Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağdaşda yeyinti...
Ağdaşda yeyinti...4-07-2016, 10:13 |
«Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) bəzi yerli şöbələrində acınacaqlı vəziyyət hökm sürür. Məsul şəxslərin yerində olmaması və ya işlərinə istənilən səviyyədə məsuliyyət göstərməməsi nəticəsində bir sıra rayonlarda əkin sahələrinin suvarılması ilə bağlı böyük problemlər ortaya çıxıb. Son illər Ağdaş rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyin artırılması, şoranlaşmanın qarşısının alınması və təsərrüfatların suvarma suyu ilə təminatının yüksəldilməsi istiqamətində də heç bir iş görülməyib. Bununla bağlı gundelik-baku.com saytına maraqlı məlumatlar daxil olub. Məlumatda qeyd olunur ki, Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin rəisi Rəsul Zamanov fermerləri narahat edən su probleminin həlli istiqamətində cəhd belə göstərmir: «Rayonda kənd təsərrüfatı ilə məşğul olan insanlar əkin sahələrini istədikləri şəkildə suvara bilmirlər. Buna səbəb isə Rəsul Zamanovun rəhbərlik etdiyi idarədə baxar açmasıdır. Fermer, kəndli əkinçiliklə məşğul olmamışdan əvvəl idarə rəisi ilə anlaşmalı, onun dediyini verməlidir. Əks halda, əkdiyini suvarmaq üçün su tapa bilməz. Ağdaş Suvarma Sistemləri İdarəsinin rəisi külli miqdarda qazanc əldə etməyin yollarını bilir. Belə ki, dövlət büdcəsindən ayrılmış vəsaitlərin bir hissəsi idarə rəhbərinin nəzarəti altında xırıd edilir. Məsələn, bir müddət əvvəl idarəyə 600 min manatdan artıq vəsait ayrılıb. Bu pulun 17 min manatı avtomobil üçün ehtiyat hissələrinin satın alınmasına xərclənib. Amma bilinmir ki, bu pul idarənin texnikasına, yoxsa Rəsul Zamanovun öz şəxsi maşınına sərf olunub. Onun ən çox qazandığı işlərdən biri də suvarma kanalları və bəndlərin təmiri işlərinin satın alınmasıdır. «Şirvan-inşaat» MMC tərəfindən həyata keçirilmiş proses üzrə 168664 manat sərf olunduğu vurğulansa da, real görünmür. Çüki Ağdaşda nə suvarma kanalları, nə də bəndlərində heç bir təmir işləri aparılmayıb. Tikinti materiallarının satın alınması da az gəlirli olmayıb. Bu dəfə də «Şirvan-inşaat»ın imkanlarından istifadə olunub. Belə ki, həmin materialların alınmasına sənəd üzərində 184681 manat xərcləndiyi vurğulansa da, real deyil. Mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması işlərini isə «Caspian-st» şirkəti həyata keçirib. Bu işlərə sərf olunmuş pulun miqdarı isə 265225 manat təşkil edib». Məlumata əsasən Ağdaşda suvarma suyunun verilməsi zamanı bir qayda olaraq ayrıseçkiliyə yol verilir. Belə ki, bəzi məmurlar və daha imkanlı şəxslər suyu kasıb əhalidən daha əvvəl alırlar: «Buna baxmayaraq Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin rəisi qanuna zidd olaraq əhalidən suyun pulunu əvvəlcədən alırlar. Pulu əvvəlcədən verməyənlərə isə su verilmir. Bkndan başqa, uzun illər boyu dren və kollektorların təmizlənməməsi nəticəsində əkin sahələri sürətlə şoranlaşmağa başlayıb. Hər il rayonda əhalidən təxminən yarım milyon manat su pulu toplanır. Həmin vəsait sənədlərdə kanalların, dren və kollektorların təmizlənməsinə, avadanlıqların yenilənməsinə və s. xərclərə sərf olunub. Amma bu işlərin heç biri görülmür. İdarə rəhbəri Ərəbocaq, Kükəl, Qəribli, Mürsəl və digər kəndlərdəki su kanallarının, arxlarının, drenlərin, həmçinin Kotavan, Xınaxlı suvarma kanallarının lildən təmizlənməsi adı altında dövlətin külli miqdarda vəsaitini havaya buxarlandırıb». Özəl mənbələrin bildirdiyinə görə, Rəsul Zamanov bu və digər qanunsuz işlərə qol qoymaqla maliyyə durumunu xeyli yaxşılaşdırıb. Və buna görə də rayonun ən varlı şəxslərindən biri hesab olunur. Onun biznes strukturuna Ağdaşda hektarlarla əkin sahəsinin, fermaların, ticarət obyektlərinin daxil olduğu bildirilir. İdarə rəisinin varidatı bununla bitmir. Yaxın günlərdə Rəsul Zamanovun Bakıda tikdirdiyi imarət və obyektləri haqda maraqlı detalları açıqlayacağıq. Sonda ASC sədri Əhməd Əhmədzadəyə müraciət edib demək istəyirik ki, əgər sözügedən idarədə tezliklə yoxlama aparılmasa, o zaman büdcə yeyintilərinin həcmi daha da genişlənəcək. Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var. Geri qayıt |