Əsas Səhifə > Cəmiyyət, Manşet > Rektorun qovduğu müəllimlər geriyə necə yol tapır?

Rektorun qovduğu müəllimlər geriyə necə yol tapır?


10-08-2016, 10:41
Rektorun qovduğu müəllimlər geriyə necə yol tapır?
Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birləşdirilmişdi. Bu ilin aprel ayının 29-da isə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Pedaqoji Universitetin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyinə verilmişdir.

Ötən ayın sonlarında ölkə mətbuatında Maliyyə Nazirliyi tərəfindən keçmiş Müəllimlər İnstitutunun Zaqatala filalınının son bir neçə illik fəaliyyətinin yoxlanması barədə məlumat yayıldı. Xəbərə görə, yoxlamalar zamanı filialın direktoru olmuş Orucəli Rzayevin bir çox korrupsiya əməlləri üzə çıxıb. Mənbələrin iddiasına görə, hazırda İqtisad Universitetinin filialı kimi fəaliyyət göstərən bu təhsil müəssisəsinin müəllimləri bildiriblər ki, Orucəli Rzayev onların bir aylıq əmək haqqlarını tələb edir. Deyilənə görə, direktor müəllimlərdən yığdığı pulu ADİU-nun rektoru Ədalət Muradova təqdim etməklə, Maliyyə Nazirliyinin əməkdaşlarını “yola salacağını” deyib. Maraqlıdır ki, Zaqatala filialının ADİU-nun tabeliyinə verilməsindən hələ kifayət qədər az bir müddətin keçməsinə rəğmən, bu iki təhsil müəssisəsinin rəhbərləri arasında bu qədər yaxın münasibətlər yaranıb. Maraqlıdır, amma heç də təəccüblü deyil. Məsələ bundadır ki, miqyasları kifayət qədər fərqli olsa da, hər iki müəssisənin idarəçilik prinsipləri son dərəcə oxşar əsaslar üzərində qurulub. Məlum olduğu kimi, qəzetimizin səhifələrində ləğv olunmuş Azərbaycan Müəllimlər İnstitutunun müxtəlif filiallarında həyata keçirilən maxinasiyalar barədə dəfələrlə tənqidi yazılar dərc olunub. Bizə təqdim edilən açıqlamalarda həmin filiallarda yer almış neqativ hallar, bu müəssisələrə rəhbərlik edən şəxslərin öz işlərində yol verdikləri ciddi nöqsanlar barədə məlumatlar öz əksini tapırdı. Xüsusilə diqqəti cəlb edən qanun pozuntularından biri kimi rəhbərlik tərəfindən bu tədris müəssisəsində mütəmadi olaraq, tələbə transferləri xüsusunda maxinasiyaların həyata keçirildiyi vurğulanırdı. O cümlədən, davamlı olaraq redaksiyamıxa daxil olan şikayət məktublarında Zaqatala filialında yer almış neqativ hallar, filialın direktoru Orucəli Rzayevin işindəki ciddi nöqsanlar barədə məlumatlar öz əksini tapırdı. Bu məlumatlar əsasında hazırlamış və qəzetimizin ötən saylarında dərc olunmuş tənqidi materiallarda filial direktorunun yol verdiyi özbaşınalıq və qanun pozuntularının son həddə çatması xüsusi qeyd olunurdu. Diqqəti cəlb edən qanun pozuntularından biri kimi, rəhbərlik tərəfindən bu tədris müəssisəsinə saxta tələbə qəbulunun həyata keçirilməsi göstəilirdi. Belə ki, ümumi qəbul zamanı ali məktəblərə daxil ola bilməyən tələbələrdən bəziləri Orucəli Rzayevin köməyi ilə guya ki, Rusiya Federasiyasının və yaxud da Gürcüstan Respublikasının müxtəlif universitetlərinə qəbul olunurdular. Lakin, bütün vaxtı Azərbaycandan kənara çıxmayan tələbələr 1-2 ildən sonra birbaşa AMİ-nin Zaqatala filialına, II-III kurslara keçirilirdilər.

Həmçinin “Bizim Dövr”ün səhifələrində Azərbaycan Dövlət İqtisad Universitetinin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntuları barədə indiyədək kifayət qədər materiallar dərc olunub. Universitetdən aldığımız məlumatlar əsasında hazırlanmış həmin materiallarda ADİU-nun fəaliyyətini müşayiət edən müxtəlif qalmaqallar və korrupsiya halları barədə açıqlamalar öz əksini tapıb. Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda Ədalət Muradovun rəhbərliyə gəldiyi ilk günlərdən artıq bu ali təhsil müəssisəsində yeni qaydaların bərqərar olunduğu, həm də bu qaydaların müxtəlif səpgili korrupsiya hallarının daha da dərinləşməsinə yol açdığı bildirilir. İddialara görə, Ədalət Muradov universitetə rektor təyin olunduqdan dərhal sonra bir sıra başqa qaranlıq əməliyyatlara da imza atıb. Həmin qaranlıq əməliyyatlar içərisində şübhəli tələbə transferlərindən tutmuş, rüşvətin yeni məzənnəsinə qədər bir çox məqamlar var. Bunlardan biri və ilk növbədə universitet tələbələrini daha çox narahat edən cəhət bundan ibarət olub ki, yeni təyinatdan sonra ADİU-da rüşvət yığımları indiyədək görünməmiş dərəcədə yüksək həddə çatdırılıb. Yeri gəlmişkən, bir müddət əvvəl ADİU-dan bizimdovr.az-a daxil olmuş növbəti məlumatda da məhz universitetdə həyata keçirilən növbəi rüşvət yığımının təfərrüatlarından bəhs olunurdu. Açıqlamada deyilirdi: “Bu gün universitetimizdə ən aktual mövzu buraxılış kurs tələbələrinin diplom ala bilmək ehtimallarının “qiymətləndirilməsilə” bağlıdır. Məlumdur ki, hazırda iqtisad universitetində buraya müxtəlif özəl ali təhsil müəssisələrindən transfer olunmuş tələbələr də təhsil alırlar. Əksəriyyəti bilavasitə Ədalət Muradovun rektor təyin olunmasından sonra belə bir şansı əldə etmiş tələbələrin çoxu, savad baxımından xeyli “axsayırlar”. Buna görə də bu tələbələrin demək olar ki, hamısının onlarla imtahan kəsirləri yığılıb qalıb. Təbii ki, belə olan vəziyyətdə bu tələbələrin diplom almaq şansları da azalır. Amma universitet rəhbərliyi bu şansların artırılması üçün xüsusi formulalar təklif edir. Məsələn, mənim tələbə tanışlarımdan biri ADİU-nun Dünya İqtisadiyyatı fakültəsinə özəl universitetdən transfer olub. Hazırda onun 28 fənn imtahanından kəsiri var. Aydındır ki, belə bir vəziyyətdə onun diplom ala bilməsi demək olar ki, mümkün deyil. Lakin buna baxmayaraq, həmin tələbəyə “işgüzar” bir təklif olunub. Belə ki, o, hər imtahana görə 1000 manat və dövlət imtahanına görə 5000 manat olmaqla, cəmi 33 min manat ödəyərsə, bu zaman onun bütün problemləri həll olunar”.
Yeri gəlmişkən, mövzuya dair son dərc etdiyimiz materialda biz universitet rəhbərliyinin rüşvət tələblərilə üzləşmiş tələbələrdən birinin atdığı addımın gözlənilməz nəticələrə səbəb olduğunu qeyd etmişdik. Bu xüsusda aldığımız məlumtda deyilirdi ki, həmin tələbə məcburiyyət qarşısında qalaraq Heydər Əliyev Fonduna şikayətlə müraciət etmişdir. Bundan sonra həmin tələbə Fondda qəbul olunub və onun şikayəti dinlənilib. Daha sonra, tələbənin şikayətini araşdırmaq məqsədilə Heydər Əliyev Fondundan Ədalət Muradovla əlaqə saxlanılıb. Rektor isə öz növbəsində, pul yığımları barədə qətiyyən heç bir məlumatı olmadığını və məsələni mütləq araşdıracağını bəyan edib. Bundan sonra ADİU-da tələbələrdən artıq yığılmış külli-miqdarda rüşvət pulları sahiblərinə qaytarılıb. Son dəqiqləşdirməmizə görə, bu məbləğ 530 min manat təşkil edib. Bundan sonra isə, özünü sığortalamaq məqsədilə Ədalət Muradov universitetin bir neçə əməkdaşını cəzalandırmaq qərarına gəlib. Nəticədə, rektorun əsas pulyığanlarından biri olan Nizami Musayev və daha 8-9 nəfər işdən azad olunublar.
Lakin son əldə etdiyimiz məlumata görə, Ədalət Muradovun tətbiq etdiyi “cəza” tədbirləri yalnız gözdən pərdə asmaq xarakteri daşıyır. Mənbə deyir ki, rektor işdən çıxardığı əməkdaşlara bu tədbirin müvəqqəti olduğunu bildirib və cəmi üç aydan sonra onları yenidən öz yerlərinə bərpa edəcəyi barədə söz verib. Qeyd edək ki, Nizami Musayev özü də bizə yaxın qaynaqlardan biri ilə baş tutmuş söhbət əsnasında “üç aylıq cəza” görüntüsü barədə deyilənləri təsdiq edib...
Göründüyü kimi, istər ADİU-ya, istərsə də bu gün həmin universitetin tabeliyində fəaliyyət göstərən Zaqatala filialına rəhbərlik edən hər iki şəxsin idarəçilik üsullarında oxşar cəhətlər həqiqətən də çoxdur. Və bu ümumi cəhətlər də, Ədalət Muradovun hər zaman öz ətrafına korrupsiyaya meyilli kadrları toplamaq xüsusiyyətindən formalaşır.
Materialda adları keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt