Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "İCRA HAKİMİYYƏTİ PROBLEMLƏRİMİZƏ MƏHƏL QOYMUR..."

"İCRA HAKİMİYYƏTİ PROBLEMLƏRİMİZƏ MƏHƏL QOYMUR..."


9-08-2024, 11:23
"İCRA HAKİMİYYƏTİ PROBLEMLƏRİMİZƏ MƏHƏL QOYMUR..."
Masallı rayon Musaküçə kənd sakini İmanverdiyev Amil Əfqan oğlu 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Vətən müharibəsinin ilk günlərindən aktiv döyüş əməliyyatlarına qoşulan Amil savaşdan sonra da - 2 yanvar tarixinədək hərbi xidmətdə olub. Döyüşlərdə böyük şücaət göstərən A. İmanverdiyev ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, vətənə olan borcunu layiqincə ödəyib geri dönən Amil bu vaxtadək lazımi qurumlardan gözlənilən diqqət və qayğını görməyib. Müharibədən qayıdan Amillə, ehtiyac içində olan ailəsi ilə maraqlanan olmayıb. Prezidentin şəhid və qazi ailələri ilə bağlı göstəriş və tapşırıqlarına baxmayaraq, müraciət olunan aidiyyatı qurumlardan Amil və ailəsinin müraciətlərinə məhəl qoyulmayıb.

Qeyd edək ki, evin tək oğlu olan Amildən müharibə müddətində xəbər tutmayan anası onkoloji xəstəliyə yoluxub. Bu, müharibədən əvvəl daimi iş yeri olan Amilin işini itirməsi ilə birlikdə zatən ehtiyac içində olan ailənin maddi durumunu bir qədər də ağırlaşdırıb.

Bu barədə "AzPolitika"-ya müraciət edən A. İmanverdiyev Masallı rayon İcra Hakimiyyətinin nümayəndələrinin onun bu problemləri ilə maraqlanmadığını, biganə və etinasız münasibət göstərdiklərini deyib.

A. İmanverdiyevin dedikləri ilə bağlı Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili" şöbəsinin böyük məsləhətçisi Nurlan Muradovla əlaqə saxladıq.

N. Muradov İcra Hakimiyyətində bütün qazi və Vətən müharibəsi iştirakçılarının problemlərinin dinlənildiyini, onlara hər cür lazımi köməkliyin göstərildiyini bildirdi.

N. Muradov A. İmanverdiyevin yenidən İcra Hakimiyyətinə müraciət etməsini və ona lazımi yardımların olunacağını bildirsə də, qurum əməkdaşı tərəfindən verilən vədlərin heç birinə əməl edilməyib.

Görüşdən çıxandan sonra Amil İmanverdiyev saytımıza bunları dedi: "Nurlan Muradovun dediyi kimi, görüşə getdim. O, bildirdi ki, "sizin probleminizin mənə aidiyyatı yoxdur, şikayətə gələn digər vətəndaşlar necə, siz də elə".

Rayon İcra Hakimiyyəti ilə görüşlərdə isə bir qayda olaraq, sakinlərin problemləri şəxsən dinlənilmir, ümumi zala yığılıb çıxış edilir, daha sonra yola salınırlar. İsrar edənlərə isə rayon İH-nin inzibati ərazi dairəsi üzrə nümayəndəsi və digər şəxslər tərəfindən təzyiq olunur və ya 20-50 manat təklif edilir ki, problemlərinin həlli tələb edilməsin. Halbuki, vətən müharibəsindən əvvəl normal işim, maaşım var idi, rayonda yaşamırdım.

Həmin vaxt Masallı RİHB-nin Musaküçə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Surac Şahverdiyev müharibə başlayanda kimlərin çağırılıb, kimlərin çağırılmayacağı ilə bağlı siyahı tərtib edib. Bizim evə də mən rayona gələnə qədər dəfələrlə polis göndərib ki, təcili gəlib müharibədə iştirak etsin. Mən döyüşdən imtina edən deyildim. Aprel döyüşləri də hərbi xidmətdə olduğum müddətə təsadüf etdi və o zaman da üzərimə düşən tapşırıqları layiqincə yerinə yetirmişəm. Vətən müharibəsi zamanı da işimi atıb məmnuniyyətlə iştirak etmişəm. Həmin günlərdə anam sarsıntı keçirib, onkoloji xəstəliyə tutuldu. İndi isə məni qəbul edib işlə təmin etməkdən imtina edirlər. Anamın müalicə xərclərini, ailəmin minimal dolanışıq xərclərini təmin edə bilmirik. Atam fəhlə işləyir, bu da xərcləri ödəmir. Bu 4 ildə gözümüzün qabağında yüzlərlə insanı müxtəlif maraq müqabilində işlə təmin ediblər. Amma mənim müraciətlərimə isə İcra Hakimiyyəti "iş yoxdur" cavabını verir. Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov isə bizi qəbul edib problemlərimizi dinləmir. Halbuki, cənab Prezident Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin problemlərinin həllinə daha həssas yanaşmağı tapşırmışdı".

"İCRA HAKİMİYYƏTİ PROBLEMLƏRİMİZƏ MƏHƏL QOYMUR..."

2020-ci ildən problemlərinin həllini gözləyən A. İmanverdiyev 4 il keçməsinə baxmayaraq, problemlərinin həll olunmadığını deyir. İcra Hakimiyyətindən diqqət görməyən Amil kömək üçün daha yuxarı orqanlara müraciət edir. Onun müraciəti araşdırılmaq üçün yenidən rayon üzrə aidiyyatı qurumlara göndərilir.

Bundan sonra onun işlə təmin olunacağı sözü verilsə də, məsələ həllini tapmayıb. A. İmanverdiyevin sözlərinə görə, ona kiçik bir müəssisədə qadınların görəcəyi iş təklif edilib. Müəssisədə ona "bizdə sənə uyğun iş yoxdur" deyilib.

Çarəsiz qalan A. İmanverdiyev sonda Prezidentə müraciət etmək qərarına gəlib. Onun müracətini təqdim edirik: "Cənab Prezident, ümidimiz ancaq sizədir. Masallı rayon İcra Hakimiyyətində bizim problemlərimizi dinləyib həll etmirlər. Müharibədən sonra Sizin göstərişinizlə Masallı rayon İcra Hakimiyyətində də yaradılan "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi" problemlərimizi həll etmək əvəzinə, biganə münasibət göstərir, edilən müraciətlərə də məhəl qoymur. İcra başçısı Araz Əhmədov da bizi qəbul etmir, problemlərimizi dinləmir. Qəbula getdikdə elə binanın qarşısında İcra Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi bizə oradan uzaqlaşmağımızla bağlı təzyiq edir. Artıq 4 ildir ki, anam onkoloji xəstədir, atam fəhlə işləyir. Ailənin maddi ehtiyaclarını və müalicə xərclərini qarşılamaqda çətinlik çəkirik. Yeganə istəyim işlə təmin olunmağımdır. Xahiş edirəm, Vətən müharibəsi iştirakçısı olduğumu nəzərə alaraq mənim uyğun bir işlə təmin olunmağımın təmin edilməsinə dair göstəriş verərdiniz".

Geri qayıt