Əsas Səhifə > Cəmiyyət, Manşet > Tibb müəssisəsi ilə bağlı hakim partiyaya müraciət olundu
Tibb müəssisəsi ilə bağlı hakim partiyaya müraciət olundu10-09-2015, 12:11 |
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı 21 iyul 1993-cü ildə təsis olunmuşdur. Əminliklə demək olar ki, bu gün öz sıralarında 120 ilk təşkilatı və 9246 nəfər üzvü birləşdirən YAP Sabunçu rayon təşkilatı sözün əsil mənasında rayonun ictimai-siyasi həyatının aparıcı qüvvəsi, sakinlərin mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir. Bununla belə, etiraf etmək lazımdır ki, bəzi məmurlar Ulu Öndərimizin müqəddəs yadigarı olan Yeni Azərbaycan Partiyasının sıralarında olmaq şərəfini də yalnız öz şəxsi mənafeyləri baxımından dəyərləndirməyə çalışırlar. Təəssüflər olsun ki, bəzən belələri hətta partiya sıralarında müəyyən məsul vəzifələr də tutmağa nail olurlar.Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovanın öz fəaliyyətində yol verdiyi saxtakarlıq hallarına dair konkret faktlar təqdim olunmaqdadır. Qeyd etmək istərdik ki, Ramidə İbrahimova həm də Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı şurasının üzvü, Qadınlar şurasının sədridir. Düşünmək olardı ki, Azərbaycan xalqının ən qabaqcıl oğul və qızlarını öz sıralarında birləşdirən, ölkəmizdə cərəyan edən ən mütərəqqi proseslərin hər zaman önündə gedən partiya tərəfindən göstərilən bu yüksək etimad, hər kəs kimi Ramidə İbrahimovanı da fədakarlığa, ictimai maraqlar naminə daha səmərəli fəaliyyətə sövq etməlidir. Lakin əldə etdiyimiz məlumatlarda, bütün bunların baş həkim üçün sadəcə bir şüar olduğu vurğulanır. Bu xüsusda açıqlama verən mənbələr baş həkim Ramidə İbrahimovanın rəhbərlik etdiyi 36 saylı poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirirlər. İlk növbədə qeyd olunur ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin ödənişsiz olması ölkə qanunları ilə nəzərdə tutulduğu halda, xəstələr burada baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Pul verməyən xəstələr isə, nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. 36 saylı poliklinikada bu gün yaranmış vəziyyətdən şikayətlənən digər qəsəbə sakini isə həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edir. Bu xüsusda məlumatlarda vurğulanır ki, 36 saylı poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. İddia olunur ki, poliklinikada müəyyən edilmiş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur. Hətta müəyyən maxinasiyalar vasitəsilə arayışların köhnə tarixlə qeydiyyatına nail olmaq mümkündür. Təbii ki, bu zaman ödənilən məbləğ bir neçə dəfə artıq olacaq. Digər tərəfdən isə, pul ödəmədikdə, bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüzdür. Daxil olan digər bir məlumatda isə 36 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, baş həkim Ramidə İbrahimova bu tibb müəssisəsinin kadrlar üzrə mütəxəssisi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə, bu “işçilərin” əməkhaqlarını mənimsəyirlər. Belə ki, həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına 70-80 manat pul yazaraq saxta imzalarla məvacibləri, o cümlədən onların adına yazılan yardım və mükafat pullarını da mənimsəyərək dövlətə külli miqdarda ziyan vururlar... Qeyd edək ki, bütün bu neqativ hallar barədə aldığımız məlumatları artıq bir neçə qəzetimizdə dərc etsək də, indiyədək nə Səhiyyə Nazirliyinin, nə də digər aidiyyatı olan qurumların diqqətini problemə cəlb edə bilməmişik. Ümid edirik ki, YAP Sabunçu rayon təşkilatı yaranmış vəziyyəti nəzarətə götürməklə, bütün bu halların araşdırılması istiqamətində lazımi təbirləri görəcəkdir. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |