Əsas Səhifə > Güney Press > Yekun sülhdən danışmaq çətindir

Yekun sülhdən danışmaq çətindir


26-10-2024, 19:00
Yekun sülhdən danışmaq çətindir
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə təsdiqlənib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qeyd edək ki, əsasnamə bu ilin avqustun 30-da imzalanıb. Ermənistan prezidenti Vaaqn Xaçaturyan da Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti ilə bağlı reqlamenti imzalayıb. Oktyabrın 23-də isə Ermənistan parlamenti müvafiq komissiyaların reqlamenti haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputatlar iştirak ediblər. Qeyd edək ki, Rusiyada, Kazanda keçirilən BRICS sammitində Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından, əldə olunmuş razılaşmalardan da söz açıb. Baş nazir xatırladıb ki, parlament Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası komissiyalarının birgə fəaliyyətinə dair əsasnaməni ratifikasiya edib: “Sözügedən sənəd hər iki ölkədə qüvvəyə mindikdən sonra biz 1991-ci il Almatı Bəyannaməsinin fundamental prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesini aktivləşdirə biləcəyik". Paşinyan xüsusilə vurğulayıb ki, Ermənistan Konstitusiya Məhkəməsinin bu sənədlə bağlı qərarı nəhayət bütün narahatlıqları, Ermənistan Konstitusiyasında qonşu ölkələrə iddia edilən ərazi iddialarının mövcudluğu ilə bağlı bütün arqumentləri aradan qaldırdı. Baş nazir növbəti dəfə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ən azı 80-90 faizi razılaşdırılıb: "Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, güc tətbiq etməmək, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə riayət edilməsi, diplomatik münasibətlərin qurulması və tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması artıq tam razılaşdırılıb. Artıq bu gün razılaşdırılmış məzmunla saziş layihəsi Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması üçün möhkəm zəmin yaratmaq üçün zəruri olan bütün fundamental məsələləri formalaşdırır, həll edir".
Ölkənin hakim “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Xripsime Qriqoryan da deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini razılaşdırılmış bəndlər əsasında imzalamağa hazırdır. Onun sözlərinə görə, Ermənistanın sülhlə bağlı mövqeyi dəyişməyib. Vasitəçilərə gəlincə, Qriqoryanın sözlərinə görə, bunlar sırf vasitəçilik xidmətləridir: “Əlbəttə, Ermənistan istənilən qərəzsiz, maraqlı və konstruktiv vasitəçilik səylərini alqışlayır”. Qriqoryan İrəvanın sülh danışıqlarının ikitərəfli formada davam etdirilməsində maraqlı olduğunu bildirib.
Məlumdur ki, rəsmi Bakı sülh müqaviləsinin yarımçıq imzalanması təklifini rədd edir. Çünki Ermənistan bununla əsas bəndlərin həllindən yayınır. Ən əsas bənd isə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. İrəvan məhz bundan yayınmaq üçün bu qəbuledilməz təklifində israr edir.

Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, müəyyən pozitiv hadisələr olsa da, ümumən Ermənistanın sülh yolunda səmimi olması və qətiyyəti görünmür. Analitik vurğulayıb ki, Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı reqlament qəbul edib:

"Bu müsbət haldır və pozitiv addım kimi qiymətləndirmək mümkündür. Bu cür real addımların sayı çox olarsa, Ermənistan siyasətinin sülhə köklənməsini iddia etmək olar. Əfsuslar ki, bir çox hallarda neqativ hadisələrlə üzləşirik. Ermənstan tərəfi ziddiyyətli bəyanatlarla, əsassız ittihamlarla çıxış etməkdən əl çəkmir. Üstəlik, silahlanmanı davam etdirir. Müxtəlif yollarla diplomatik səviyyələrdə gərginlik yaratmağa çalışır. Belə halda, əlbəttə, yekun sülhdən danışmaq çətindir. Digər tərəfdən, kommunikasiyaların açılması ilə bağlı demək olar ki, heç bir irəliləyiş yoxdur. Halbuki bu istiqamətdə atılacaq addımlar da birbaşa sülhə hesablanmalıdır. Tezliklə sülhün imzalanmasına yönəlik addımların şahidi olmuruq. Əsasən proses söhbətlərlə, müzakirələrlə yekunlaşır, ciddi irəliləyiş olmadan nəticələnir. Gözləmək lazımdır ki, görüşlərin, söhbətlərin nəticəsi reallığa çevrilsin. Ermənistan hökuməti həqiqətən də real addımlarla sülhü istədiyini təsdiqləsin, səmimi olduğunu isbat etsin".

Geri qayıt