Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Neftçalada sahibkara necə problem yaradılır...

Neftçalada sahibkara necə problem yaradılır...


31-01-2017, 11:58
Neftçalada sahibkara necə problem yaradılır...
«3 il əvvəl mənə qış otlaq sahəsi kimi 500 hektar yer ayrılıb. Bu müddətdə həmin sahədə heyvandarlıqla məşğul olmuşam. İndi fəaliyyətimi davam etdirmək üçün 40 min manat rüşvət tələb olunur». Neftçalalı sahibkar Rafil Həsənov 3 ildən çoxdur ki, heyvandarlıqla məşğul olur. Bir müddətdir ki, rahatlıq tapa bilmir. Səbəbini də ondan rüşvət tələb olunması ilə əlaqələndirir. Deyir, əgər istənilən məbləği verməsə, otlaq sahəsi əlindən alınacaq: «Bununla da sahibkarlıq fəaliyyətimin üstündən qara xətt çəkiləcək. İkinci dəfədir məndən rüşvət alınır. Bir dəfə işə başlayanda alıblar, indi də görürlər işlər yaxşı gedir, bilirlər ki, qurduğum bu boyda işdən keçməyəcəm, haradan olsa, toplayıb verəcəm».

Sahibkarın sözlərinə görə, həmin torpaqlar Dövlət Torpaq Fonduna aiddir, ona 15 illik icarəyə verilib. Bütün sənədləri qaydasındadır, qanunsuz bir işi yoxdur. Və sual edir, «rüşvəti niyə verim ki?».

Rafil Həsənov 3 ildən bəri ərazidə təsərrüfat təyinatlı tikinti işləri aparıb. Deyir, yüksəksəviyyəli, müasir standartlara uyğun heyvandarlıq təsərrüfatı yaradıb. Hazırda təsərrüfatdan 15-dən çox ailəyə çörəkpulu gedir. Və o, təəssüflənir ki, məmurların rüşvətini çatdırmasa, bu qədər ailə ac qalacaq. Azı 300 baş iribuynuzlu, 1500 baş xırdabuynuzlu mal-qaranın da bundan sonrakı taleyi qaranlıq qala bilər. Bir sözlə, dişiylə-dırnağıyla qurub-yaratdığı təsərrüfat məhv olar.

Sahibkar danışır: «Mənə ərazini tərk etmək üçün vaxt qoyulub. Tələb edirlər ki, tikililəri söküm, əziyyətlə çoxaltdığım yüzlərlə heyvanı dəyər-dəyməzinə satım».

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt