Əsas Səhifə > Güney Press > "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir"

"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir"


27-10-2024, 00:15
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir"
MHP sədri Dövlət Baxçalı PKK lideri Abdullah Öcalanı PKK terror təşkilatını ləğv etmək şərtilə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış üçün çağırışından sonra ilk dəfə açıqlama verib.
Yeniavaz.com “TRTHaber”ə istinadən xəbər verir ki, Baxçalı MHP qərargahında təşkil edilən “Ziya Gökalp ölümünün 100-cü ildönümündə” adlı simpoziumda çıxış edib.
Gökalpın “türkçülük türk millətini yüksəltmək idealıdır” sözünə diqqət çəkən Baxçalı milli mədəniyyətin tərifi və sivilizasiya təsviri ilə türk düşüncə həyatında iz buraxdığını qeyd edib.
“Böyük bir inancla deyə bilərik ki, türklərlə kürdlərin bir-birini sevməsi hər iki tərəf üçün həm dini, həm də siyasi fərzdir. Kürdləri sevməyən bir türk varsa türk deyil. Türkləri seməyən bir kürd varsa kürd deyil”, - D.Baxçalı qeyd edib.
Xatırladaq ki, MHP sədri Dövlət Baxçalı oktyabrın 22-də PKK lideri Abdullah Öcalandan PKK terror təşkilatını ləğv etmək şərtilə ümid haqqına müraciət edərək, Türkiyə Böyük Millət Məclisində (TBMM) DEM Partiya Qrup Toplantısında çıxış etməsi üçün çağırış edib.
Bu çağırışdan bir gün sonra “Türk Aerokosmik Sənayesi” şirkətinin (TUSAŞ) Ankaranın Kahramankazan bölgəsində yerləşən obyektlərindən birində terror aktı törədilib. Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Ankarada jurnalistlərə açıqlama verib: “Xidmətlərimizə çatan məlumatlara görə, terror təşkilatı PKK-nın hücumda iştirak etdiyini kifayət qədər dəqiqliklə deyə bilərik”.
Geri qayıt