Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "1 il ərzində Tibbi-Sosial Ekspertiza Komitəsinə 3 dəfə rəsmi müraciət ünvanladım..."
"1 il ərzində Tibbi-Sosial Ekspertiza Komitəsinə 3 dəfə rəsmi müraciət ünvanladım..."6-03-2024, 11:45 |
“1986-cı ildə baş vermiş Çernobıl qəzasından sonra həmin əraziyə təyinat aldıq. Şüalanma olan ərazidə bir neçə il yaşadıq. Səhhətim yaxşı deyil, xəstəliyə düçar oldum, əlillik də verilmədi”. Bu sözləri “Qafqazinfo”ya Çernobıl qəzasında şüalanmaya məruz qalan Zülfiyyə Rüstəmova deyib. Bakı Baza Energetika Kollecini bitirdikdən sonra Rusiyanın Bryansk vilayətinə göndərilən vətəndaş qeyd edib ki, ağır xəstəliyə tutulsa da, ona müavinət təyin olunmayıb: “Elektro-termik qurğuların istehsalı fakültəsini bitirdikdən sonra işlə bağlı dövlət tərəfindən Novozıbkov şəhərinə təyinat aldım. Lakin yaşadığım şəhərin yaxınlığında aldığım şüa nəticəsində toksiki ensfalopatiyaya düçar oldum. Bu hadisədən sonra həmin halda ölkəmə qayıtdım. 35 ildir buna qarşı müalicə alıram, amma bir nəticəsi yoxdur”. Z.Rüstəmova düşünür ki, ona II qrup ömürlük əlillik təyin edilməlidir: “Son illərdə səhhətim daha da pisləşdi. Aidiyyəti qurumların tələbi çətinliklərimin müalicə yolu ilə həll olunmasıdır. 2019-cu ildə tibbi müayinələrdən keçdikdən sonra 1 il ərzində Tibbi-Sosial Ekspertiza Komitəsinə 3 dəfə rəsmi müraciət ünvanladım. Və yenidən 4 dəfə fərqli xəstəxanada stasionar müalicədə oldum. Lakin xəstəliyimin müalicəsi yoxdur. Heç yerdə işləmirəm, gəlirim də yoxdur. Buna baxmayaraq, mənə müavinətin təyin edilməsi ilə bağlı imtina gəlir”. Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərdik. Qurumdan saytımıza bildirildi ki, məsələnin araşdırılması ilə bağlı R. Zülfiyyəni müayinə üçün çağırıblar: “Vətəndaş əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş əsasında dəvət edilərək əyani müayinə edilib. Agentliyin həkim-ekspertlərinin əyani müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. Bu səbəbdən də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”. Geri qayıt |