Əsas Səhifə > Cəmiyyət, Manşet > Böyük yeyintidə ittiham olunan rektor özünə yığışmayıb...

Böyük yeyintidə ittiham olunan rektor özünə yığışmayıb...


29-09-2015, 11:04
Böyük yeyintidə ittiham olunan rektor özünə yığışmayıb...
Məlum olduğu kimi, 2013-cü ildən etibarən Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinə Akif Süleymanov rəhbərlik edir. Təbii ki, ölkəmizdə təhsil sahəsində həyata keçirilən əsaslı islahatlar fonunda bu təyinatın da sözügedən ali təhsil ocağının fəaliyyətinə yeni dinamika gətirəcəyi gözlənilirdi. Lakin aradan keçən keçən iki il ərzində Texnologiya Universitetinin fəaliyyəti ölkə mətbuatında dərc olunan materiallarda yalnız neqativ qiymətləndirmə ilə diqqəti cəlb etmiş oldu. Həmçinin qəzetimizdə dərc etdiyimiz yazılarda da qeyd olunmuşdu ki, daxil olan məlumatlarda Texnologiya Universitetində baş verən korrupsiya hallarının son vaxtlar daha da intensivləşdiyi vurğulanır. Universitet daxilində olan mənbələr iddia edirlər ki, bu ali tədris müəssisəsi tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə, bəlkə də bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Müxtəlif instansiyalara müraciət edən tələbələrin iddialarına görə universitetdə pul yığımları üçün ən müxtəlif səbəb və bəhanələr irəli sürülür. Əlbəttə ki, ön planda hər zaman olduğu kimi sessiya imtahanlarıdır. Məlumatlara görə, burada bir imtahanın qiyməti, fənnindən asılı olaraq, 100-200 manat civarında müəyyənləşdirilib. Daha sonra məlumatlarda bildirilir ki, hazırda Texnologiya Universitetində dərslərə davamiyyət də olduqca aşağı səviyyədədir. Səbəb isə budur ki, Akif Süleymanov tələbələrin böyük bir hissəsini 200-250 manata “aylığa” buraxır. Lakin son vaxtlar tələbələri istehsalat təcrübəsindən azad etmək üçün təyin olunmuş qiymətlər də kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Redaksiyamıza müraciət edən universitet tələbələri bildirirlər ki, rektor universitetdə bu sahədə də əməlli-başlı bazar açıb. Təqdim olunan açıqlamalarda universitetdə yaşanan daha bir ciddi problemin də işə qəbul məsələləri ilə bağlı olduğu bildirilirdi: “Rektor Akif Süleymanov 2015-ci ilin əvvəlindən aprel ayına kimi rüşvət alaraq universitetə 20-dən çox işçi götürüb. 2013-2014-cü illərin iyun-iyul aylarında isə, 50 nəfərdən çox əməkdaşı əsassız yerə işdən azad edən rektor, onların yerinə isə ixtisası uyğun olmayan digər şəxsləri rüşvət müqabilində işə götürüb...” Digər tərəfdən isə, daxil olan məlumatlarda Akif Süleymanov tərəfindən rəhbərlik etdiyi ali təhsil müəssisəsində külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə də yol verildiyi bildirilir. Maraqlıdır ki, hələ aprel ayının ortalarında Maliyyə Nazirliyi tərəfindən Texnologiya Universitetində aparılan yoxlamalar nəticəsində 500 min manatdan çox məbləğdə mənimsəmə faktının aşkarlandığına dair məlumatlar yayılmışdı. Məlumatlarda deyilirdi: “Maliyyə Nazirliyinin xüsusi komissiyası universitetin maliyyə və təsərrüfat şöbəsində araşdırmalar aparıb. Fevral ayında başlayan yoxlama bu günə kimi davam edir. Deyilənə görə, yoxlama zamanı 500 min manatdan çox yeyinti aşkarlanıb. Bu pul yeyintisi daha çox təsərrüfat şöbəsində üzə çıxarılıb. Komissiyanın baş inspektoru və komissiyanın sədri Mayis müəllim rektora bildirəndə ki, iş protokollaşıb Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək universitet rəhbəri bir neçə gün fikirləşdikdən sonra başqa qərara gəlib. O, Mayis müəllimə müəyyən təkliflərdə bulunaraq yaranmış problemi çözmək istəyib. Amma qarşı tərəf onun təklifini qəbul etməyib...” Bununla belə, sonradan aşakarlanmış yeyinti faktı ətrafında qalmaqal yatırıldı. Yoxlamanın nəticələri barədə isə, nə təkzib, nə də təsdiq edici məlumatlar verilmədi. Bundan bir müddət sonra isə, məlumatlarda Akif Süleymanov tərəfindən törədilən növbəti korrupsiya əməlinin üstü açıldı. Yayımlanan məlumatlara görə, tələbələrin adına saxta təqaüd kartları açan rektor məsələnin üstü açılandan sonra qaçmışdı. Həmçinin korrupsiya ilə bağlı baş verənləri mətbuata verdiyi açıqlamada universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləmişdi. Rövşən Əliyevin verdiyi məlumata görə, Maliyyə Nazirliyinin “təftiş komissiyası” aparılan yoxlamalar zamanı bir çox nöqsanlar aşkarlamışdı. Bu nöqsanlardanbiri də bu olub ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq “Kapital bank”ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib. Lakin artıq avqust ayında Akif Süleymanov heç bir şey baş verməyibmiş kimi, yenidən universitetə qayıtdı və hətta ona ittihamlara özünə sərf edən şəkildə cavab vermək imkanı da yaradıldı. Bundan sonra isə Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirildi. Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunaraq, Təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçiləri vəzifədən azad olundular. Akif Süleymanov isə, bütün bu törətdikləri əməllərin müqabilində sadəcə töhmətlə yaxasını cəzadan qurtarmış oldu. Elə nazirliyin rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasla da bütün söz-söhbətlərə son qoyuldu. Belə qənaətə gəlmək olur ki, Texnologiya Universitetinin rəhbəri həyata keçirdiyi korrupsiya əməllərindən əldə etdiyi gəlirləri tək xərcləməyib. Məhz bu səbəbdən həmin şəxslər rektorun postunu qorumasında yaxından yardımçı olublar...

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.


Geri qayıt