Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > «Harda görünüb, icra başçısını həbs edələr, ağlınızı başınıza yığın»

«Harda görünüb, icra başçısını həbs edələr, ağlınızı başınıza yığın»


14-03-2014, 16:00
«Harda görünüb, icra başçısını həbs edələr, ağlınızı başınıza yığın»
DİA.AZ: - Üç il əvvəl fevral ayının 18-də Yevlaxa başçı göndərilən Qoca Səmədovla bağlı redaksiyamıza olduqca maraqlı məlumatlar daxil olub. Bildirək ki, Elmar Vəliyevin Gəncə şəhər icra hakimiyyəti başçısı postuna təyin edilməsinin ardından Yevlax rayonuna rəhbər göndərilən Qoca Səmədov bu vaxta qədər özünü sakit birisi kimi təqdim etməyə çalışsa da, əslində bunun belə olmadığı son baş verən olaylarla da təsdiqlənməkdədir.

Rayondakı qaynaqların bildirdiyinə görə, Elmar Vəliyevin dövründə Yevlaxda əməlli-başlı quruculuq işləri həyata keçirilsə də, Qoca Səmədov bu günə kimi daş üstünə daş qoymayıb. Əksinə, Elmar Vəliyevin dövründə inşa edilən tikililəri sökməklə məşğuldur. Təbii ki, digər ünvanlarda olduğu kimi Yevlaxda da söküntü üçün əsas bəhanə məhz pultoplama kampaniyasıdır.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən aydın olur ki, icra başçısı tərəfindən pul toplama kampaniyası başlayıb: «Hər bir sahibkara əlindəki biznesinin miqyasına uyğun olaraq «başçının aylıq pulu» müəyyən edilib. Bu pulu isə Zahid Qarayev şəxsən yığır. O, hazırda başçının bir nömrəli adamı hesab olunmaqla yanaşı, rəsmi vəzifəsi Şəhər İcra Hakimiyyəti Başçısının köməkçisidir».

Mənbəmizin bildirdiyinə görə, hətta sahibkarların korrupsiyaya qarşı mübarizə idarəsinə etdikləri müraciətlər də qulaqardına vurulur: «Dəfələrlə KMİ-yə, «qaynar xətt»ə şikayətlər etsək də, hələlik bir reaksiya yoxdur. Hətta icra başçısı bu şikayətlərimizə gülərək deyir ki, ona kimsə toxunmayacaq. Bizə dedi ki, «harda görünüb, icra başçısını həbs edələr, ağlınızı başınıza yığın». Biz də təbii ki, onun qoyduğu aylıq haqqı çatdırmaq məcburiyyətindəyik».

DİA.AZ-a bu istiqamətdən daxil olan bir başqa məlumatda isə bildirilir ki, hətta bu günlərdə Qoca Səmədovla bağlı bir ciddi problem da yaşanılıb: «İcra başçısı rayonda biznes qurmaq istəyən nüfuzlu məmurlardan birinə rədd cavabı verib. Belə ki, həmin şəxs fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesinə alternativ yaratmaq istəyib və Yevlaxda müəssisə qurmaq istəyib. Amma icra başçısı belə bir planın Yevlaxda icrasının mümkünsüzlüyünü bildirib».


Geri qayıt