Əsas Səhifə > Güney Press, Partiya > "Prezident bu barədə bir həyacan təbili çaldı..."

"Prezident bu barədə bir həyacan təbili çaldı..."


13-10-2024, 10:36
"Prezident bu barədə bir həyacan təbili çaldı..."
“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında, guya Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılıb. Bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsidir və heç bir reallığı əks etdirmir. Məqsəd, nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmaq, ölkəmiz barədə ictimai fikri çaşdırmaqdır. Azərbaycan COP 29 kimi böyük tədbirə ev sahibliyi etməyə hazırlaşdığı bir dönəmdə bu kimi dezinformasiyalar olacaq. Bəs bu dezinformasiyaların qaynağı haradır?
Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, internet resurslarına aid sosial şəbəkə hesablarında Azərbaycanın hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumatlar yayılıb.

“Nəzərinizə çatdırım ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin parlamentdə çıxışında ölkənin qarşısında duran bir sıra vacib məsələlərlə bağlı qeydləri var idi. Yəni görüləcək vacib işləri qeyd etmişdi. Onlardan biri ideoloji təxribatın qarşısının alınması ilə bağlı idi. Bu nümunə onu göstərir ki, Azərbaycana qarşı doğurdan da ideoloji təxribat var. Bu da bir neçə istiqamətdən ölkənin daxilində və xaricində həyata keçirilə bilər. Prezident bu barədə bir həyacan təbili çaldı və buna qarşı tədbir görülməsinin vacibliyini bildirdi”-deyən deputat qeyd edib ki, doğrudan da bu məsələlərlə bağlı Azərbaycan siyasi cameəsi və Azərbaycan mediası, ümumiyyətlə Azərbaycan cəmiyyəti ayıq-sayıq olmalıdır.

“Heç kəsə sirr deyil ki, son dövrlər Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiq siyasəti həyata keçirilir. Bu da təsadüfi deyil. Bundan əvvəl Ermənistan-Azərbaycan münaqişəsi dövründə Ermənistan işğalçı dövlət olsa da, ətrafındakı iri güclərdən heç biri ilə Ermənistanın işğalçı olması barədə bir ortaya mövqe qoyulmadı. Əksinə, onların kütləvi informasiya vasitələrində Azərbaycana qarşı təxribat həyata keçirildi. İstər Rusiya mediasında, istər Amerika Birləşmiş Ştatlarında, Avropa kütləvi informasiya vasitələrində daim Azərbaycana qarşı belə ideoloji təxribatlar həyata keçirilib. Biz bunun şahidi olmuşuq”-deyə deputat vurğulayıb.

Elşad Musayev bildirib ki, bütün baş verənlərə baxmayaraq, 44 günlük müharibəni də uğurla həyata keçirdik. Azərbaycan yalnız ermənilərə deyil, onların arxasında duran iri güclərə də qalib gəldi, dərs verdi: “Bu da bir mərhələdir. Bu mərhələni də biz keçməliyik, keçəcəyik. Azərbaycanda COP 29 kimi böyük bir tədbir keçiriləcək. Təbii ki, Azərbaycana qarşı olan qüvvələr fürsətdən istifadə edib, həm Azərbaycan dövlətinin özünü etibarsızlaşdırmağa, həm də COP 29-un Azərbaycanda keçirilməsinə mane olmağa çalışırlar.

Nəzərə almalıyıq ki, belə bir beynəlxalq tədbiri keçirən dövlət etibarlı, müəyyən gücə və potensiala malik olan dövlət hesab olunur. Bunu da Azərbaycanın bədxahları qəbul etmir”.

Deputat deyir ki, hərə öz tərəfindən belə ideoloji təxribatlara cavab verməlidir: “Siyasi çevrələr öz tərəfindən mediada material, müəyyən araşdırmalar verilməlidir. Hansı tərəfdən gəlib, hansı məqsədlə yazılıb, bunlar təftiş olunmalıdır. Eyni zamanda siyasi qüvvələrlə hakimiyyət bu məsələlərdə birgə fəaliyyət göstərməlidir. Biz hamımız çalışmalıyıq ki, ölkənin daxilində sabitlik olsun. Ölkənin daxilində sabitlik olandan sonra digər məsələləri həyata keçirə biləcəyik.

Bizim üçün qarşıda duran əsas məsələ COP 29-un keçirilməsidir, daha sonra bələdiyyə seçkilərinin keçirilməsidir. COP 29 keçirilən müddətdə Azərbaycan da bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Bunun yüksək səviyyədə keçirilməsinə nail olmaqdır. Bundan sonra Ermənistanla bizim yarım qalmış məsələlərimiz var və bu məsələlər də həll olunmalıdır. Zəngəzur dəhlizinin açılması, Azərbaycanın hələ də işğal altında qalan torpaqları, Qazax rayonun kəndləri, Kərki və s. digər məsələlər var. Bunlar öz həllini tapmalıdır. Bunun üçün də bizim hamımızdan hadisələrə real baxmaq və eyni zamanda kənar qüvvələrə qarşı birgə mübarizə tələb olunur”-deyə Elşad Musayev bildirib.
Geri qayıt