Əsas Səhifə > Güney Press > Bağçalının Öcalan çıxışı nəyə hesablanıb?
Bağçalının Öcalan çıxışı nəyə hesablanıb?24-10-2024, 18:56 |
“Milliyətçi Hərəkat Partiyasının sədri (MHP) Dövlət Bağçalının PKK lideri Abdullah Öcalanla bağlı çıxışı müsbət qiymətləndirilməlidir. Əslində bu addımın bir çox səbəbi var”. Bu sözləri AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Türkiyə PKK-çılardan təmizləndikdən sonra İraq və Suriyada onlara ciddi zərbələr endiriləcək: “Hazırda PKK Suriyada ABŞ-nin dəstəyi ilə ayaqda durub. Türkiyə isə uzun müddətdir ki, öz ərazisindən Suriya və İraqa da keçərək terrorçuları təmizləməyə başlayıb. Onlara başa salırlar, bu cür mübarizə heç kimə lazım deyil. Ona görə də PKK silahları yerə qoymalı və Türkiyə bayrağı altında siyasi müstəvidə sivil qaydada fəaliyyət göstərməlidir. Bu, çox normal addımdır. ABŞ vaxtı ilə “Taliban”ı terror təşkilatı elan etmişdi, sonradan onunla danışıqlara getdi”. Ekspert hesab edir ki, Abdullah Öcalanı azadlığa buraxaraq PKK-nın ləğv edilməsi planı Prezident Rəcəb Tayyib Ərdoğana məxsusdur: “Sadəcə olaraq, MHP sədri Dövlət Bağçalı bu məsələdə ona kömək edir. Bəlkə də bağlı qapılar arasında da Abdullah Öcalanın özü ilə də birbaşa danışıqlar aparılıb. Ortada Çeçenistanda Ramzan Kadırov nümunəsi var. Onun atası çeçen müqavimətinin başında duran adamlardan idi, nəticə isə hamıya məlumdur. Öcalan isə Bağçalının çağırışına hələ cavab verəcəyi sual altındadır. Ola bilər ki, Öcalan ya qısa müddətdə cavab verər və ya bir neçə gün susaraq gözləyər”. Əhəd Məmmədli bu addımın seçki üçün də atıla biləcəyini istisna etməyib: “2028-ci ildə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan özü namizəd olsa və ya varisini təklif etsə, kürdlərin dəstəyini almalıdır. Məhz Cümhuriyyət Xalq Partiyası da kürdləri öz tərəfinə çəkməyi hədəfləyir. Ona görə də bunu Ədalət və İnkişaf Partiyası üçün müsbət addım kimi dəyərləndirmək olar. Eyni zamanda, bu, terrordan xilas olmaq də üçün yeganə çıxış yoludur”. Politoloqun fikrincə, Öcalan Türkiyə Böyük Millət Məclisində çıxış etməyəcək: “Lakin razılıq olarsa, Öcalan vəkillə görüşdə və ya evindən müraciət edə bilər. Bu müraciətin məktub və ya video formatda olması mümkündür. Ancaq ən yaxşısının məhkəmədə ev dustaqlığına buraxılmadan öncə çağırış edərək PKK-nın ləğv olunmasını elan etməsi olar. Hərçənd ki, onun çağırışını bütün PKK terrorçuları qəbul edəyəcəyi, hamısının silahı buraxacağı inandırıcı deyil. Onların bir qismi tabe olacaq, digər hissəsi isə razılaşmayacaq. Buna baxmayaraq, yerdə qalanları da elə PKK-çıların əli ilə tərksilah etmək olar. Ümumiyyətlə, Öcalan PKK-nın ləğvi şərti ilə ev dustaqlığına buraxılacaq. Hətta proseslər müsbət davam edərsə, onun əfv olunması da gündəmə gələ bilər”. Əhəd Məmmədli PKK-nın ləğvi qərarının digər ölkələrdə olan terrorçulara təsirindən də söz açıb: “Hesab edirəm ki, PKK-nın ləğv olunması Suriya və İraqdan gələn təhdidləri dayandırmayacaq. Lakin bunu bir qədər zəiflədə bilər. Ortada kürd birliyi yoxdur. Həmçinin, Öcalanın çağırışını da, PKK-nın ləğv olunmasını belə YPG qəbul etməz. Buna baxmayaraq, PKK ləğv olunacağı təqdirdə, Türkiyə Suriya ordusu ilə birlikdə YPG-ni tamamilə məhv edəcək”. Geri qayıt |