Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyatı üçün təhlükənin hələ də qaldığını bildirib.
Rusiya prezidenti seçki kampaniyası zamanı Trampa qarşı göstərilən qeyri-sivil mübarizə üsullarına görə qəzəbləndiyini deyib. Putin Trampa görə narahat olduğunu, həmçinin yeni prezidentin ailə üzvləri üçün də təhlükənin qaldığını qeyd edib.
ABŞ-ın yeni seçilmiş prezidenti aradan götürülə bilər? Putinin çıxışı Tramp üçün xəbərdarlıqdır?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, qlobal sistemin əsas aktorlarının, xüsusilə də ABŞ kimi güc mərkəzlərindən birinin liderlərinin həyatına təhdidlər hər zaman olub:
“Hətta tarixin fərqli mərhələlərində prezidentlərə qarşı sui-qəsdlər onların ölümü ilə nəticələnib. İstisnasız olaraq qeyd etmək lazımdır ki, qətlə yetirilən prezidentlər atdıqları önəmli addımlarla tarixə adlarını yazmış insanlar olub. Məsələn, sui-qəsd nəticəsində öldürülən ABŞ-ın 16-cı prezidenti Abraham Linkolnun dövründə köləlik ləğv edilib”.
Politoloqun sözlərinə görə, Tramp da qlobal sistemdə dəyişiklik yaradacaq önəmli addımlar atacağını iddia edən liderdir.
“Seçkiqabağı kampaniyası dövründə artıq ona qarşı sui-qəsd cəhdinin olması və kifayət qədər qalmaqallı çıxışları bu ehtimalı hər zaman gündəmə gətirə bilər. Təbii ki, Vladimir Putin kimi təcrübəli bir siyasətçi belə bir fikri səbəbsiz olaraq səsləndirməz. Amma onu da unutmamaq lazımdır ki, ABŞ Rusiya üçün əsas rəqib dövlətlər sırasında ilk yerdədir. Deməli, bu bəyanat Trampın diqqətini daha çox daxili təhdidlərə yönləndirmək məqsədi də daşıya bilər”.