Əsas Səhifə > Güney Press, Partiya > Siyasi partiyalara parlamentdə verilən vəzifələr: Kim harada təmsil olunur?

Siyasi partiyalara parlamentdə verilən vəzifələr: Kim harada təmsil olunur?


12-10-2024, 08:25
Siyasi partiyalara parlamentdə verilən vəzifələr: Kim harada təmsil olunur?
Hazırda Milli Məclisdə 11 siyasi partiya təmsil olunur.

Bunlar Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası, Milli Cəbhə Partiyası, Böyük Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası və Respublikaçı Alternativ Partiyasıdır. Hakim Yeni Azərbaycan Partiyası səs çoxluğuna görə parlamentdə üstünlük təşkil edir.

YAP üzvləri Milli Məclisin strukturunda, komissiyalarda, komitələrdə və işçi qruplarında daha çox üzvlə təmsil olunur. Ona görə də parlamentdə azlıqda olan partiyalara nəzər salacağıq.

Belə ki, digər 10 partiyanın deputatlarının da parlamentdə bir çox vəzifələri var. Onlar arasında komitə sədri, komitə sədrinin müavini və parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi vəzifələri tutanlar az deyil.

Beləliklə, siyasi partiyalar parlamentdə hansı vəzifələrdə təmsil olunurlar?

“Cümhuriyət” azlıqda olan partiyaların deputatlarının parlamentdəki vəzifələrinin siyahısını təqdim edir:

• Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə 3 deputatla təmsil olunur. Partiyanın üzvü Rafael Hüseynov Milli Məclis sədrinin müavinidir. O, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının və Azərbaycan - İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

• Partiya sədri Sabir Rüstəmxanlının birinci müavini, deputat Fəzail İbrahimli Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin üzvüdür.

• Partiya sədrinin müşaviri Tənzilə Rüstəmxanlı isə Mədəniyyət komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. O, həm də Azərbaycan - Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

• Ədalət, Hüquq, Demokratiya (ƏHP) Partiyası parlamentdə 2 deputatla təmsil olunur. Partiya sədri Qüdrət Həsənquliyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavinidir. O, Azərbaycan - Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da rəhbəridir.

• Partiyanın sədr müavini Elçin Mirzəbəyli Elm və təhsil komitəsi, habelə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. O, eyni zamanda Azərbaycan - Ekvador parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

• Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev Aqrar siyasət komitəsi sədr müavini, İnsan hüquqları komitəsinin üzvüdür. Həmçinin, Azərbaycan - Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

• Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. Həmçinin, Azərbaycan - Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

• Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə İnsan hüquqları komitəsi sədr müavini, Regional məsələlər komitəsinin üzvüdür. Həmçinin, Azərbaycan - Kamerun parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

• Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Əmək və sosial siyasət komitəsinin sədr müavinidir, habelə İctimai birliklər və dini qurumlar komitəsi üzvü, eləcə də Azərbaycan - Livan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

• Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədr müavini, Regional məsələlər komitəsinin üzvüdür. O, Azərbaycan - Burundi parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da rəhbəridir.

• Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də İntizam komissiyasının üzvüdür. Eyni zamanda, Azərbaycan - Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

• Respublikaçı Alternativ Partiyası (REAL) isə parlamentdə Erkin Qədirli ilə təmsil olunur. O, Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Bundan başqa, Azərbaycan - İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

• Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı isə Ailə, qadın və uşaq məsələləri, habelə İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. O, həm də Azərbaycan - Sudan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərlik edir.

"Cebheinfo.az"

Geri qayıt