Əsas Səhifə > Cəmiyyət, Manşet > "Həkim oğluma cinsi fəallığı artıran dərmanlar yazdığı üçün onun beyin fəaliyyətini pozub"
"Həkim oğluma cinsi fəallığı artıran dərmanlar yazdığı üçün onun beyin fəaliyyətini pozub"6-08-2016, 10:53 |
Redaksiyamızın elektron poçtuna Ağdaş rayonu, H.Əliyev küçəsi, ev 86/4 ünvanında yaşayan Həsənova Türfə Həsən qızının şikayət məktubu daxil olub. T.Həsənova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayevdən şikayətçidir. Şikayətçinin yazdığına görə, E.İsayev onun sağlam övladını səhv müalicə edərək ömürlük şikəst edib: «Bu faktın üstünü isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Nəbiyev ört-basdır edib. Belə ki, təxminən 2 il öncə yeganə övladım Vasif özünü pis hiss etdiyi üçün Mingəçevir şəhər Mərkəzi Xəstaxanasına apardıq. Xəstəxananın həkimi Eldar İsayev oğlumu müayinə etdikdən sonra ona müalicə yazdı. Müalicədən sonra Vasif özünü daha da pis hiss etdi. Səhhəti ağırlaşdığı üçün təcili olaraq Bakı şəhərində yerləşən xəstəxanalardan birinə apardıq. Oradakı həkimlərin müayinəsindən sonra məlum oldu ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayev oğluma cinsi fəallığı artıran dərmanlar yazdığı üçün onun beyin fəaliyyətini pozub. Bundan sonra oğlum iki il Bakı şəhərində müalicə olunsa da, onun səhhəti yaxşılaşmır. Mən bu barədə hüquq-mühafizə orqanlarına etdiyim şikayəti araşdıran Mingəçevir şəhər prokuroru Azad Qarayev də həkim Eldar İsayevin cinayət əməlinin üstünü ört-basdır etdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya yazdığım şikayət ərizəm icra olunması üçün Səhiyyə Nazirliyinə, onlar isə cinayət əməli törətmiş həkim Eldar İsayevin işlədiyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına göndərildi. Çox təəssüf ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Nəbiyev cinayət əməlini ört-basdır etdiyi həkimi barədə heç bir tədbir görmədi. Nəticədə, həkimin savadsızlığı oğlumu ömürlük şikəst etdi. Hazırda oğlumun beyin fəaliyyəti pozulub, sağalması üçün intensiv müalicə almasına maddi imkanımız yoxdur. Həkim Eldar İsayevin savadsızlığı ucbatından oğlumun müalicəsinə indiyədək külli miqdarda vəsait xərcləyib borca düşmüşük. Ortada qazanan isə Mingəçevir şəhərinin prokuroru Azad Qarayev oldu. Mən bir ana kimi mətbuat vasitəsi ilə Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya müraciət edərək, xahiş edirəm ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayevin və onun cinayət \əməllərini ört-basdır edən Mingəçevir şəhər prokuroru Azad Qarayevin barəsində müvafiq tədbir görülsün». Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, şikayətdə adı çəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq. «Təzadlar» Geri qayıt |