Əsas Səhifə > Cəmiyyət, Manşet > Sahil Babayev Qarabağ Qazisinə BUNU YAŞADIR...

Sahil Babayev Qarabağ Qazisinə BUNU YAŞADIR...


21-10-2021, 09:46
Sahil Babayev Qarabağ Qazisinə BUNU YAŞADIR...
“Müharibədə kontuziya almışdı. Boğazından da əməliyyat olunmuşdu. Xəstə-xəstə taksi sürürdü ki, evə beş manat pul gətirsin. Onda da nəqliyyat qoçuları döydülər, ayaqları ilə təpikləyərkən tikişləri söküldü, ağır zədə aldı“.

“Azərbaycan Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Qəzənfərqızı bu sözləri həyat yoldaşı İlham Səfixanlı haqqında deyir. 60 yaşlı İlham Səfixanlı illərdir yataq xəstəsidir. O, iki dəfə infarkt keçirib, ürəyinin bir neçə damarı tutulub, üstəlik, psixoloji problemləri var. Buna baxmayaraq, bu ilin iyunundan onun əlilliyi ləğv edilib.

Səfixanlıların iki övladı var, oğlu əqli inkişafdan geri qalıb, qızı isə autizmdən əziyyət çəkir. Ailənin yükü Çiçək Qəzənfərqızının üzərindədir.

Meydan TV-yə müraciət edən birlik rəhbəri deyib ki, hazırda nəinki həyat yoldaşının dərmanlarını ala bilir, hətta gündəlik çörək almaqda çətinlik çəkir:

“Əlillikdən imtinaya səbəb kimi əməliyyata ehtiyacı olduğu göstərilib. Amma heç bir həkim onu əməliyyat etmək istəmir. Çünki ağır şəkər xəstəsidir, sol ayağı deformasiya olub. Təsəvvür edin ki, adam illərdir əlil arabasına möhtacdır, iki əlil ağacı ilə güclə ayaqda durur. Təkrar müraciət etdik, evə gəlib baxdılar, fotosunu çəkdilər, videogörüntü apardılar. İndi isə heç bir cavab verilmir. DOST Mərkəzinə müraciət edəndə isə içəri buraxmadılar ki, vaksin olunmamısınız. Ona vaksin vurdurmaq olmaz. O vəziyyətə çatdırırlar ki, əl açıb dilənək”.

Çiçək xanım deyib ki, həyat yoldaşı Birinci Qarabağ müharibəsində iştirak edib, elə kontuziyanı da orada alıb:

“Nəqliyyat qoçuları döyəndən sonra vəziyyəti ağırlaşdı. Bunu təsdiq edən məhkəmə sənədlərləri də var. O vaxtdan ruhi xəstədi, əsəbləri yerində deyil, dispanserdə də qeydiyyatdadır. Hələ də boğazından çirk gəlir. Pensiyası yenicə artmışdı, cəmi iki ay 260 manat aldı. Deyirlər ki, 5 nömrəli xəstəxanaya gedib ürəyindən əməliyyat olunsun, sonra pensiya məsələsinə yenidən baxaq. Dərmanları necə alım, əməliyyatları hansı pulla etdirim? Heç olmasa əməliyyatı pulsuz etsinlər”.

Qəzənfərqızı deyib ki, pensiyası kəsilən hər kəsi xəstəxanaya göndərirlər:

“Guya müalicə olunub, sağalma ehtimalı var. Bir baxan yoxdur ki, xəstələr hansı dərmanlarla təmin olunur. Milli Məclisə yazmışam. İki dəfə xəstəxanaya göndəriblər. Qapıdan girən kimi 80 manatımı aldılar. Xəstəxanada “Papaverin”, “Dibazol”, bir də yuxu dərmanları təyin edirlər. Belə müalicə olmur”.

Şikayətçi bildirib ki, iki övladı var, hər ikisi əlildir:

“Onsuz da həyat yoldaşımın pensiyası siqaretinə, xırda-para xərclərinə güclə çatır. Dərmanlarını çatdırıb ala bilmirəm. İndi payız müalicələrinə başlanmalıdır. Bir evdə üç əlilə baxmağın çətinliyini yalnız onu yaşayanlar bilir. Gecə-gündüz Allahdan möhlət istəyirəm, yoxsa bunlar kimin ümidinə qalar, necə yaşayarlar?”

Meydan TV şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənə bilməyib. Nazirliyin mətbuat xidmətinə ünvanlanmış yazılı sorğuya cavab verilməyib.


Geri qayıt