Əsas Səhifə > Güney Press > "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb"

"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb"


Dünən, 21:38
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb"
"XVI BRICS Sammiti yeni dünya nizamında yeni və perspektivli alternativ bir əməkdaşlıq platformasıdır.

Azərbaycan bu platformada milli maraqlarımızın və məqsədlərimizin realizə olunması üçün öz mövqeyini bir daha səsləndirmiş oldu”.

Bunu TNS-ə deputat Hikmət Məmmədov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti çoxtərəfli multivektorial xarici siyasət həyata keçirir və bu, Azərbaycanın milli mənafelərinin qorunması baxımından olduqca əhəmiyyətlidir: “Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı artıq yeni alternativ platforma və onların realizə olunması üçün mühüm işlər həyata keçirildiyini bildirib.

Cənab Prezident bu günə qədər Şimal-Cənub inteqrasiyası arasında müəyyən işlər görüldüyünü də diqqətə çatdırıb. Əlbəttə ki, Kazanda keçirilən görüşdə yaddaqalan ən mühüm məsələlərdən biri Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında dialoqun baş tutması oldu. Görünür, Azərbaycanın irəli sürdüyü beş baza prinsipini qəbul edən Ermənistan ehtiyac hiss etdi ki, sülh danışıqları üçün növbəti addım atmaq lazımdır”.

Milli Məclisin deputatı qeyd edib ki, dialoq təşəbbüsü Ermənistanın Baş naziri tərəfindən gəlib.

Hikimət Məmmədov Paşinyan və onun arxasında olan qüvvələrin artıq sülh yolunun ancaq Azərbaycanın haqlı, beynəlxalq hüquqa əsaslanan mövqeyini qəbul etməkdən keçdiyini anladıqlarını bildirib: “Sammitdə Prezident İlham Əliyev və Paşinyanın qısa, ayaqüstü dialoqu zamanı kifayət qədər ciddi mesajlar olub ki, dərhal sonra dioloqa xarici işlər nazirləri qoşulub və ondan sonra da ikitərəfli görüş baş tutub. Bu vacib görüş və sonra hər iki tərəfin eyni məzmunda bəyanat yayması, sülhün əldə edilməsi üçün səylərin artırılması ilə bağlı xarici işlər nazirlərinə təlimatların verilməsi sülh istiqamətində proseslərin yeni dinamikasını yaradacaq. Yeni sülh dinamikası tək Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə regionun gələcəyi üçün olduqca vacibdir. Nəticə etibarilə bu, bir daha onu göstərdi ki, Azərbaycan regionda sabitlik istəməyənlərin olmasına baxmayaraq, sülhün təmin edilməsində israrlıdır. Yəni Azərbaycan regiona sülh, əməkdaşlıq və tərəfdaşlıq gətirəcək”.
Geri qayıt