Əsas Səhifə > Güney Press > Avropa Parlamentinin həyasızlığı:
Avropa Parlamentinin həyasızlığı:24-10-2024, 18:03 |
Avropa Parlamenti (AP) “Azərbaycandakı vəziyyət, insan haqları və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” mövzusunda qətnamə qəbul edib. Sənədin lehinə 453, əleyhinə 31 nəfər səs verib. 89 nəfər bitərəf qalıb. Növbəti dəfə AP Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib, ikili standartları əsas fəaliyyəti prinsipi halına gətirərək heç bir beynəlxalq hüquqa sığmayan qətnamə qəbul edib. Qeyd edək ki, qətnamədə Azərbaycanda həbsdə olan erməni separatçıların azad olunması, ermənilərin Qarabağa sərbəst şəkildə qaytarılmasını sürətli şəkildə təmin etmək, Azərbaycana silah və hərbi yardımların qarşısının alınması ilə bağlı çağırışlar kimi məsələlər yer alıb. Amma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların geri qaytarılması ilə bağlı bir söz belə qətnamədə yer almayıb. Qarabağı 30 ilə yaxın işğal altında saxlayan Ermənistanla bağlı çəkindirici bir cümlə belə yazılmayıb. Bütün bunlar Azərbaycana qarşı Avropa Parlamentinin ikili standartlardan və qərəzli mövqedən çıxış etdiyini göstərir. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə mövzu ilə bağlı “Cebheinfo.az”-a deyib ki, Azərbaycana qarşı bu cür ədalətsiz mövqe əvvəllər də olub, gələcəkdə də olacağı istisna edilmir: “Məsələ ondadır ki, COP29 ərəfəsində beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycana yönəlib. Bundan sui-istifadə edən həmin o güclər Azərbaycanın beynəlxalq imicinə təsir edə biləcək addımları intensivləşdiriblər. Hesab edirəm ki, COP29 ərəfəsində bu cür çağırışlar, ədalətsiz qərarlar, qətnamələr bir qədər də güclənəcək. Avropa Parlamenti onsuz da özünün ədalətsiz mövqeyi ilə Azərbaycan cəmiyyətində yaxşı tanınır. Biz torpaqlarımız işğal altnda olada da bu ədalətsiz mövqeyi müşahidə etmişik. İkinci Qarabağ savaşında, xüsusilə də Azərbaycan öz ərazilərini işğaldan azad edəndə, suverənliyini bərpa edəndə də bizim üzərimizə gəliblər. Təəssüf ki, bu təşkilat hər hansı bir formada Ermənistana sanksiya tətbiq etmək üçün cəhd etməyiblər, heç çağırışlar da olmayıb. İndi isə hərbi cinayətkarların buraxılmasını Azərbaycandan tələb edirlərsə, bu bütün çərçivələrdən çıxmaqdır, həyasızlıqdır. Həbsdə olan separatçıların, terrorçuların liderlərinin özləri dəfələrlə öz müsahibələrində, çıxışlarında etiraf ediblər ki, Azərbaycan əhalisinə qarşı cinayətlərdə birbaşa iştirak ediblər, əmrlər veriblər. İkinci Qarabağ savaşında Gəncənin, Tərtərin, Bərdərin vurulması nəticəsində 100 nəfərə qədər müharibədənkənar dinc sakinlərin qətlə yetirilməsinin əmrini verən bu cinayətkarların həbsdən buraxılmasına çağırış etmək Avropa Parlamentinin hansı keyfiyyətdə olmasından xəbər verir”. Deputat əlavə edib ki, Avropa Parlamentinin azadlıq istədiyi bu cinayətkarlar əslində Beynəlxalq Ədalət Məhkəməsinin subyektləridir: “Amma beynəlxalq məhkəmələrdə ədalətli mövqe sərginlənmədiyi üçün onları biz özümüz həbs etdik. Ədalətli mühakimə həyata keçirilməkdədir və onlar ifadələrini də veriblər, məhkəmə prosesi isə açıq keçiriləcək. O zaman beynəlxalq ictimaiyyət də görəcək ki, onlar hansı hərbi cinayətlər törədiblər. Azərbaycana qarşı yönəlik bu cür qətnamələrin qəbulu heç bir halda bizi getdiyimiz yoldan, yürütdüyümüz siyasətdən çəkindirə bilməz. Heç bir halda Azərbaycanı hansısa güzəştə getməsinə səbəb ola bilməz. Bizim yolumuz tam olaraq haqq yoludur, biz beynəlxalq hüquqa uyğun addımlarımızı atırıq. Avropa Parlamentinin bu cür qərarları kağız parçasından başqa bir şey deyil”. Geri qayıt |