Əsas Səhifə > Cəmiyyət, Manşet > Kürdəmir icra hakimiyyətində nə baş verir?

Kürdəmir icra hakimiyyətində nə baş verir?


20-08-2016, 11:36
Kürdəmir icra hakimiyyətində nə baş verir?
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun ona pul borclu olduğunu iddia edən vətəndaş Amil Nəsirov dünən yenidən redaksiyamıza müraciət edib. Şikayətçi bildirib ki, onun problemi hələ də həll olunmayıb. Xatırladaq ki, bu borc Amil Nəsirovun daha bir neçə nəfər briqada üzvləri iləbirlikdə, Bakının Mərdəkan qəsəbəsində yerləşən və Ceyhun Cəfərova məxsus olan bağ evində işləmələri nəticəsində yaranıb. Şikayətçinin ərizəsində bu barədə deyilir: “Ceyhun Cəfərov bağ evində bizi işlədib, amma pulumuzu vermir. Bir ildir ki, sürünürük. Düz bir il bundan əvvəl əvvəl mən və digər yoldaşlar Ceyhun Cəfərovun Mərdəkanda yerləşən bağ evində təmir-tikinti işlərinə başladıq. Burada işlədiyimiz müddət ərzində bizə deyildi ki, işinizi bitirin, pulunuzu axırda alacaqsınız. Hər gün səhər saat 7-dən axşama qədər həmin bağda işlədik. Sonda bütün işimizi də qüsursuz yerinə yetirib, təhvil verdik. Dedilər ki, haqqınızı 2 gün sonra gəlib götürərsiniz. İki gün oldu 2 həftə, 2 həftə oldu 10 ay, 10 ay oldu 1 il... Hələ də bir qəpik belə ala bilməmişik...”

İki gün bundan əvvəl isə, Kürdəmir RİH başçısının köməkçisi Amil Nəsirovla telefon əlaqəsi saxlayıb və şikayətçi icra hakimiyyətinə dəvət olunub. Lakin bura gələndən sonra, köməkçi vətəndaşa bildirib ki, başçı bu gün onu qəbul edə bilməyəcək və görüş gələn həftəyə qədər təxirə salınıb. Amma Amil Nəsirov yenə də ümidini üzməyib və hər ehtimala qarşı qəbul otağında bir qədər də gözləmək qərarına gəlib. Bu zaman onu müşahidə kameralarından görən Ceyhun Cəfərov isə, şikayətçinin bu hərəkətindən hiddətlənib. Sonra təkrar Amil Nəsirova yaxınlaşan köməkçi başçının hirsləndiyini deyib və onu xəbərdar edib ki, əgər dərhal çıxıb getməsə başçı onu həbs etdirəcək.

Xatırlayırsınızsa, bir müddət əvvəl ölkə mətbuatında “regional padşahlar” kimi bir ifadə yaman dəbə düşmüşdü. Bu ifadəni bəzi yazarlar rayon və bölgələrdə hədsiz özbaşınalıqlara yol verən, özlərini mütləq hakim kimi hiss edən icra başçılarına rəğmən işlədirdilər. Etiraf etmək lazımdır ki, Ceyhun Cəfərovun onun üçün işləmiş, indi isə ondan öz halal qazancını ala bilməyən vətəndaşa qarşı sərgilədiyi davranış tərzini, sadə, zəhmətkeş insanlara münasibətini müşahidə etdikcə, “regional padşahlar” ifadəsinin müəllifini daha yaxşı başa düşmək olur. Halbuki, Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə bu məsələyə öz münasibətini qəti, konkret və kəskin ifadələrlə bildirmişdir. İcra başçıları bu vəzifəyə xalqı əzmək üçün deyil, xalqa və dövlətə qulluq etmək üçün təyin olunurlar.

Digər tərəfdən isə, aldığımız məlumatlarda Ceyhun Cəfərovun birbaşa öz vəzifə səlahiyyətlərinin icrasında da ölkə rəhbərliyinin göstəriş və tövsiyyələrinə etinasızlıq nümayiş etdirdiyi aşkar vurğulanır. Yerli sakinlər tərəfindən mətbuata verilən açıqlamalarda, hətta Ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığa dəstək verilməsilə bağlı verdiyi göstəriş və sərəncamlardan sonra belə, Kürdəmirdə məmur özbaşınalıqlarına hələ də son qoyulmadığı qeyd olunur: “Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun eynilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb. Başçı ilk gündən bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. Ceyhun Cəfərov gənc olmasına baxmayaraq, özünün qocaman xəracyığma sistemilə ilə rayonu idarə etməyə üstünlük verir...”

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt