Əsas Səhifə > Cəmiyyət, Manşet > "Deputat kimlərləsə danışıb ki, sürücüləri bərk sıxın, 40-50 milyon hazırdır?!"

"Deputat kimlərləsə danışıb ki, sürücüləri bərk sıxın, 40-50 milyon hazırdır?!"


6-01-2016, 11:04
"Deputat kimlərləsə danışıb ki, sürücüləri bərk sıxın, 40-50 milyon hazırdır?!"
...Hamı bilir ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutusu, yanğınsöndürən balon və qəza-duracaq nişanı olmalıdır.
Açığı, bəzən lazım olan ən vacibi bir kənara qoyub elə də vacib olmayan, sadəcə, kimlərəsə sərf etməyən işin qulpundan yapışmaq şakəri cəmiyyətdə allergiya yaradır... Bunlardan biri də sürücülərdən “Yol hərəkəti haqqında” qanunun tələblərini tələb etməkdir.

Bəli, qanun hamı üçündür... Həm də təkcə sürücülər, yəni qaz kimi yolunmağa hazır zümrə üçün də. Amma niyə daha çox məhz sürücülərin qanuna mütləq riayət etməsi önə çəkilir və qabardılır? Bunu ona görə xüsusi hal kimi yazmıram ki, mən də sürücüyəm. Sadəcə, son illər sürücülərə qarşı qanun bəhanəsi ilə səlib yürüşü edilməsini qəbul etmirəm. Təbii ki, heç kim istəməz ki, qayda pozsun. Amma Azərbaycanın yollarındakı vəziyyət elədir ki, bilmədən, özündən asılı olmayaraq, məcburən tələyə salınırsan. Zarafat olmasın, Azərbaycanda tələ istehsal edən zavod da tikilsə, pis olmaz. Məsələn, manat tələsi, kredit tələsi, radar tələsi, sürət həddi tələsi... o qədərdir ki! "Sürət" demişkən, hətta olduqca səbrli olan cənab nazir Ramil Usubovun da xidməti maşını Bakı-Qazax avtomobil yolu ilə Gəncəyə kimi getsə, mütləq 10 dəfə radara düşəcək. Niyə? Deyim: Hacıqabulu keçən kimi, sanki "QAİ"lərlə sözləşmiş bir "KamAZ" düşür yola. Sən də bu yük maşınının ardınca. Səbrin gərək daşdan yox eyy, qranitdən olsun ki, sona kimi onun arxasınca sürünəsən, sənin də arxanca 50-100 maşın... Kürdəmirə kimi yolun ortası ya qoşa, ya da tək ağ xətlı rənglənib. Üstəlik, hər addımda 60 km sürət. Ucardan Yevlaxa kimi də elədir. Ya dəmir əsbli olmalısan, ya da bekar-behdin ki, Bakıdan Bərdəyə 18 saata getməyi nəzərdə tutasan. Bax sürücülərin bu dərdini heç kim başa düşmək istəmir. Yaxşı, bir sutkaya yol gedərlər? Bu nəyə və kimə lazımdır? Cənab Prezident hər dəfə bəyan edir ki, Azərbaycan sürətlə irəliləyir, o biri tərəfdən də DYP əməkdaşları qanunu əsas tutub deyirlər ki, yavaş getməliyik. Nədir, onlar Prezidentin iradəsinin əleyhinə getmək istəyirlər? Məsələ ondadır ki, biz yavaş gedə-gedə yavaşımağa vərdiş edirik... Bu qanunu yazanı həmin o adamı "KamAZ"a mindirib Lənkərana yola salasan, bilə ki, yavaş getmək bizə neçəyə başa gəlir...

Yanğın söndürmə tələsi...

Son günlər illər boyu yada düşməyən "oqnetuşitel" gündəmə gəlib... Dünən "Təzadlar"ın elektron poçtuna daxil olan bir şikayət məni bu mövzuya müdaxilə etməyə həvəsləndirdi. Azərbaycanda məşhur bir atalar sözü var: "Hər işimiz düzəlmişdi, qalmışdı saqqal darağımız!". Çörəyi az qala borca alan (hər yerdə 50 qəpik olub, 25 faiz bahalaşma) sürücüyə tələb qoyurlar ki, yanğınsöndürən al! Ay qadanızı alım, onsuz da indi hamının dollar əlindən sinəsi yanıb-yaxılır. Bəs onu nə ilə söndürək???

Nə isə, hörmətli Vaqif Əsədov deməsəydi, "QAİ"lər sürücülərin dərisini hinduşka kimi yavaş-yavaş soymağa hazır idilər... Amma o biri tərəfdən, tələbdir ki, balon almalısan, qanun tələb edir! Qanun elə şey tələb edir ki, onu heç kim eləmir, amma sürücülərə gələndə mütləq olmalıdır! Niyə? Ona görə ki, Azərbaycanda insanlar o qədər üzüyumşaqdır ki... Məsələn, onun torpağını əlindən almaq, Şuşasında, Ağdamında... kef çəkmək olar, dinməz! Cərimələ, susar! 25 ildir Qarabağı erməniyə verib, dinmir... Biz beləyik. Bizi həm də cərimələmək çox asandır. Biz cərimə verməyə də hazırıq. Pardon, biz həm də cərimə almağa ikiəlli hazırıq, qanunu gözə də soxa bilənik. Amma torpağı geri almaqda qanun-zad bilmirik. Amma öz aramızdır, həqiqətən də torpaqları (mən bələdiyyələrin qanunsuz satdığı torpağı demirəm) geri almaq üçün qanun-qayda yox, qeyrət, təpər lazımdır!

Deyəsən mövzudan uzaqlaşdım... Azərbaycanda 1.200.000 avtomobil var. Yanğınsöndürən balonları isə Azərbaycanda "Kaspian-Yıldız" adlı türk-Azərbaycan şirkəti istehsal edir. Öz payına, xalasına lənət, indiyədək bu balonlarla yanan CİP-in söndürüldüyünü görənin! Hətta bizim "JİQULİ"liləri FHN-nin iki-üç yanğınsöndürəni də söndürə bilməyir. ANS-in kriminal verilişlər arxivini çözəndə görəcəksiniz...

Beləliklə, orta məktəbdə hesab dərsindən 3 alanlar buyursun: bir balon 35-50 manat arası satılır. Onu vurun 1200000 ədəd avtomobilə. Lap 1 milyona vurun. Nə qədər elədi: 35-50 milyon manat!

Bu hələ harasıdır, apteçkaları isə deyilənə görə, 20 manata satırlar (Səhiyyə Nazirimizin tələbini nəzərə alsaq, 100 manatı keçir). Bu da edir orta hesabla 20 milyon manat! Nəzərə alın ki, yanğınsöndürən balonlar iki ildən bir təzələnməlidir! Dərmanlar da elə...

Gəlirəm mətləbə: şikayətçi sürücünün redaksiyamıza göndərdiyi şikayətindən də məlum olur ki, "Kaspian-Yıldız"ın sahibi, millət vəkili İqbal Məmmədovdur... (İkinci beşilliyə deputat olub). Belə çıxır ki, İqbal Məmmədov kimlərləsə danışıb ki, sürücüləri bərk sıxın, 40-50 milyon hazırdır?!

İnanın, bu millət o qədər səbrlidir ki, nə qədər sıxsanız, bir o qədər pul çıxasıdır, amma mollanın məşhur məsəlini də unutmaq olmaz.

Sonda: bu sözümü isə qətiyyən qəribçiliyə salmayın: 3-5 ay əvvəl metroda, yolda kök, toppuş adamlara çox rast gəlmək olardı, dollar qalxandan və manat "mozqotryoseniye" alandan küçələrdə arıq-uruq, sifəti solan, üz-gözündən zəhrimar yağan adamların sayı daha çoxdur... Hələ onların kefsiz, fikirli olmasını demirəm...

P.S.Kaş, ürəyimizdəki Qarabağ, Göycə, Zəngəzur... alovunu da söndürən bir "Oqnetuşitel" istehsal edəydi deputatımız İqbal Məmmədov...

Asif MƏRZİLİ

Geri qayıt