Əsas Səhifə > Güney Press > “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur

“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur


24-10-2024, 13:56
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur
Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Kontakt Home”un bağlı olduğu “ABC-Telecom” MMC şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, iddia “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi tərəfindən qaldırılıb.
Məhkəmə prosesində maraqlı tərəf kimi Əqli Mülkiyyət Agentliyi çıxış edir.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib. Bugünə kimi 3 dəfə hazırlıq iclası keçirilib. Növbəti hazırlıq iclası noyabr ayının 15-nə təyin olunub.
Məhkəmə iddiasının əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələrlə bağlı qaldırıldığı bildirilir.
Qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi olan “ABC-Telecom” MMC (VÖEN-1401005061) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər sabiq millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib.
“ABC-Telecom” MMC-ni məhkəməyə verən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi isə 17 may 1999-cu ildə 32 kinorejissorun təşəbbüsü ilə təsis edilib. Hazırda İctimai Birliyin İdarə heyətində Ramiz Rövşən, Siyavuş Kərim, Ramiz Həsənoğlu kimi Azərbaycanın tanınmış şəxsləri yer alır.

Geri qayıt