Əsas Səhifə > Güney Press > Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir

Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir


Bu gün, 14:00
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan həbsxanalarında saxlanılan erməni cinayətkarların qaytarılması məsələsini sülh müqaviləsinə salmaqdan imtina edib. Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvü, deputat Ovik Ağazaryanın “Hraparak” nəşrinə verdiyi məlumatda görə, müqaviləyə məhbuslarla bağlı bəndin salınması müzakirə olunub, lakin Azərbaycan etiraz edib, Paşinyan da bununla razılaşıb.

Erməni deputat bildirib ki, Paşinyan Bakıda həbsdə olan separatçılarla bağlı məsələnin dövlət səviyyəsində gündəmə gətirilməsinin danışıqlara mane olacağını və rəsmi Bakının əlində “silaha” çevriləcəyini düşünür: “Məhbuslar məsələsi danışıqlar prosesinə daxil edilsə, sülh gündəmi dalana dirənəcək”.

Xatırladaq ki, qondarma rejimin terrorçu liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, “spiker” David İşxanyan, “xarici işlər naziri” Davit Babayan, “müdafiə naziri” Levon Mnatsakanyan, “dövlət naziri” Ruben Vardanyan, general David Manukyan Bakıda istintaq təcridxanasında saxlanılır.

Millət vəkili Azər Badamov isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın həbsxanasında olan erməni terrorçuları hərbi cinayətlərin törədilməsində təqsirli bilinir və ona görə də onları hərbi əsir saymaq heç bir məntiqə uyğun gəlmir:

“Amma Fransanın rəhbərlik etdiyi qərb həbsxanamızdakı terrorçuları əsir adlandırır və sülh müqaviləsinin imzalanması üçün terrorçuların azad olunmasını tələb edir. Burada Qərb ermənidən çox ermənilik edir və terrorçuları əsir adlandıraraq Azərbaycana təzyiq göstərməyə çalışır. Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi ilə bağlı aparılan danışıqlarda separatçı cinayətkarların azad olunması məsələsi müzakirə olunmur. Çünki o cinayətkarlar həm də Ermənistandakı Paşinyan hakimiyyəti üçün də böyük təhlükədir. Ona görə də Paşinyan separatçı cinayətkarların azad olunmasında maraqlı deyil və sülh müqaviləsinin şərtlərində bununla bağlı bir məsələ salınmayıb. Onlar birmənalı şəkildə törətdikləri cinayətlərə görə ittiham olunub cəzalarını alacaqlar”.

Deputat hesab edir ki, sülh müqaviləsinin imzalanmasının gecikməsi Paşinyan hakimiyyətinin bu məsələyə hazır olmaması və vaxt qazanaraq ölkəni yenidən silahlandırmaq planlarını həyata keçirmək istəkləri ilə bağlıdır: “Ermənistan parlamentinin sədri Alen Simonyan sülh müqaviləsi ilə bağlı müzakirə olunan bütün məsələlərin razılaşdırıldığını bildirsə də, reallıqda bu, heç də elə deyil. Bunun üçün ilk növbədə Ermənistan konstitusiyasında əks olunmuş Azərbaycana qarşı ərazi iddialarından rəsmən əl çəkməlidir. Təbii ki, bu məsələ Ermənistanda erməni xalqın iradəsinə buraxılaraq qərar qəbul olunmalıdır. Biz Paşinyanla yox, Ermənistanla sülh müqaviləsi bağlamalıyıq. Əgər biz Paşinyanın dedikləri ilə razılaşıb sülh müqaviləsini bağlasaq, bir müddət Paşinyanın yerinə gələcək başqa birisi deyəcək ki, bu sənəd Ermənistan konstitusiyasına ziddir və onun heç bir hüquqi qüvvəsi yoxdur. Bu da onlara yenidən ərazi iddialarını ortaya qoyub revanşizmə başlanılması imkanı yaradacaq. Bütün bunlar onu deməyimizə imkan verir ki, Azərbaycana yarımçıq sülh lazım deyil. Əgər Ermənistana sülh maraqlıdırsa, beynəlxlaq hüquq normalarına hörmət edərək Azərbaycana qarşı olan ərazi iddialarından birdəfəlik əl çəkməlidir. Əks halda sülh olmayacaq".

Geri qayıt