Əsas Səhifə > Güney Press > Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil

Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil


Bu gün, 11:49
Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır. Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.
Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək cərimə tətbiq olunacaq Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli tütün məmulatlarının tullantılarının ətraf mühitə atılmasına görə cərimələrin artırılmasının ətraf mühitin qorunması məqsədi daşıdığını, lakin məbləğin bu qədər yüksək olmasının sosial cəhətdən həssas qruplar üçün ağır maliyyə yükü yaradacağını deyib.
Onun fikrincə, cərimələrdənsə, bu qaydalar insanlara aşılanmalı və təbliğ olunmalıdır:

"Bu dəyişikliklərin məqsədi ictimai asayişi və ətraf mühiti qorumaq, insanları tullantıların düzgün idarə olunması ilə bağlı məsuliyyətli davranmağa sövq etməkdir. Xüsusilə, ətraf mühitin qorunmasına yönəlmiş ciddi cəza mexanizmləri, ictimai yerlərdə zibilin atılmasının qarşısını almaq məqsədilə dünya üzrə qəbul edilən praktikalardan biridir. Fikrimcə, cərimələrin bu qədər yüksəldilməsi doğru deyil. Çünki ola bilər ki, vətəndaş bilmədən bunu etsin. Bunu cərimədənsə, təbliğatla həyata keçirsək, daha yaxşı olar. Qaydalar uşaqlara bağçadan başlayaraq, daha sonra məktəbdə öyrədilməlidir. Davranış qaydaları hər bir vətəndaş üçün önəmlidir. Uşaqlar da valideynlərində o hərəkəti görsələr, onları tənbeh edəcəklər. İnsanlar da belə hərəkət edənləri görəndə tənbeh etməlidirlər. İctimai qınaq olmalıdır. Ola bilər ki, insan bu qaydaları bilmir. Polislərin yaxınlaşıb xəbərdarlıq etməsi, tənbeh etməsi daha doğru olar. Çünki bu hərəkətlər yalnız görüldükdə cərimələnəcək. Amma insanlara aşılamaq lazımdır ki, görülməyən yerlərdə də bunu etməsinlər. Bu mədəniyyəti formalaşdırmalıyıq.
Ən azından sosial ədalətin təmin olunması üçün daha elastik və fərqli sosial qruplar üçün nəzərdə tutulmuş tədbirlər üzərində düşünmək daha məqsədəuyğundur. Ən azından fiziki duruma uyğun cəmiyyət üşün faydalı işlərin - ictimai işlərin görülməsini təşviq etmək olar”.

Geri qayıt