Əsas Səhifə > Güney Press > Paşinyan hakimiyyəti üçün ciddi risk

Paşinyan hakimiyyəti üçün ciddi risk


26-10-2024, 14:02
Paşinyan hakimiyyəti üçün ciddi risk
Ermənistanda növbədənkənar seçkilərlə bağlı söhbət yenidən gündəmə gəlib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın son həftələrdəki davranışı, rayonlara səfərləri, eləcə də onun və həyat yoldaşının ictimai fəallığı siyasi müstəvidə digər oyunçularda onun növbədənkənar parlament seçkilərinə hazırlaşdığına dair ciddi şübhələr yaradıb.

“Hraparak” qəzetinin yazdığına görə, Paşinyan hökumətinin məqsədi Ermənistan konstitusiyasına dəyişiklik etməkdir. “Bu şübhələr Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı son həftələr ərzində Azərbaycandan davamlı olaraq eşidilən tələblər fonunda daha da haqlı görünür. Bu yaxınlarda İrəvan və Bakı bir tərəfdən sülh müqaviləsinin mətninin 80 faizini artıq razılaşdırdıqlarını bəyan etsə də, digər tərəfdən konkret hansı müddəalar üzərində razılığa gələ bilmədiklərini dəqiq deməyiblər.

Azərbaycan rəsmilərinin ritorikasına görə, indiki mərhələdə əsas tələb Ermənistan Konstitusiyasına dəyişikliklər etmək, oradan Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaqdır. Nikol Paşinyan hökuməti “Dağlıq Qarabağ”ı Azərbaycanın bir hissəsi kimi tanısa da, Paşinyan və komandası hər gün Azərbaycan tezislərini yaymağı özlərinin müqəddəs borcları hesab edir, “Dağlıq Qarabağ”ın həmişə Azərbaycanın olduğunu bəyan edirlər. Konstitusiya Məhkəməsi isə 26 sentyabr tarixli qərarı ilə fundamental sənədin qüvvəsini faktiki olaraq ləğv edib. Lakin bu da Azərbaycanı qane etmir.

Bakı sülh sənədini Paşinyanla yox, Azərbaycan rəsmilərinin dediyi kimi Ermənistanla imzalamaq istəyir. Rəsmi Bakı Ermənistanın növbəti hakimiyyət orqanlarının Nikol Paşinyanın qərarlarını mübahisələndirə biləcəyindən və onları konstitusiyaya zidd elan edəcəyindən narahatdır.

Ona görə də əvvəlcədən belə bir ssenarinin qarşısını almağa çalışırlar. Nikol Paşinyan və digər Ermənistan rəsmiləri konstitusiyanın dəyişdirilməsi ilə bağlı çoxsaylı bəyanatlar verərək bunun Azərbaycanın tələbi olduğunu inkar etsələr də, 2026-cı ilin dekabrına qədər Konstitusiya İslahatları Komissiyasına islahatlar konsepsiyasını təqdim etməyi tapşırıblar. Amma bu təminatlar birmənalı olaraq Bakını qane etmir.

Oradan da demək olar ki, hər gün konstitusiyanın dəyişdirilməsi tələbini təkrarlayırlar. Görünən odur ki, Paşinyanın müqavimət göstərmək üçün artıq resursları yoxdur və o, Bakının növbəti tələbini təmin etmək qərarına gəlib. Amma konstitusiya referendumu keçirməzdən əvvəl o, növbədənkənar seçkilər keçirəcək.

Əks təqdirdə, referendum uğursuzluğa məhkumdur. Yalnız seçkilərdə qazandığı qələbənin ictimai şoku fonunda o, referendumu etimad referendumu kimi təqdim edərək onu sürətlə həyata keçirə biləcək.

Seçkilərdə qələbə ilə hamını susduracaq, lazım gəlsə, referendumun nəticələrini də saxtalaşdıracaq. Nəzərə alın ki, mövcud qanunvericilik növbəti seçkiyə bir il qalmış növbədənkənar seçkilərin keçirilməsini qadağan edir. Bu isə o deməkdir ki, hakimiyyət növbədənkənar seçkiləri gələn il iyunun 21-dən əvvəl keçirilməlidir”, - “Hraparak” belə yazır.

Qeyd edilən məqalənin ümumi məzmunu Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilmədən konstitusiyaya dəyişikliyin qeyri-mümkün olduğunu nəzərdə tutur. Yəni Nikol Paşinyan yeni konstitusiyanı qəbul etdirmək üçün ilk növbədə ölkədə siyasi hakimiyyətini möhkəmlətməlidir. Lakin Ermənistanda siyasi qüvvələr nisbəti Paşinyanın xeyrinə olduğundan, hakimiyyəti üçün real təhlükə də görünmür.

Yaz və payız aylarında arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etiraz aksiyaları siyasi iflasa uğradıqdan sonra Paşinyanın mövqeləri bir qədər də güclənib. Buna baxmayaraq, son vaxtlar aparılan sosioloji sorğular Nikol Paşinyanın siyasi reytinqinin getdikcə zəiflədiyini göstərir. Hazırda Ermənistanda Paşinyanın fəaliyyətini müsbət qiymətləndirənlərin sayı 16 faiz təşkil edir.

Buna baxmayaraq, Ermənistanda eks-prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın müxalifəti siyasi monopoliyada saxlamaq cəhdləri alternativ siyasi güc mərkəzinin yaranmasına mane olur.

Bu da Paşinyanın hakimiyyətdə qalmasını təmin edir. Ermənistanda seçkilərə inamsızlığın mövcud olması da məhz siyasi durğunluqla bağlıdır.

Yəni ciddi rəqiblərinin olmamasına baxmayaraq, indiki situasiyada növbədənkənar seçkilərə getmək Paşinyan hakimiyyəti üçün ciddi risklər yarada bilər. Ona görə də Paşinyanın seçkilər olmadan da konstitusiya referendumu keçirməsi mümkündür. Çünki parlamentdə deputat yerlərinin üçdə ikisi Baş nazirin liderlik etdiyi “Vətəndaş cəmiyyəti” fraksiyasına məxsusdur.

Cəmi 36 mandata malik parlament müxalifətinin may ayında onu impiçment etməyə siyasi gücü çatmadı. Hökumət tamamilə Paşinyanın nəzarətindədir. Ermənistan Prezidenti də öz növbəsində, Paşinyanın yanında kifayət qədər səlahiyyətsiz görünüməklə yanaşı, onun dediklərini icra edən bir fiqurdur. Belə vəziyyətdə Paşinyan üçün referendum keçirmək heç də çətin məsələ deyil.

Sadəcə olaraq, bununla bağlı Ermənistanın Baş naziri siyasi iradə nümayiş etdirməlidir. Onun konstitusiya islahatından yayınması daha çox bu məsələdə maraqlı olmamasıdır. Paşinyan hakimiyyətini dəstəkləyən ABŞ isə onu Azərbaycanla çərçivə sülh sazişini imzalamağa tələsdirir. ABŞ Prezidentinin köməkçisi Maykl Karpenterin bugünlərdə Azərbaycana və Ermənistana səfərləri məhz bu məqsədə xidmət edir.

Lakin Ağ Evin rəhbəri Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş nazirinə göndərdiyi məktublardan da göründüyü kimi, rəsmi Vaşinqton tərəfləri sülh müqaviləsinin mətni üzrə razılaşdırılmış bəndlər əsasında saziş imzalamağa çağırır. Lakin rəsmi Bakı bunu yarımçıq sülh sazişi hesab edir və Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambula hissəsi çıxarılmayan qədər hər hansı sənədi imzalamayacağını bildirir.

Azərbaycan bu mövqeyini İrəvana getməzdən əvvəl Bakıda danışıqlar aparan Maykl Karpenterin diqqətinə bir daha çatdırıb. Ona görə də ABŞ Paşinyanı konstitusiya məsələsində güzəştə getməyə sövq edə bilər. Ancaq bu dəyişikliyi ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinə qədər reallaşdırmaq qeyri-mümkündür.

Çünki konstitusiya layihəsinin təqdimatı, müzakirəsi və ümumxalq səsverməsinin keçirilməsi bir neçə ay vaxt tələb edir. Buna rəğmən, referendumun məqsədi ABŞ-də seçkilər deyil, Azərbaycana qarşı ərazi iddialarının rəsmən aradan qaldırılmasına nail olmaqdır. Ermənistan hakimiyyəti isə bunu həyata keçirmək üçün kifayət qədər siyasi resursa malikdir. Əgər Paşinyan referendumun nəticələrini saxtalaşdırmaq imkanına malikdirsə, deməli, növbədənkənar seçkilərə getmədən də konstitusiyanı dəyişmək mümkündür.

Müşfiq Abdulla
"Cebheinfo.az"

Geri qayıt