Əsas Səhifə > Güney Press > Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq24-10-2024, 14:00 |
Avropa Birliyi Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı tərəflərə çağırış edib. Avropa Parlamentinin komissarı Nikolas Şmitt deyib ki, COP29 həm də sülh üçün tarixi fürsətdir: "Avropa Birliyi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə hərtərəfli dəstək verməkdə davam edir". O qeyd edib ki, Azərbaycan və Ermənistan heç vaxt onilliklər boyu davam edən münaqişəni aradan qaldırmağa bu qədər yaxın olmayıblar: "Konfrans Azərbaycan və Ermənistan üçün sülhə sadiqliklərini nümayiş etdirmək və sülh sazişi imzalamaq üçün tarixi şans olacaq. Avropa Birliyi olaraq, normallaşma prosesinə tam dəstəyimizi davam etdiririk və bütün tərəflərin davamlı və davamlı sülhdən bəhrələnmələrini təmin etmək üçün lazımi resursları səfərbər etməyə hazırıq”. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinə məktub göndərərək sülh sazişinin tezliklə imzalanmasına çağırış edib. Bayden ilin sonunadək müqavilənin imzalanmasının mümkünlüyünü diqqətə çatdırıb. Qərbin israrlı sülh çağırışlarını "Sherg.az"a dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin, həm də Avropa Birliyinin COP29 ərəfəsində sülh sazişinin imzalanması ilə bağlı təklifləri ortaq mövqe xarakteri daşıyır və üstəlik, Ermənistanın mövqeyini ifadə edir. Ekspertin sözlərinə görə, Qərbin müraciətindən əvvəl rəsmi İrəvan dəfələrlə bəyan edib ki, COP29 ərəfəsində Azərbaycanla yekun sülh sazişini imzalamağa hazırdırlar: "Ermənistan tərəfi 17 bəndlik yekun sülh sazişinin mətninin yalnız 13 bəndinin razılaşdırıldığını da etiraf edir. Halbuki, hüquq normalarına görə tam razılaşdırılmamış bir sənədin imzalanması yolverilməz hesab olunur. Əgər belə bir sənəd imzalanarsa, bu, onsuz da yarımçıq sülh sazişi xarakteri daşıyacaq və gələcəkdə yeni münaqişələrin, hərbi, siyasi qarşıdurmaların yaranmasına səbəb olacaq. Verilən bəyanatlardan anlamaq mümkündür ki, rəsmi Bakı belə yarımçıq sənədi imzalayıb, sonradan əlavə problemlərlə üzləşmək istəmir. Ona görə də qətiyyətlə tələb edir ki, yekun sülh sazişi tam razılaşdırılmalıdır və ondan sonra imzalanmalıdır. Ancaq yekun sülh sazişinin imzalanmasından əvvəl də rəsmi Bakı tələb edir ki, Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ləğv etsin. Əks halda yekun sülh sazişinin imzalanması heç bir əhəmiyyət daşımayacaq". Analitikin fikrincə, COP29 ərəfəsində sülh çağırışlarının gündəmə gəlməsi Ermənistanın mənafelərinə uyğun şəkildə ABŞ və Qərbin Azərbaycana qarşı təzyiq göstərmək cəhdləri kimi də dəyərləndirilə bilər: "Nəzərə almaq lazımdır ki, COP29-un Cənubi Qafqazdakı sülh prosesinə heç bir aidiyyəti yoxdur, fərqli proseslərdir. Tədbiri bəhanə gətirərək Azərbaycana yarımçıq, keyfiyyətsiz sülh sazişi imzalatmaq cəhdi ermənipərəst mövqedən qaynaqlanır. Bu, heç də Qafqazda sülh istəyindən qaynaqlanmır. ABŞ və Qərbin Cənubi Qafqazdakı maraqları çərçivəsində siyasi manipulyasiya xarakteri daşıyır. Rəsmi Bakının belə siyasi manipulyasiyalara və Azərbaycana qarşı təzyiqlərə imkan verəcəyinə yalnız sadəlövhlər inana bilər. Azərbaycan rəhbərliyinin prinsipial və qətiyyətli mövqeyi məlumdur. Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq və Qərbdən gələn təzyiqlərə münasibətdə də qətiyyən geri çəkilməyəcək". Geri qayıt |