Əsas Səhifə > Cəmiyyət, Manşet > Ondan narazılıq var

Ondan narazılıq var


16-03-2017, 11:36
Ondan narazılıq var
Gəncə - Respublikanın ikinci böyük şəhəridir. İllər öncə bu şəhərə Elmar Vəliyev icra hakimiyyəti başçısı təyin olundu. Gəncədə bu təyinatdan sonra ədalət dəfn olundu və haqsızlığa meydan verildi. Təsadüfi deyil ki, Gəncənin bütün dövlət orqanları icra başçısının quluna çevrildi. Və hətta müstəqil adı daşıyan məhkəmələrimiz Elmar Vəliyevin sifarişlərini icra etməyə "borclu olduqlarını” düşünməyə başladılar. Məhkəmələrdə hakimlik edənlər icra başçısının tapşırıqlarını icra etmək üçün ən ucuz yollardan yararlanmağa cəhd etməklə özlərini ona yaxın etməyə varlıqları ilə mübarizə apardılar. Sadə vətəndaşlar, sahibkarlar ədalətsizliyin hökmran olduğu şəhərdə icra başçısının qəddar cəzalarının qurbanına çevrilməkdədirlər.

Elmar Vəliyev Gəncəni "Cəhənnəm qapısına” çevirməklə istəklərinin nədən ibarət olduğunu ortaya qoymuş oldu. Insanları əzmək, onların hüquqlarını pozmaq, qanunsuz yolla mülklərinə sahib çıxmaq və şikayət üçün ünvan olan məhkəmələri alətinə çevirmək icra başçısının əsas məqsədidir. O, bu yolla Gəncədə bir çox insanın haqlarını əlindən almaqla öz ideya və istəklərini həyata keçirməkdə israrlıdır. Necə ki, Pərvanə Cəfər qızı İsgəndərovaya qarşı edilən haqsızlıq kimi...

Pərvanə İsgəndərova ölkə başçısına müraciət edərək Elmar Vəliyev tərəfindən rast gəldiyi haqsızlıqdan bəhs edir və Prezidentdən kömək istəyir. İcra başçısı haqqında olunan şıkayətlər ünvanına çatmadığından Pərvanə xanım mediaya üz tutur və poçtun gizlətdiyi müraciətləri ictimailəşdirməyə üstünlük verir. Axı icra başçısının tapşırığı ilə Gəncədən heç bir şikayət yuxarı instansiyalara çatmır və yoxa çıxır.

Qeyd edək ki, Pərvanə xanım yüngül sənaye və qida sahəsində çalışan sahibkar xanımdır. Xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvandakı 70 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi, 04 noyabr 2011-ci ildə Gəncə şəhər icra başçısı Elmar Vəliyevin tapşırığı ilə tamamilə dağıdılıb. Bu özbaşınalığa 5 ildir ki, məhkəmələrdə qiymət verilmir və araşdırılaraq güya baxılır. Lakin, Elmar Vəliyevin "qoçu”luq etdiyi Gəncədə yerləşən İnzibati İqtisad məhkəməsi və Gəncə Apelyasiya məhkəməsi Pərvanə xanımın haqlı iddisını təmin etməmiş və hətta hakim Zərbəli Zərbəliyev icra başçısına xoş gəlsin deyə qarşı tərəfi dinləmədən qərar qəbul etmişdir. Bu qanunsuz qərar Elmar Vəliyevin istəklərini özündə əks etdirməklə haqlı tərəfin hüquqlarını kobud şəkildə pozmuşdur. Lakin, Ali məhkəmə Gəncədə yerləşmədiyi üçün Elmar Vəliyevin və hakim Zərbəli Zərbəliyevin özbaşınalığına biganə qalmamış və Gəncə Apelyasiya məhkəməsinin qərarını ləğv etmişdir. Ali Məhkəmənin qərarı ilə iş yenidən baxılması üçün Gəncə Apelyasiya məhkəməsinə göndərilmişdir. İş hazırda Gəncə Apelyasiya məhkəməsinin hakimi Şamil Rzaquliyevin icraatındadır və bu gün məhkəmənin ilk iclası olacaq. Haqlı tərəf Pərvanə İsgəndərovanın istəyi – dəymiş ziyanın ödənilməsi və Cavadxan 34 ünvanında uçurulmuş mülkünün əvəzinə tikilən binada eyni öçüdə sahənin qaytarılmasıdır. Lakin, Pərvanə xanım Gəncədə Elmar Vəliyevin məhkəmə hakimlərinə təzyiqlər etdiyini qeyd edərək ədalətin bərqərar olacağına inanmır. O, redaksiyamız vasitəsilə ölkə başçısına müraciət edərək Gəncədə üzləşdiyi haqsızlığa son qoyulmasını istəyir.

Qeyd edim ki, Elmar Vəliyev Gəncədə məhkəmə hakimlərini təhqir etməklə və hədələməklə istəklərini zor gücü ilə həyata keçirməkdədir. Bu şəxs icra başçısı kimi vəzifə səlahiyyətlərini aşaraq qanunları ayaq altına alır və özünü Gəncənin "qoçu”su adlandırır. Insanların qanunu mülkünü əlindən alan icra başçısı bununla kifayətlənməyərək ölkənin hüquq-mühafizə orqanlarına və məhkəmələrə təzyiqlərini davam etdirir. Ölkə başçısının, "Məmurlar, icra başçıları qudurub. Unudurlar ki, onları mən təyin etmişəm və mən də işdən qovacağam. Ona görə xalqı incitməsinlər, vətəndaşların qayğısına qalsınlar” - kimi tapşırıq və tövsiyyələrinə məhəl qoymayan Elmar Vəliyev Respublikanın ikinci böyük şəhərində "at oynadır”.

Biz ümid edirik ki, Ali məhkəmənin ədalətsiz sayıb geri göndərdiyi qərarı Gəncə Apelyasiya məhkəməsinin hakimi Şamil müəllim ədalətli qərarı ilə təsdiqləyəcək. Zərbəli kimi "qulbeçələrin” Elmar Vəliyevə xoş gəlsin deyə qəbul etdiyi qərarlar bir daha təsdiqini tapmayacaq.

Haqlı tərəf Pərvanə İsgəndərovanın istəyi – dəymiş ziyanın ödənilməsi və Cavadxan 34 ünvanında uçurulmuş mülkünün YERINDƏ tikilən binada eyni öçüdə sahənin qaytarılmasıdır.

Qeyd etmək yerinə düşər ki, artıq Gəncədə bu kimi qanunsuzluqlara son qoyulmasının zamanı yetişib. Respublikanın ikinci böyük şəhərində etirazlara qanunsuz əməlləri ilə şərait yaradan Elmar Vəliyevə "dur” deməyin vaxtıdır. Əgər bu baş verməsə, Gəncədə Elmar Vəliyevin növbəti özbaşınalıqlarını gözləməyə uzun zaman gərək olmayacaq.

Geri qayıt