Əsas Səhifə > Güney Press > “Müxalifətin qalib gələcəyi halda
“Müxalifətin qalib gələcəyi halda26-10-2024, 14:59 |
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Putinpərəst qüvvələr vətəndaşları seçkilərdə ölkəni demokratiyaya, inkişafa aparacaq Qərbpərəst qüvvələrə səs verməkdən çəkindirmək üçün belə təbliğat aparır və şayiələr yayırlar ki, guya müxalifət rusiyapərəst oliqarx İvanişvili tərəfdarlarına qalib gəlsə, ölkədə sabitlik pozulacaq, ölkə Ukraynanın gününə düşəcək, yəni Moskva ölkəyə müdaxilə edəcək... Bəs görəsən, hazırkı geo-siyasi reallıqda, Ukrayna cəbhəsində və Qərbin sanksiyaları altında çabalayan, özünün dünənədək hamilik etdiyi diktator Kim Çenin yardımına möhtac qalan Rusiyanın mövcud durumunda doğrudan da belə bir hal baş verə bilərmi?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı bunları söyləyib: “Gürcüstanda bu gün keçiriləcək parlament seçkilərində kimin qalib gələcəyini proqnozlaşdırmaq hələ çətindir. Amma söyləmək olar ki, hər iki tərəf: həm İvanişvilinin faktiki başında durduğu iqtidar, həm də prezident Zurabişbvili tərəfindən dəstəklənən müxalifət çox güclü bir seçki kampaniyası aparıb. Qərbpərəstlərin qalib gələcəyi halda Gürcüstanın Ukraynanın gününə düşəcəyi haqda “öncəgörmə”lərə gəldikdə, bu, xeyli dərəcədə absurd bir fikir və dezinformasiya xarakteri daşıyır. Və sözsüz ki, bu, Rusiya tərəfindən Gürcüstandakı putinpərəst qüvvələr vasitəsilə təşkil olunur. Onu da deyim ki, Kreml tərəfindən eyni taktika Moldovaya da qarşı işlənir. Orada da şayiə yayılır ki, bəs seçkilərdə hazırkı prezident Sandu qalib gəlsə, Moldova Ukraynanın gününə düşəcək... Amma Gürcüstanda həmin taktikanın baş tutmayacağı ehtimalı daha güclüdür. Əvvəla, bu ölkə cəmiyyətində Avropaya inteqrasiya tərəfdarları daha çoxdur. Gürcüstanın sosial-iqtisadi inkişafı da Moldovadan güclüdür. Əlbəttə bu ölkədə də, rusiyapərəstlər, Qərb əleyhdarları var. Lakin görsənən odur ki, qərbpərəstlər çoxluq təşkil edir. Onu demək yetərlidir ki, son onilliklərdə Gürcüstan vətəndaşları Rusiyaya yox, yaşamaq və işləmək üçün Avropa və Amerikaya gedirlər... Gürcüstandakı seçkilərdə müxalifətin, yaxud Rusiyapərəst iqtidarın qalib gəlmək şanslarına gəldikdə, hesab edirəm ki, iqtidardakı “Gürcüstan arzusu” partiyasının əlində yetərincə maliyyə resursları və administrativ rıçaqlar olduğundan qalib gəlmək şansları da xeylidir. Müxalifətin isə əsas liderlərindən biri olan eks-prezident Mixail Saakaşvili hazırda həbsdədir və üstəlik, xəstəlikdən əziyyət çəkir. Bununla belə, müxalifətin xalqın xeyli hissəsi tərəfindən dəstəkləndiyini nəzərə alaraq tərəflərin şanslarını bərabər də dəyərləndirmək olar. Bütün hallarda seçkilərin nəticələrindən asılı olmayaraq, düşünürəm ki, müxalifət parlamentə düşə biləcək. Həmçinin son anket sorğuları göstərir ki, Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının da parlamentdə mandat əldə etmə şansları digərlərinə nisbətən çoxdur... Gürcüstanın da Ukrayna kimi NATO-ya üzvlük məsələsini gündəmə gətirəcəyi halda Ukraynada hərbi-siyasi baxımdan bataqlığa düşmüş Rusiyanın hansısa yollarla bu ölkəyə müdaxilə etməsi ehtimalı azdır. Gürcüstan müxalifəti də bildirir ki, bizə müharibə lazım deyil və biz iqtidara gəldikdən sonra ölkədə güclü inkişafa və perspektivlərə malik iqtisadiyyatı bərpa edəcəyik, ondan sonra da Abxaziya və Osetiyanın geri qaytarılması üçün işlər aparacağıq. Hazırkı iqtidarın isə həmin regionları azad edərək yenidən ölkəyə birləşdirmək xülyaları, zənnimcə, puça çıxdı... Xülasə, bugünkü seçkilərdə müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək. Bununla belə, Kremllə rəsmi Tiflisin münasibətlərinin kəskinləşməsi ehtimalları böyükdür...” Geri qayıt |