemlər həllini tapmadıqca, onlar Gədəbəylə PA-ı arasında qalmağa da məcbur olurlar. Təəssüf doğuran hal odur ki, həmin sahibkarlara məxsus obyektlər icra başçısının vermiş olduğu şifahi tapşırıq əsasında darmadağın edilərkən, dağıntının həyata keçirilməsinə əsas verən hər hansı məhkəmə qərarı, əsaslandırıcı sənəd belə olmayıb. Elə ki, onlar haqlarını tələb etmək məqsədilə bütün dövlət qurumlarına, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına davamlı müraciətlərini ünvanlasalar da, bu günə kimi şikayətçi sahibkarlara heç bir rəsmi cavab da verilməyib. Bu da onu söyləməyə əsas verir ki, ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlarla bağlı vermiş olduğu tapşırıqlara Gədəbəydə əməl olunmur, heç bir halda saya da salınmır. Bir-iki gün bundan öncə redaksiyamıza təkrar təşrif buyuran Əliyev Oqtay Qara oğlu “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “düz 15 aydır Gədəbəylə Prezident Administrasiyası arasında qalmışam. Mənə məxsus 38,5 kvm-lik tam şəxsi mülkiyyətimdə olan obyektim 12 fevral 2015-ci il tarixdə icra başçısının vermiş olduğu şifahi tapşırıq əsasında viran edildikdən sonra, qarşı tərəf üz-üzə qaldığım problemin həlli ilə bağlı hər hansı addımını atmadı. Atdıqları addım yalnız o oldu ki, yerli polis əməkdaşlarına tapşırıq verərək məni ilk əvvəl şərlədilər və 15 sutka müddətinə həbs də etdirdilər. Məqsədləri məni mübarizə yolumdan döndərmək olsa da, onların istəyi elə istək olaraq qalmaqdadır. Çünki, bu gün də mübarizəmi davam etdirib haqqımı tələb edirəm, haqsızlığa qol qoyanların qanun qarşısında cəzalandırılmalarını da tələb edirəm. İndi bəzi məqamların varlığına toxunaq. Yəni, Ramiz Yediyarovdan əvvəl Gədəbəyə rəhbərlik edən Kamran Rzazadənin başçı olduğu vaxtlarda, rayon ərazisində təqribən 700-800 nəfər sahibkar var idisə, bu gün onların sayı təxmini məlumatlara görə 100 nəfərə yaxındır. Bu da onu söyləməyə əsas verir ki, bugünkü icra başçısının başlıca amalı yerli sahibkarları gözümçıxdıya salmaq, onları dövlət-hakimiyyət orqanlarından düşünülmüş şəkildə narazı salmaqdır. Bu da vergi ödəyicisi olanların büdcəyə ödəyəcəkləri vergilərin azalması ilə nəticələnir. Oqtay Qaraoğlu onu da bildirir ki, “hələ bir müddət bundan əvvəl Gədəbəy rayon rəhbərliyi narazı sahibkarların problemlərini həll etmək məqsədilə, rayonun 20 Yanvar küçəsində olduqca yöndəmsiz, lazımi standarta cavab verməyən yeni ticarət mərkəzi inşa etdirdi. İnşa olunan ticarət mərkəzinin üst hissəsindən 35 min klv-luq elektrik xətti keçdiyindən, bir kimsə həmin yerdə ticarətlə məşğul olmağa həvəs də göstərmədi. Əldə etdiyimiz məlumatlara görə, həyat üçün olduqca təhlükəli olan ticarət mərkəzinə bu gün də Fövqəladə Hallar Nazirliyi tərəfindən lazımi sənədlər verilmir. Elə ki, hansısa sahibkar rəhbərlikdən probleminin həllini tələb edir, o halda həmin şəxsə yeni inşa olunan ticarət mərkəzindən obyekt təklif edirlər. Düzdür, mənə də həmin ticarət mərkəzindən 17km-lik obyekt təklif olunsa da, 16 fevral 2015-ci il tarixdə icra hakimiyyəti aparatında, memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyevin iş otağında həmin təklifdən imtina etdim. Həmin vaxt icra başçısı Ramiz Yediyarov Elxan Vəliyevin iş otağına daxil oldu və mənim edilmiş təklifdən imtina etdiyimi də bildi. O, halda tapşırıq verərək “bu şəxsin edilmiş təklifdən imtina etməsi barədə ərizəsini alın” dedi. Diqqəti cəlb edən hal odur ki, bu gün digər sahibkarlar da, onlara edilən təkliflərin heç birini qəbul etmirlər. Çünki yuxarıda qeyd etdim ki, ticarət mərkəzi heç bir standarta uyğun inşa olunmadığından, ora hər hansı sahibkar üz tutmur. Belə bir səbəblər üzündəndir ki, bu gün ticarət mərkəzinin ərazisində alaq otları bitir”. 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi, baş vergi xidməti müşaviri olan Pərvin Əhmədovun imzası ilə, Oqtay Qaraoğlunun yaşadığı ünvana 96.06 manat vergi borcunun olması barədə xəbərdarlıq məktubunun göndərilməsi də, bu gün onu olduqca narahat etməkdədir. Çünki o bizimlə söhbətində bildirdi ki, “əgər vergilər idarəsini 96.06 manat vergi borcumun olması düşündürüsə, o halda Gədəbəy rayon Mərkəzi Bazarında təqribən 500 nəfər sahibkardan yığılan pulların kimlərin cibinə daxil olması niyə düşündürmür? Axı, həmin pullar büdcəyə daxil edilməli pullardır”. P.S. Hörmətli oxucular! Növbəti sayımızda diqqəti cəlb edən digər olaylardan, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərovun və digər vəzifə sahiblərinin qol qoyduqları çoxsaylı qanunsuzluqlardan bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın. GundemXeber.az Geri qayıt |