Əsas Səhifə > Cəmiyyət, Manşet > Burası ayrı aləmdir, buranın öz qanunları var...

Burası ayrı aləmdir, buranın öz qanunları var...


11-12-2015, 11:32
Burası ayrı aləmdir, buranın öz qanunları var...
Son illər ölkənin bank sistemində vəziyyət qənaətbəxş hesab olunmur. Artıq ölkədə bir neçə bankın filialının bağlanması onu göstərdi ki, ölkənin bank sektorunda vəziyyət olduqca bərbaddır. Artıq insanlar banklara etibar belə etmirlər. Çünki daha bir neçə bankın bağlanacağı ilə bağlı ehtimallar səslənməkdədir. Ona görə də bu gün banklarda əmanətləri olan müştəriləri bankların mövcud durumu daha çox düşündürür. Bundan başqa manatın devalvasiyasından sonra banklara kredit borcu olan insanların durumu daha da ağırlaşdı. Belə ki, banklardan dollar krediti götürən müştərilər dolların bahalaşmasından sonra banka götürdüyündən artıq vəsait ödəməli oldu. Yəni manatın devalvasiyası müştəriləri çətin duruma saldı. Nəzərə alaq ki, bu gün insanların demək olar ki, yarıdan çoxunun banklara borcu var. İnsanlar banklardan asılı vəziyyətdə qalıblar. Düzdür, insanlar bankdan kredit götürüb hansısa işlərini yoluna qoyurlar. Lakin bankdan kredit götürməklə insanlar özlərinə əlavə problemlər yaradırlar. Bəzən tələbatlarını ödəmək üçün götürülən pullar müştərilərə baha başa gəlir. Çox zaman müştərilər müəyyən səbəblərdən ödənişi vaxtlı-vaxtında edə bilmirlər. Bu da bankla müştəri arasında narazılığın artmasına səbəb olur. Əslində bu vəziyyət banklara da sərf etmir. Çünki banklar da istəyər ki, onlardan götürülən kreditlər vaxtlı-vaxtında müştərilər tərəfindən ödənilsin. Ümumiyyətlə, digər ölkələrlə müqayisədə bizim ölkədə fəaliyyət göstərən bankların kredit faizləri həddindən artıq yüksəkdir. Bu səbəbdən də insanlar götürdükləri kreditləri vaxtında ödəyə bilmirlər. Hətta kredit borcuna görə intihar edən şəxslər də az deyil. Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank sistemi (birinci pillədə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ikinci pillədə kommersiya bankları və bank olmayan kredit təşkilatları) fəaliyyət göstərir. Lakin qeyd etmək lazımdır ki, bu gün ölkəmizin bank sektorunda problemlər bitib-tükənmək bilmir. Kreditlərin faiz dərəcələrinin yüksək olması bir yana, digər tərəfdən də vətəndaşları get-gələ salırlar. Bəzi banklar əmanətçilərin pulunu müxtəlif müəmmalı əməliyyatlarla ələ keçirir və ya əmanətçilər pullarını geri götürmək istəyəndə yubanma halları ilə qarşılaşırlar. Belə banklardan biri də "Accessbank"dır. Bu bankın fəaliyyətindəki nöqsanlarla bağlı redaksiyamıza tez-tez şikayətlər daxil olmaqdadır. Sözügedən bankın əksər filiallarında müştərilərin hüquqlarını pozurlar, get-gələ salırlar. Ona görə də "Accessbank"-ın fəaliyyətindən narazı olanların sayı durmadan artır. Bankın işçiləri müştərilərə yardım etmək əvəzinə onları çətinliyə salırlar. Mənbə bildirir ki, kredit götürmək istəyən şəxslərə şərtlər düzgün başa salınmır. Müştəri isə başa düşdü-düşmədi kortəbii şəkildə kreditini alıb gedir. Lakin sonradan nə qədər artıq pul ödədiyini görür və artıq iş işdən keçmiş olur. Şikayətçilər bildirirlər ki, sözügedən bankın işçiləri müştərilərlə kobud rəftar edirlər. Müştərilərlə elə davranırlar ki, sanki müştərinin bunlara borcu var. Xüsusilə də kredit götürmək üçün banka yaxınlaşan müştərilərə yuxarıdan aşağı baxırlar. Mənbə bildirir ki, "Accessbank"ın işçiləri etik qaydalara əməl etmədiklərinə görə bank kifayət qədər müştərisini itirib. Bundan başqa, sözügedən bankın kredit faizləri həddindən artıq yüksəkdir. Ona görə də vətəndaşlar bu bankdan kredit götürməyə risk etmirlər. Lakin məcburiyyət qarşısında qalıb sözügedən bankdan kredit götürənlər də az deyil.

Geri qayıt