Əsas Səhifə > Cəmiyyət, Manşet > Slavyan universitetində çəkişmə ocağı...

Slavyan universitetində çəkişmə ocağı...


17-08-2016, 10:03
Slavyan universitetində çəkişmə ocağı...
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva Bakı Slavyan Universitetinə (BSU) rektor təyin olunandan sonra həmin ali məktəbin bəzi əməkdaşları arasında narazılıq başlayıb.

Yeni rektor BSU-da sərt islahatlara başlayaraq, bir çox yeniliklərə imza atmağa çalışsa da, iddia edilir ki, o, həm də bu işlərinə paralel olaraq, keçmiş rektor Kamal Abdullanın əsas kadrlarını bu ali məktəbdən kənarlaşdırmaq istəyir. Məhdud dairələrdə "Kamalçı”lar adlandırılan həmin kadrlar arasında adıçəkilən ali təhsil ocağının mətbuat xidmətinin rəhbəri Adil Əliyevin də olduğu bildirilir. A.Əliyev təqaüd yaşının yaxınlaşdığını əsas gətirib rektordan bir müddət işləmək möhləti istəsə də, onun bu xahişinə məhəl qoyulmayıb.

"Reytinq"ə daxil olan məlumatda iddia edilir ki, Nurlana Əliyevanın sabiq rektor Kamal Abdullaya bu və ya digər formada bağlı olanları "zərərsizləşdirmək" istəyi qətidir.

BSU-nun hələlik adının çəkilməsini istəməyən müəllimlərindən biri deyib ki, yeni rektor ilk toplantısında rəhbərlikdəki bütün kadrların dəyişəcəyi anonsunu verib. Çox güman ki, bundan sonra universitetdə iş prinsipləri də dəyişəcək.

Məlumatda iddia edilir ki, N.Əliyeva bir müddət əvvəl rəhbərlik etdiyi kollecdəki sistemi indi də BSU-da tətbiq etmək istəyir:

"Nurlana xanım universitet sistemini bir o qədər də dərindən bilmir. Uzun müddət rəhbəri olduğu kollecdə işlər necə gedirdisə, həmin mexanizmi indi BSU-da tətbiq eləməyə çalışır. Hamıya yaxşı bəllidir ki, həmin kollec barədə ayrı-ayrı mətbu orqanlarda zaman-zaman rüşvət və korrupsiya hallarından yazılıb. Əgər yazılanlar doğrudursa və həmin "sistem" BSU-da tətbiq edilərsə, bu, bizim ali məktəb üçün çox böyük problem yarada bilər. Mən düşünürəm ki, proseslər buna doğru gedir”.

İddiaya görə, yeni rektor həmin sistemi BSU-da qurmaq üçün yaxın adamlarını universitetə gətirməyi planlaşdırıb.

Onu da nəzərə çatdıraq ki, N.Əliyeva barəsində yazılanlara media vasitəsiylə sərt reaksiya verib. Yeni rektor hesab edir ki, hər yeni təyinat, hər yeni islahat özü ilə narazılıq gətirməlidir:

"Universitetimizdə bütün sahələrdə yeniliklər gözlənilir. Həm universitetin maddi-texniki bazasının zənginləşməsində, təmir, tədris işlərində yeni islahatların tətbiqi məsələsində, universitetin struktur bölmələrinin yeniləşməsində, həm də ştat cədvəlində yeniliklər olacaq. Mən heç nəyə fikir vermədən başımı aşağı salıb işimi görürəm. Prezidentimiz mənə etimad göstərib, mən də bu etimadı doğrultmağa borcluyam. Kənardan kiminsə nə deməsi mənə o qədər də maraqlı deyil. Hesab edirəm ki, barəmdə yanlış məlumat, şər-böhtan yayanlar bunu paxıllıqdan, gözü götürməzlikdən, qeyri-insani duyğulardan edirlər. Bu paxıllıqların, şər-böhtanın başında oxumuş, elmli insanları görəndə çox rəncidə oluram. Çünki insan o vaxt bəsit olar, o vaxt paxıl olar ki, onun biliyi, onun təfəkkürü naqis olsun. Amma oxumuş, təhsilli adamlar bunu edirsə, belə adamlara yazığım gəlir".

Əslində, Nurlana xanımın bu açıqlaması ilk baxışdan müsbət görünə bilər. Amma bizi bilgiləndirən şəxsin verdiyi məlumat fərqli mətləblərdən xəbər verir. Mənbə deyir ki, yeni rektorun universitetin fasadındakı mozaikanı sökdürməsi narazılıqla qarşılansa da, N.Əliyeva inadından dönməyib:

"Rektor bunu maddi sıxıntı ilə əlaqələndirdi. Bildirdi ki, mozaikanı bərpa etməyə maddi imkan yoxdur. Amma o, maddi imkansızlığı bəhanə etsə də, universitetin 5 mərtəbəli binasına lift də quraşdırmaq niyyətindədir. Özü ikinci mərtəbədə otursa da, liftlə qalxıb düşmək istəyir. Maraqlıdır, həmin pul hansı vəsait hesabına ödəniləcək? Çox güman ki, N.Əliyeva yeni dərs ilində universitetdə gəlir yerləri də açacaq. Universitetin istehsal müəssisəsi olmadığını nəzərə alsaq, yeni rektorun həmin pulu tələbə və müəllim heyətindən çıxaracağına şübhə etmirəm".

Son olaraq o da nəzərə çatdırılır ki, N.Əliyeva hər zaman hakimiyyətdəki qruplaşmalara bağlı olub. Onunla bağlı ciddi narazılıqlar olsa da, yuxarı səviyyədə ona qarşı hər hansı təpki müşahidə edilməyib. Amma N.Əliyeva artıq ölkənin diqqət mərkəzində olan ali təhsil müəssisəsinin rəhbəridir və onun yaratdığı narazılığın miqyası da böyük ola bilər. Əgər N.Əliyeva bunu nəzərə almayıb, özünə qarşı yaranan cəbhənin sərhədlərinin genişlənməsinə şərait yaratsa, o zaman ağır nəticələrə qatlaşmalı olacaq.

Geri qayıt