Hakimiyyət parlament seçkilərinə qədər hansı məmurlarla yollarını ayırmağı planlayır? - SİYAHI
Tarix: 29-05-2014, 14:49 |
Çap et
DİA.AZ: - Redaksiyamıza 2015-ci ilə qədər Azərbaycanda hökumətə ediləcək bir sıra dəyişikliklərlə bağlı məlumatlar daxil olub. Məlumatlı mənbənin DİA.AZ-a verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 2013-cü ilin 22 oktyabr tarixində təsdiqlənən heyətinə bu ilin sonlarına qədər ciddi şəkildə əl gəzdiriləcək.
Mənbənin iddialarına görə, baş nazir Artur Rəsizadənin, nəqliyyat naziri Ziya Məmmədovun, müdafiə sənayesi naziri Yavər Camalovun, gənclər və idman naziri Azad Rəhimovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Nazim İbrahimovun, Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənovun, Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun yer almayacağı yeni NK tərkibində eyni zamanda Energetika naziri Natiq Əliyev də qərar tuta bilməyəcək.
Xəbəri verən qaynaq bildirir ki, ümumiyyətlə, Azərbaycanda energetika nazirliyinin ləğvi planlaşdırılır.
Bununla yanaşı, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Respublika Dövlət Yol Polisi İdarəisinin rəisi Ramiz Zeynalovun və eyni zamanda Bakı şəhərinin 4 rayonunun, 20-yə yaxın əyalət rayonlarının da icra hakimiyyəti başçılarının vəzifələrindən alınması planlaşdırılır.
Mənbəmiz bütün bu dəyişikliklərin parlament seçkilərinə qədər həyata keçiriləcəyini də vurğulayıb.