Əsas Səhifə > Güney Press > Həkimlərə 30 xəstə limiti?

Həkimlərə 30 xəstə limiti?


Bu gün, 13:27
Həkimlərə 30 xəstə limiti?
Son vaxtlar xəstəxanalara müraciət edən xəstələrin bir qismi həkimlərin qəbuluna düşə bilmir. Bunun səbəbi müxtəlif amillərlə bağlıdır.

Sosial şəbəkələrdə belə məlumatlar yayılıb ki, bir sıra xəstəxanalarda pasientin müraciəti zamanı həkim gün ərzində 30 nəfərlik limitinin dolduğunu və əlavə xəstəni qəbul edə bilməyəcəyini bildirir.

Bu da bir faktdır ki, xəstə bəzən həkimin qəbuluna düşməklə bağlı qəbz almaq üçün uzun müddət növbədə gözləməli olur. Nəticədə isə həkim limitinin dolduğunu bildirdikdə pasient yenidən gəlməli olur.

Bu gün onlayn növbə sistemi bu problemin həllində hansı rolu oynayır və hazırda neçə xəstəxanada fəaliyyət göstərir?

Ümumiyyətlə, həkim qəbulu ilə bağlı limit tətbiq olunurmu?

Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumiyyətlə, ambulator şəraitdə pasient qəbulunda həkimlər üçün heç bir məhdudiyyət və ya limit tətbiq olunmamaqdadır:

“Əmək müqaviləsi şərtlərinə uyğun olaraq həkimin gündəlik iş saatı ərzində (6 saat, ixtisasından asılı olaraq fərqli ola bilər) müraciət edən hər bir pasiyent qəbul olunaraq, müayinə olunmalıdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq ixtisaslı həkim müayinəsi xidmətinə görə limit həkimin müayinə etdiyi xəstə sayına görə aylıq həvəsləndirici əlavəyə (bonus) görə tətbiq edilir və gündəlik 35 (otuz beş) nəfər olmaqla müəyyən edib".

Qeyd edilib ki, əlavə olaraq həkimlərə ixitisasından və vəzifəsindən asılı olaraq vəzifə tarif maaşı, həmçinin sabit aylıq həvəsləndirici əlavələr ödənilməkdədir:

“Bu, o deməkdir ki, pasient sayından aslı olmayaraq, gündəlik iş saatının sonuna qədər növbə gözləyən pasientlərin qəbul edilməsi həkimin vəzifə borcudur. Onu da nəzərə çatdıraq ki, təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə, şəhid ailə üzvləri və müharibə iştirakçılarına TƏBİB-in tabeliyindəki tibb müəssisələrində növbədənkənar tibbi xidmətlər göstərilməkdədir”.

Geri qayıt