Əsas Səhifə > Güney Press > Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr?

Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr?


24-10-2024, 14:48
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr?
Fransa Ali Məhkəməsi Yeni Kaledoniyadan olan siyasi lider Kristian Teyn haqqında həbs qərarını qüvvədən salıb. Bu haqda Frans Press Agentliyi oktyabrın 23-də məlumat yayıb.
56 yaşlı siyasətçi Kristian Teyn Kanak xalqının Fransa müstəmləkəsindən azadlığı uğrunda mübarizəsinə rəhbərlik edənlərdəndir.

Kristian Teyn bu ilin avqustunda Milli Azadlıq Uğrunda Sosialist Cəbhəsinin prezidenti seçilmişdi. Məlum olduğu kimi, Numea Məhkəməsi Teyni bu ilin may ayında Yeni Kaledoniyada baş vermiş iğtişaşların təşkil olunmasında günahlandırmışdı. İttihamda göstərilmişdi ki, iğtişaşlar 2,2 milyard ziyana səbəb olub. 800 müəssisə işini dayandırıb, 20 min iş yeri bağlanıb.

Kristian Teyn özünün siyasi məhbus hesab edirdi. Hüquq-müdafiə təşkilatları, eləcə də, Yeni Kaledoniyanın fəalları onun həbsinin siyasi motivli olduğunu bildirir, azadlığını tələb edirdilər. Fransa Ali Məhkəməsi Kristian Teynin əməlində cinayət tərkibi tapa bilmədiyi üçün azadlığa buraxmaq qərarı verdi. Eyni zamanda getdikcə elektoral dəstəyini və hakimiyyət legitimliyini itirən prezident Emmaunel Makron da məhkəmələrə daha çox təsir edə bilmədi. Yeri gəlmişkən, Fransanın İctimai Rəy İnstitutunun (İfotər) keçirdiyi son sorğunun nəticələri göstərir ki, respondentlərin 78 faizi Emmanuel Makronun prezident postunda fəaliyyətini dəstəkləmir. Buna səbəb Makronun xarici siyasətdəki səhvləri, eləcə də, ölkə iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyətdir. Fransanın dövlət büdcəsində kəsir artıb. 2025-ci il üçün icmal büdcədə gəlirlər 536 milyard avro, xərclər isə 684 milyard avro proqnozlaşdırılır. Büdcə kəsiri 148 milyard avro təşkil edir. Hökumət gələn il hərbi xərcləri 50 milyard avroya çatdırmağı planlaşdırıb ki, bu da vergi ödəyicilərinə əlavə 3,3 milyon avro vergi yükü deməkdir. Fransanın dövlət borcu artaraq Ümumi Daxili Məhsula (ÜDM) nisbətdə 113 faiz, yəni 3,2 trilyon avro (!) həddinə yüksəlib. Beynəlxalq hesabatlar göstərir ki, Fransa "Böyük Yeddilik"də öz mövqeyini sürətlə itirir, Braziliya kimi ölkəyə uduzur.

Materik Fransasında Makronun və hökumətinin yarıtmaz fəaliyyəti ölkə iqtisadiyyatını çətin vəziyyətə saldı və bunun siyasi nəticələri son seçkilərdə aydın göründü. Seçicilər Makronu cəzalandırdılar: o, hökumət kabinetini sağlara uduzdu. Ölkədə ciddi hakimiyyət böhranı yarandı.

İqtisadi və siyasi sıxıntılara düşən hökumət (həm Makron, həm baş nazir Mişel Barnyenin hökuməti) müstəmləkələri daha çox sümürməyi çıxış yollarından biri kimi görürlər. Fransanın, xüsusilə, Makron dönəmində neokolonializm siyasətini sərtləşdirməsinin bir səbəbi də materik Fransasındakı iqtisadi tənəzzülün və nəticədə ortaya çıxan sosial narazılığın qarşısını almaq cəhdidir. 2018-ci ildən bəri Fransanın, demək olar, bütün ərazisini bürüyən və permanent olaraq sürən sosial aksiyalar getdikcə daha geniş miqyas və daha sərt xarakter alır. Bu, təbii olaraq, Fransanın dənizaşırı ərazilərində də siyasi və sosial motivli hərəkətlənmələrə səbəb olur. Bu baxımdan, Fransadan 17 min kilometr uzaqda yerləşən Yeni Kaledoniyada müstəqillik uğrunda hələ 80-ci illərdən bəri davam edən mübarizə daha da kəskinləşib. Yeni Kaledoniya 1946-cı ildən bəri Fransanın xüsusi inzibati ərazisidir, ancaq adanın 300 min nəfərə yaxın olan əhalisinin əsas hissəsi, bu torpaqların tarixi və qanuni sakinləri olan kanaklar Fransadan müstəqil olmağa çalışırlar.

Məlum olduğu kimi, ilk referendum 1987-ci ildə keçirilib. Milli Azadlıq uğrunda Sosialist Cəbhə bu referendumu boykot etsə də, nəticələr Fransa tərkibində qalmaq tərəfdarlarının xeyrinə olub. 1988-ci ildə Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və əleyhdarları arasında 10 il müddətində müstəqillik tələb etməmək haqqında razılaşma oldu və bu, referendumla təsdiqləndi. 10 ilin tamamında - 1998-ci ildə hər iki tərəf, eləcə də, Leonel Jospen hökumətinin simasında Fransa Numea sazişini imzaladılar. Saziş yalnız 1998-ci ildə adada yaşayan əhaliyə - həm yerli, həm sonradan gəlmə şəxslərə və onların övladlarına səsvermə hüququ tanıdı və eyni zamanda müstəqillik üçün 3 dəfə referendum keçirmək imkanı verdi. 2018-ci və 2020-ci il referendumlarında müstəqillik tərəfdarları qalib gələ bilmədi. Daha doğrusu, 2018-ci ildə əhalinin 40 faizini təşkil edən Kanakların siyasi təşkilatı referendumu boykot etmişdi. Lakin səsvermələrdəki dinamika müstəqillik tərəfdarlarının artdığını göstərirdi. Buna görə də Fransa hökuməti və onun tərəfdarı olan yerli müstəmləkə administrasiyası üçüncü referendumu 2021-ci ildə - pandemiya keçirmək qərarı verdi. Məqsəd seçici fəallığının aşağı olması, kanakların üçüncü və son müstəqillik haqqını onların əlindən almaq idi. Kanakların istiqlalçı təşkilatı bu referendumu da boykot etdi. Sosialist Cəbhənin əvvəlki başçısı Vamitan Yeni Kaledoniya Konqresinin prezidenti seçiləndən sonra bu referendumun nəticələrini ləğv etdi. Yeni referendumu isə Fransadakı seçkilərdən sonraya saxlamaq qərara alındı. Kanakların növbəti istiqlal referendumunun nəticəsini bəri başdan öz xeyrinə təmin etmək istəyən Fransa hökuməti 2024-cü ilin əvvəlindən Yeni Kaledoniyanın Konstitusiyasını dəyişmək, ən azı 10 il əvvəl arxipelaqa yaşamağa gəlmiş şəxslərə də seçki hüququ vermək təklifini irəli sürdü. Kanak xalqının liderləri bu dəyişikliyin Numea razılaşmasının pozulması olduğunu, seçici sayının süni olaraq, müstəmləkə tərəfdarlarının xeyrinə dəyişmək məqsədi daşıdığını bəyan etdi. Etiraz hərəkatı başladı və iğtişaşlara çevrildi. Fransa hökuməti bunu fürsət bilib, adaya əlavə 2000 əsgər göndərdi. Etirazlar yatırılarkən 10 nəfərin həlak olduğu, 200-dən çox fəalın həbs edidiyi bildirildi. Ümumilikdə 3 minə yaxın adamı cəzalandırəldığı haqda məlumatlar var. Həbs olunanlar arasında Kanak xalqının milli azadlığı uğrunda sosialist cəbhəsinin rəhbəri Kristian Teyn də vardı ki, Fransa Ali Məhkəməsi sonda onu azadlığa buraxmaq qərarı verməli olub. Səbəbini də anlamaq olar; Fransa artıq arxipelaq üzərində nəzarəti təmin etdiyini düşünür. Belə ki, neokolonializmə qarşı olan Roh Vamitan artıq Yeni Kaledoniya Konqresinin prezidentliyindən uzaqlaşdırılıb, onun yerinə gəlmiş Veylma Falaeo adlı komprodor siyasətçi (Yeni Kaledoniyanın Vəzirovu) əks qərar verib, Azərbaycan Milli Məclisi ilə bu ilin aprelində imzalanmış əməkdaşlıq sazişini ləğv edib. Neokolonializmə qarşı mübarizə missiyası daşıyan "Bakı Təşəbbüs Qrupu"nda iştirak edən fəallar həbs olunub. Fransanın bu repressiyası kanak xalqının milli-azadlıq mübarizəsini çətinləşdirsə də, dayandırmayıb. Kristian Teynin başçılığı ilə təşkilat öz haqlı davasını davam etdirmək niyyətindədir.

Bəs Kanak xalqı niyə azadlıq istəyir? Fransa niyə bu arxipelaqdan əl çəkmək istəmir? Niyə Makron və Barnye hətta hərbi güc tətbiq etməklə, repressiya bahasına olsa da, bu torpaqları özündə saxlamağa çalışır?
Çünki arxipelaq təbii sərvətlərlə zəngindir. Təsəvvür edin: Yeni Kaledoniya nikel hasilatına görə Rusiya, İndoneziya, Avstraliya kimi ölkələrlə rəqabət aparır. Nikel hasilatı ölkə ixracının 80 faizindən çoxunu təşkil edir. Arxipelaqda həmçinin zəngin kobalt, xrom, dəmir, marqans, qızıl yataqları da var. Fransa bu sərvətləri talan etmək üçün repressiyalara, zorakılığa, hər cür qeyri-qanuni və qeyri-insani əməllərə əl atır. Kanak xalqı isə öz ölkəsinə, öz torpağına, öz sərvətlərinə, öz gələcəyinə sahib çıxmaq üçün dirəniş göstərir. Azərbaycan xalqının Kanaklara bu mübarizədə dəstək olmasının səbəblərinə gəlincə, bu da aydındır. Azərbaycan neokolonializmə qarşıdır və bu missiyanı hələ Qoşulmama Hərəkatına sədrlik edərkən öz üzərinə könüllü olaraq götürüb. Böyük dövlətlərin, qlobal güclərin yanında olmaq asandır, ən çətini kiçik ölkələrin, əzilən xalqların yanında dayanmaqdır. Eyni zamanda Azərbaycan COP 29 tərəflər konfransına ev sahibliyi edən dövlət kimi iqlim dəyişikliyi, təbii sərvətlərin ifrat istismarı nəticəsində kiçik ada ölkələrin ekoloji tarazlığının kəskin şəkildə pozulduğunu da görür və biganə qalmaq istəmir. Qlobal istiləşmə daha da qorxulu miqyas alır, dünya Okeanının səviyyəsi qalxır və nəticədə ada dövlətlər, o cümlədən, Okeaniyada olan kiçik adalar getdikcə torpaq itirir, tamamilə suyun altında qalmaq təhlükəsindədir. Fransa kimi əsl simasını demokratiya ilğımı ilə pərdələnmiş böyük müstəmləkəçiləri isə ancaq vassalların təbii sərvətləri maraqlandırır. Faktlar, hadisələr, proseslər də elə bunu göstərir.

Bahəddin Həzi, Bizimyol.info

Geri qayıt