Əsas Səhifə > Cəmiyyət, Manşet > Komitə sədrinin əmisi oğlunun təhdidlərindən sonra ölkədən qaçan vətəndaşın ümidi dövlət başçısınadır
Komitə sədrinin əmisi oğlunun təhdidlərindən sonra ölkədən qaçan vətəndaşın ümidi dövlət başçısınadır11-03-2015, 12:06 |
Redaksiyamıza daxil olan məlumatlarda vətəndaşların bu və ya digər məmurun özbaşınalıqlarından əziyyət çəkmələrinə, bu xüsusda qəzetimiz vasitəsilə yuxarı instansiyaların diqqətini problemə cəlb etməyimizə dair xahişlərə tez-tez rast gəlirik. Lakin bu günlərdə redaksiyamıza daxil olmuş müraciət bizi həqiqətən də böyük çaşqınlıq içərisinə salmış oldu. İlk növbədə xüsusi olaraq belə bir məqamı vurğulamaq istəyirik ki, bu dəfə məmur özbaşınalığından şikayətçi düşən vətəndaş, özünə və ailəsinə qarşı olan həyati təhdidlər qarşısında artıq ölkəni tərk etməyə məcbur olmuşdur.İndi isə qəzetimiz vasitəsilə ölkə prezidentindən kömək istəyən soydaşımız, Azərbaycana dönmək üçün problemin həll olunmasını və həyatının təhlükədə olmayacağına dair müvafiq orqanlar tərəfindən təminat verilməsini xahiş edir. Əlbəttə ki, məsələnin son dərəcə ciddi durumda olduğunu nəzərə alaraq, biz də bu problemə müvafiq instansiyaların diqqətini cəlb etmək üçün əlimizdən gələni etməyə hazırıq. Beləliklə, redaksiyamıza müraciət edən şəxs Cəlilabad rayonu, Günəşli kənd sakini Bağırov Firdovsi Cavanşir oğludur. Onun şikayət etdiyi məmur isə bir müddət əvvəl Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsində Texniki şöbənin rəisi vəzifəsində işləmiş Şirməmməd Həsənovdur. Öz müraciətində Firdovsi Bağırov bildirir ki, onun Şirməmməd Həsənovla bağlantıları sırf iş əsasında olmuşdur. Elə bu zəmində də aralarında az qala düşmənçiliyə çevrilmiş problem yaranmışdır. Firdovsi Bağırovun sözlərinə görə bir müddət əvvəl, Ş.Həsənov bir neçə mülkün özəlləşdirilməsi səbəbilə ondan 150 min manata yaxın məbləğdə pul almışdır. Lakin aradan kifayət qədər müddət keçməsinə baxmayaraq, məmur özəlləşdirməyə dair müvafiq sənədləri təqdim etməmişdir. Daha bir müddət sonra isə Firdovsi Bağırov işin artıq alınmayacağına əmin olaraq, verdiyi pulları geri istəmişdir. Lakin Şirməmməd Həsənov bu tələbə də əməl etməmiş, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Amma bu vəziyyət də çox davam etməmişdir. Belə ki, qarşı tərəfin arxasız olduğuna əmin olan Şirməmməd Həsənov, növbəti dəfə ona müraciət olunan zaman söhbətin tərzini tamamilə dəyişmişdir. Firdovsi Bağırovun bu dəfə eşitdikləri artıq bəhanə və vədlər deyil, əksinə hədə və təhdidlər olmuşdur. Hətta iş o yerə gəlib çatmışdır ki, Şirməmməd Həsənov Firdovsi Bağırovdan ölkəni tərk etməyi tələb etmiş, əks halda isə onun ailə üzvlərindən birini qaçıracağını bildirmiş və lazım gələrsə həmin adamın həyatına son qoyacağını belə bəyan etməkdən çəkinməmişdir. Bu iddialar öz əksini Firdovsi Bağırovun müraciətində tapsa da, onun hal-hazırda ölkədən kənarda yaşaması ittihamlarının təsdiqinə xidmət edir. Hər halda, Azərbaycana qayıtmaq üçün təhlükəsizliyinə təminat istəyən insanın bu addımı atmaq üçün ciddi əsasları olmalıdır.Həmçinin öz müraciətində Firdovsi Bağırov Şirməmməd Həsənovun artıq işdən çıxmasına baxmayaraq, bu məsələyə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müdaxilə etməsini xahiş edir. Məsələ bundadır ki, vətəndaşın ölkədən qaçmasına səbəb olmuş Şirməmməd Həsənov ƏMDK sədrinin əmisi oğludur. Bu səbəbdən də Firdovsi Bağırov Kərəm Həsənovun bu problemin həllində son sözü deyə biləcəyinə çox ümid bağladığını vurğulayır. P.S. Yeri gəlmişkən, Firdovsi Bağırovun təqdim etdiyi açıqlamalarda, Şirməmməd Həsənovun işdən çıxmazdan az müddət əvvəl Musa adlı bir vasitəçini 7 miyon manat vəsaitlə bir yerdə “itirməsinə” dair dedikləri diqqətimizi xüsusilə cəlb etdi. Növbəti saylarımızda bu barədə daha ətraflı məlumatları sizlərə də təqdim edəcəyik. \\ bizimdovr.az \\ Geri qayıt |