Əsas Səhifə > Güney Press > İsrail-İran müharibəsi olacaq?
İsrail-İran müharibəsi olacaq?26-10-2024, 23:31 |
İsrail Müdafiə Qüvvələrinin (IDF) İranda hərbi hədəflərə hücumunun iki dövlət arasında müharibənin başlaması ilə nəticələnəcəyi bildirilir. Belə bir ehtimal varmı? Mövzu ilə bağlı TNS-ə danışan Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev bildirib ki, İsrailin İrana hücumu gözlənilən idi: “İndi elə bir şəraitdə yaşayırıq ki, dövlətləri idarə edənlər müəyyən planları həyata keçirməyə çalışırlar”. Onun fikrincə, Amerika Birləşmiş Ştatlarındakı seçkilərə qədər İsrail ilə İran arasında bu cür qarşılıqlı hücumlar olacaq: “İsrailin Baş naziri Benyamin Netanyahu fürsətdən istifadə etmək istəyir. ABŞ-də demokratların və respublikaçıların yəhudilərin səsinə, dəstəyinə ehtiyac var. Onlar yəhudi lobbisi ilə işləmək istəyirlər. Bu da Netanyahu üçün əlavə bir fürsət yaradır və o da maksimum vəziyyətdən yararlanmağa çalışır. ABŞ Prezidenti Co Baydenin və demokratların marağında deyil ki, indiki halda İranla gərginlik olsun. ABŞ-də baş tutacaq seçkilərə qədər bunlar sakit qalmaq istəyirlər. Amma İsrailin də öz hesabları var. İsrailin siyasi rəhbərliyi isə fürsətdən maksimum yararlanır”. Deputat deyib ki, İran bütün vasitələrlə birbaşa toqquşmadan yayınır: “İran və İsrail birbaşa toqquşmaya gedərsə, burada ABŞ, Qərb ölkələri və digər super güclərin hamısı İsrailə dəstək verəcək. ABŞ başda olmaqla, bu güclər İranın məğlub olmasına çalışacaq. Prezident Məsud Pezeşkian xəbərdarlıq etdi ki, əgər bir gərginlik olarsa, İranın daxilindəki etnik qruplar öz dövlətlərini yaratmaq təşəbbüsü ilə çıxış edəcəklər. Böyük müharibənin olma məsələsi gözlənilmir. İran ilə İsrail arasında elə bir yaxın əlaqə yoxdur ki, birbaşa təmasa girsin. Hava hücumları olacaq, amma böyük müharibə gözlənilmir”. Geri qayıt |