Əsas Səhifə > Cəmiyyət, Manşet > “Ofsayt”a düşən maliyyə qurumu
“Ofsayt”a düşən maliyyə qurumu2-05-2017, 11:40 |
Devalvasiyadan sonra maliyyə bazarında özünə yer tapa bilməyən, gördükləri işlər əslində boş imitasiyadan başqa bir şey olmayan 12 ( sonradan ParaBank BOKT kimi fəaliyyətini bərpa etdi) bankın lisenziyası ləğv edildi. Əslində banklar bağlananda insanlarda bir sevinc hissi yaşanır. Səbəbi məlumdur. Sanki qisas alırmış kimi oluruq. Çünki banklar həqiqətən də insanların başına çox oyun açıblar. Amma bank bağlananda yaşadığımız sevinc hissi bir neçə günlük olur. Əslində bankın bağlanması bankın "sahibi”ndən çox müştərilərinə zərər verir. 2016-cı ildə bağlanan 11 bankda hələ də külli miqdarda ödənilməyən əmanətlər var. Məlumatlara görə, əmanətləri banklarda qalan əsasən hüquqi şəxslərdir. Yəni, şirkət rəhbərləri. Biz də deyirik ki, sahibkarlıq niyə inkişaf etmir? Axı necə inkişaf etsin sahibkarlıq? Bank biznes krediti vermir, ölkədə azad ticarət yoxdur, xarici şirkətlər ölkəni tərk edir, yerdə qalanlar isə məlum şəxslərə (oxu: oliqarxlara, məmurlara) məxsusdur. Azərbaycan Mərkəzi Bankı isə sərt pul siyasəti aparmaqda israrlı görünür. Dövriyyədə olan manat kütləsini azaldır və bunun hesabına "sabit məzənnə" formalaşdırmağa çalışır. Amma Mərkəzi Bank özü "üzən məzənnə"yə keçidi rəsmən elan etmişdi. Bu da alınmadı. Əslində müstəqil ekspertlərin proqnozları ona görə çox vaxt doğru çıxır ki, maliyyə qurumlarının mahiyyətini anlayırlar. Nə isə... Demək istəyirəm ki, bu qədər problem var, hələ artmaqda da davam edir. Hökumət də bütün bu problemləri "həll" etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatası adlı bir nəzarətçi qurum yaradıb. Bu qurum yarananda hamı bir nəfər kimi deyirdi: Bu qurumun nəzarəti bank sistemini sağlamlaşdıracaq. Amma yenə də gözlənilənlər olmadı... Bu qurumun bu günə qədər aldığı bütün qərarlar necə deyərlər, ölkə iqtisadiyyatının başında "çatladı". Palata banklara özbaşına göstəriş verir, limit tətbiq edir, narazılıq yaranan kimi də günahı atır bankların boynuna ki, bəs, bizim göstərişi düzgün anlamayıblar. Güya ki, Palata özü verilən sərəncamları düzgün başa düşür ... Qeyri- Hökumət Təşkilatlarının rəhbərləri və jurnalistlərlə görüşən Palatanın rəhbəri nağdlaşdırmaya qoyulan 15 min manatlıq limitin az olduğu haqqında fikirlərə münasibət bildirərkən deyib ki, hər bir şəxs ayda 2 dəfə olmaq şərtilə banklarda olan əmanətinin 15 minə qədərini nağdlaşdıra bilər. Palatanın rəhbəri Rüfət Aslanlı bu məhdudiyyətin qanunvericilikdə nəzərədə tutulduğunu deyib. Rüfət Aslanlı deyib deməyinə, amma yenə “tutuzdura” bilməyib. Hörmətli Rüfət müəllim, qanunda yalnız “xərclərin nağdlaşdırılması” ilə bağlı limit tətbiq edilir. Qanunda nağdlaşdırmaya heç bir limit tətbiq edilmir. Bu limiti Palata olaraq siz tətbiq edirsiniz, həm də qanunsuz. Əslində burada Rüfət Aslanlının da heç bir günahı yoxdur. Bu qanunları oxuyub ona izah edənlərdi günahkar. Adına görə Maliyyə Bazarlarına Nəzarət Palatası bu gün üçün ən lazımlı, vacib qurumdur. Amma fəaliyyəti dönəmində hələ ki, “qol” vurduğunu görmədik. Palata ancaq “ofsayt”a düşməklə məşğuldur. Ofsaytdan vurulan qolların sayılması üçün isə Azərbaycan iqtisadiyyatı çox gözəl “stadiondur”. Və elə ancaq Azərbaycan futbolunda (oxu:iqtisadiyyatında) belə bir hücumçu (oxu:qurum) ola bilər. Cebhe.info Geri qayıt |