Əsas Səhifə > Cəmiyyət, Manşet > Beynəlxalq Bankın keçmiş sədrinin adı yenidən gündəmdə!
Beynəlxalq Bankın keçmiş sədrinin adı yenidən gündəmdə!6-08-2015, 11:45 |
Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin adı yenidən gündəmə gəlib. Ortaya atılan iddialara inansaq, Hacıyev kəskin şəkildə kasıblayıb. Elə bunun nəticəsidir ki, Beynəlxalq Bankın sabiq rəhbərinin maliyyələşdirdiyi Bakının "İnter" klubu haqqında söz-söhbətlər bitmək bilmir. Gah deyirlər oyunçular məşqə çıxmaqdan imtina edir, gah da deyirlər klub yeni mövsümdən Milli çempionata qatılmayacaq. Son məlumatlar isə Cahangir Hacıyevin klubunun dağılmaq təhlükəsində qaldığını düşünmək üçün ciddi əsaslar yaradır. İş o yerə çatıb ki, Avroliqa qarşılaşmaları çərçivəsində səfər oyunlarına AFFA-nın maliyyə yardımıyla yollanan klubda futbolçuların bir neçə aydı maaş ala bilmədiyi və məhz bu səbəbdən İspaniya təmsilçisi "Atletik"lə Bakıdakı cavab oyunundan öncə meydana çıxmaqdan imtina etdikləri barədə məlumat yayılıb. Məsələylə bağlı "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov danışıb və yayılan xəbərləri yalan adlandırıb: "Bu tamamilə yalan məlumatdı. Belə bir şey yoxdu. Komandanın sponsoru var. Sadəcə bəzi maliyyə məsələlərini dəqiqləşdirmək lazımdı. Klub prezidenti Georgi Nikolov artıq futbolçularla görüşüb. Yəqin ki, ya bu gün (dünən - red.), ya da sabah (bu gün - red.) futbolçular maaşlarını alacaqlar. Hələ "Laçi"ylə oyundan öncə futbolçulara iyun ayının maaşları verilmişdi. Həmin aydan qalan qalıqlar və iyul ayının maaşı isə oyundan öncə veriləcək." Bununla belə o da maraqlıdır ki, klub sözçüsü Beynəlxalq Bankın sabiq prezidentinin maliyyələşdirdiyi klubun pulsuzluqdan əziyyət çəkdiyini təsdiqləyib: "İndi bizdə problem maliyyədədir, yəni sabitlik yoxdur. Amma düzələcək. Rəhbərlik - Georgi Nikolov şəxsən özü futbolçularla görüşüb. Komandanın dağılması da boş söhbətdir". Cahangir Hacıyevin bu sezonku Avropa kuboklarına uğurla start verən klubunu maliyyə sarıdan təmin etməyə çətinlik çəkməsi şübhəsiz ki, diqqətçəkici faktdır. Bu Beynəlxalq Bankın sabiq rəhbərinin pul sarıdan ciddi çətinliklər yaşadığını göstərir. Halbuki Hacıyev ölkənin ən imkanlı şəxslərindən biri hesab olunur. Elə bu səbəbdən onun indi bir futbol klubunu Azərbaycan şərtlərinə uyğun şəkildə maliyyələşdirə bilməməsi düşündürücüdür. Ehtimal etmək olar ki, gözlənilmədən Beynəlxalq Bank rəhbərliyindən kənarlaşdırılan, daha sonra isə bu bankın ümumi məbləği milyardlarla manat göstərilən şübhəli, problemli kredit əməliyyatlarına görə ciddi başağrısı yaşayan, hətta həbs təhlükəsi ilə üzləşdiyinə dair önəmli iddialar səsləndirilən Cahangir Hacıyev maddi baxımdan xeyli çökdürülüb. Məhz bunun nəticəsində artıq onun öz klubunu maliyyələşdirəcək gücü qalmadığını söyləmək xeyli ağlabatan görünür. Ümumiyyətlə, "İnter" ətrafında bundan sonra cərəyan edəcək proseslər həm də Cahangir Hacıyevin maliyyə və digər mövqelərinin necə olduğuna aydınlıq gətirəcək. Onu da deyək ki, hələ iyunda yayılan məlumatlara görə, Hacıyevin maliyyələşdirdiyi başqa bir klubun - "Simurq"un adının dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Məlumatlarda bildirilirdi ki, Beynəlxalq Bankın sabiq rəhbərinin Zaqataladakı klubunun 22 milyon dollar borcu var və böhranlı komandaya sponsorluq etmək istəyən yoxdur. "Eyni proses keçmiş bankirin "İnter" komandasında da yaranıb. Paytaxt komandasının adı dəyişdirilə bilər. Klubun ayağında 38 milyon dollar borc var. AFFA isə "Turan"ın borclarını "Turan T" adı ilə sildiyi kimi, indi də "Simurq" və "İnter"in adını dəyişərək klubları bu borclardan xilas edə bilər. Məlumatda qeyd olunur ki, bu istiqamətdə danışıqlar gedir və komandanın adının dəyişməsi istisna deyil" - bunu da o vaxt ölkənin idman mediası bildirirdi. Bu da göstərir ki, Cahangir Hacıyevin kəskin pul böhranı ilə üzləşməsi xəbəri əslində yeni olmamaqla bərabər, həm də kifayət qədər ciddidir. Geri qayıt |