Əsas Səhifə > Güney Press > Gürcüstanda seçkilər: müharibə üzərində qələbə

Gürcüstanda seçkilər: müharibə üzərində qələbə


Bu gün, 14:53
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə
Məlum olduğu kimi, Gürcüstanda yeni parlament seçkiləri keçirildi. Hakim "Gürcü arzusu -Demokratik Gürcüstan" partiyası inamlı qələbə qazandı.
Seçkilər ərəfəsində müxtəlif proqnozlar verilirdi. Həm Gürcüstanın özündəki müxalifət, həm də Azərbaycandakı müxalifət Gürcüstan hakim partiyasının "qutuda qalacağını" iddia edirdi. Bunu artıq sanki gözlənilən deyil, baş tutmuş nəticə kimi təqdim edirdilər.

Xüsusilə, oktyabrın 20-də Gürcüstan müxalifətinin Tiflisin mərkəzindəki nümayişi və mitinqi artıq hakimiyyətin məğlub olması kimi önə sürülürdü. Qələbə deyərkən də, təkcə səsvermənin nəticələrindən danışılmırdı. Əgər səslərin çoxunu qazana bilməsə, müxalifətin 2003-cü ildəki kimi inqilab edəcəyi haqda öncəgörmələr də var idi. Qərbdən gələn göstərişlərlə və Prezident Salome Zurabişvilinin başçılığı altında inqilaba hazırlıqlar müxalifətin əslində bir yandan da seçkidə legitim qələbə qazanmaq potensialının az olmasından qaynaqlanırdı. Ancaq hakimiyyət də bu ssenariləri pozmaq üçün hazırlıqlı görünür.

Odur ki, müxalifətin legitim qələbəsi haqqında da, legitim olmayan yollarla hakimiyyətə gələcəyi haqqında da bütün proqnozlar heçə döndü. Müxalifətin bütün partiyalarının hamısı bir yerdə "Gürcü arzusu"na üstün gələ bilmədi.

Bunun əsas səbəblərindən biri müxalifətin öz iradəsi ilə deyil, xaricdən gələn tapşırıqlarla hərəkət etməsidir. Hətta tragikomik vəziyyətə düşmüşdülər: xaricdən "siyasi canişin", "inqilab lideri" təyin edilmiş prezident Salome Zurabişvili bildirmişdi ki, seçkidə müxalifət qələbə qazandıqda, hökuməti özü formalaşdıracaq. Həm də bu, "texniki hökumət" olacaq, nazirlər siyasətçilər arasından seçilməyəcək.

Qəribədir, deyilmi? Seçkiyə müxalifətçilər getsin, qələbəni müxalifətçilər qazansın, lazım gəlsə, inqilabı da müxalifətçilər etsin, amma hökuməti formalaşdıran iqtidar postunda olan bir şəxs olsun. Həm də hökumətin tərkibinə müxalifətçilər- siyasətçilər deyil, heç bir siyasi kimliyi olmayan kənar "texniki" adamlar daxil olur. Başqa sözlə, siyasi vəzifələr "texniki" kadrlara tapşırılır.

Bax, "Avropa, Avropa!" deyib, meydanlara çıxan, hökumətlə qarşıdurmaya belə gedən, məhrumiyyətlər yaşayan müxalifətə - canlı insanlara Avropanın münasibəti belə oldu.

Bu, təkcə Gürcüstanda belə deyil. Azərbaycanda da 2003-cü və 2005-ci illərdə belə olmuşdu. Ukraynada da belədir. Əvvəllər də bu haqda yazmışıq: Ukraynanı NATO-ya şirnikləndirib Rusiya ilə toqquşduranlar indi onlara deyir: "NATO-nu unudun, sizi Şimali Atlantika Alyansına gətirmək, müharibəni Avropa İttifaqının ərazisinə daşımaq deməkdir".

Ölkəni Rusiya ilə müharibəyə sövq edib, viran qoyublar, sonra da nə lazım olan vaxtda lazım olan qədər silah verirlər, nə də verdikləri silahla lazımi hədəfləri vurmağa icazə verirlər.

Yaxud başqa misal: Ukrayna ordusunu Kursk avantürasına yönləndirdilər, nəticədə Ukrayna 25 minə yaxın əsgər itirdi və hazırda 2 mindən çox ən hazırlıqlı hərbçisi orda mühasirədədir, amma Qərb dövlətlərinin başçıları yaxasını kənara çəkib: "Kursk planından xəbərimiz yox idi, biz də çox təəccübləndik" dedilər. İndi də həmin o Qərb paytaxtları Zelenskinin "qələbə planı"nı ironiya ilə qarşılayır. Niyə?! Çünki birinci cümlədə Ukraynanın NATO-ya üzvlüyü tələb olunur.

Sanki mətləbdən kənara çıxdıq; mövzumuz Ukrayna deyil, Gürcüstandır. Ancaq yox, elə mətləb budur: Ukrayna olmağı deyil, Gürcüstan olmağı seçmiş Gürcüstandan danışırıq. "Qlobal müharibə partiyası"nın Zurabişviliyə diqtə etdiyi "texniki" qələbə planı da elə Zelenski planı kimi reallıqdan uzaq, hətta tragikomik bir plan idi. Qərbin leksikonu belə kuryozlara səbəb olur. Yadınızda varsa, Elçibəy hökumətinin üzvləri 1993-cü ildə; "Vəzifəmi dondururam" deyəndə, bu, öldürücü ironiya ilə qarşılanmışdı. Təkcə rəqib düşərgə deyil, cəmiyyət də bu sözə gülürdü. Qərbdən əxz olunmuş bu taktika, bu ifadə Azərbaycan reallığında qəbul olunmurdu. "Texniki hökumət" leksikası Gürcüstanda ironiya doğurduğu kimi. Şübhə yoxdur ki, təkcə elə bu ifadə müxalifətin xeyli səs itirməsinə səbəb olub. Adamlar yəqin ki, öz-özünə deyib: "Əgər hakimiyyətə "texniki" adamlar gələcəksə, mən niyə siyasi mübarizə aparım?!"

Kim nə deyir-desin, mən şəxsən Gürcüstan hakimiyyətinin qələbəsini gözləyirdim. Bu, həm də müəyyən mənada Azərbaycanın qələbəsidir

Azərbaycan prezidenti İlham Əliyevin Cənubi Qafqazla, bütövlükdə Qafqaz regionu ilə bağlı siyasətinin doğruluğunu sübut eləyən siyasi qələbədir.

"Gürcü arzusu" partiyasının liderləri nə deyirdi?! Xalqa deyirdilər ki, bu, sadəcə, parlament seçkisi deyil, ya müharibəni, ya sülhü seçmək üçün referendumdur. Azərbaycanın da əvvəldən yürütdüyü siyasət budur: regionda sülh, sabitlik, tərəfdaşlıq, inkişaf. Bu, bir zəncirin həlqələridir. Ən birinci faktor isə sülhdür. Amma, "Gürcü arzusu"nun lideri Bidzina İvanişvilinin adlandırdığı kimi, "qlobal müharibə partiyası" Gürcüstanda qalib gəlsəydi, hakimiyyətə "lokal müharibə partiyası" gələcək və ölkəni müharibəyə cəlb edəcəkdi.

Niyə?! Çünki qlobal müharibə partiyası Rusiyanı cənub cinahından mühasirəyə alıb, "ikinci cəbhə" açmaq, Rusiyanın qüvvələrini parçalamaq, onun Ukraynada irəliləməsini dayandırmaq istəmişdi. Ukraynada müharibənin kəskinləşməsi, miqyasın böyüməsi, Ukraynanın məğlubiyyəti müharibənin Avropa İttifaqına sıçraması təhlükəsi yaradır.

Qərb Ukraynanı, daha doğrusu, özünü xilas etmək üçün Gürcüstanı "piyada fiqur" kimi qurban vermək istədi. Ancaq Gürcüstan hökumətinin siyasi iradəsi və xalqın dəstəyi ilə indilik bu planı pozmaq mümkün oldu. Gürcüstandan "ikinci cəbhə" açmaq planı həm də Amerika seçkilərində demokratların şansını, heç olmasa, 1-2 faiz yüksəltməyə də yarayardı. Elə hesablanırdı. Öz seçkisində 1-2 faiz artıq səs almaq üçün Gürcüstanın müstəqil dövlət kimi silinib getməsinə belə razı olan qüvvələrdən söhbət gedir. Həm də bu, təkcə Gürcüstanın deyil, bütövlükdə Cənubi Qafqazın mübaribə meydanına çevrilməsi demək olardı. Azərbaycanın dünya bazarlarına yolu, əsasən, Gürcüstandan keçir. Əgər "qlobal müharibə partiyası" Gürcüstanı ələ keçirə bilsəydi, o zaman Azərbaycana da təzyiqi maksimum həddə qədər artacaqdı. Növbəti mərhələdə inqilab və Rusiyaya qarşı müharibə planları Azərbaycan üzərində qurulacaqdı. Daha sonra həmin qlobal "qırğılar" Türküstana (Mərkəzi Asiyaya) nüfuz edib, cənubdan Rusiyanın mühasirəsini qapadacaq, Çinlə Rusiyanın, Çinlə Türküstanın (Mərkəzi Asiyanın) kontaktlarını bloklayacaqdı.

Əlbəttə, bütün bunlar bir gündə baş verməyəcəkdi. Ancaq Şimali Afrikada, Yaxın Şərqdə, Ukraynada baş verənləri göz önünə gətirsək, belə bir perspektivin - Rusiyaya qarşı ikinci, üçüncü cəbhə ssenarilərinin Qafqaz bölgəsini, Cənubi Qafqazı, xüsusilə, regionun müsəlman ölkələrini nə duruma salacağını proqnozlaşdırmağa imkan verir. Deməli, bu, Azərbaycanı da təhdid edən bir plandır.

Bütün bunlara görə Gürcüstan seşkisinin Azərbaycan üçün də çox önəmli nəticəsi var. Azərbaycan "3+3" platformasının təşəbbüsçülərindən biridir. Platformanın məqsədi budur ki, regionun problemlərini region ölkələri (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) öz aralarında həll etsinlər. Amma Gürcüstan bu platformada iştirak etmir. Çünki buna Rusiya ilə Gürcüstan arasında olan problemlər imkan vermir. Gürcüstan hökumətinin yeni dönəmdə əsas prioritetlərindən biri Rusiya ilə bu məsələləri həll etmək, Gürcüstanın ərazi bütövlüyünə nail olmaqdır. Bu məqsədə çata bilsə, Gürcüstan da "3+3" platformasına qoşulacaq.

Azərbaycan ayrıca olaraq "Qafqaz Evi" əməkdaşlıq platformasını gündəmə gətirib (belə adlanmasa da, mahiyyəti belədir). Bu, Azərbayca -Gürcüstan-Ermənistan üçtərəfli tərəfdaşlıq formatıdır. Burda da hələ ki Ermənistanın mövqeyi üzündən irəliləmək mümkün olmur. Azərbaycanla Ermənistan arasında sülh gündəliyi uğurla tamamlansa, Qafqaz üçlüyü formatında tərəfdaşlığa da imkan yaranacaq.

Əslində Gürcüstanın inqilabi xaosu deyil, sabitliyi, müharibəni deyil, sülhü seçməsi, Azərbaycanın bu məsələdə mövqeyini dəstəkləyir. Ermənistanı müəyyən mənada təkləyir, İrəvanın "lokal müharibə partiyası" rolu oynamasını çətinləşdirir. Bu da Azərbaycanın regional strategiyasına uyğun gəlir.

Proseslər belə davam edərsə, həmçinin ABŞ-da prezident seçkilərinin, Ukraynada müharibənin nəticələrindən asılı olaraq, Ermənistan da özünün Qafqaz identikliyinə qayıdar. O zaman regiondankənar aktorların minlərlə kilometrlik məsafələrdən gəlib, Cənubi Qafqaza əl qoyması, konkret olaraq, Ermənistanı əlində oynatması mümkün olmayacaq. Cənubi Qafqaz müharibə, qanlı toqquşmalar, inqilablar, çevrilişlər bölgəsi deyil, sülh, sabitlik və inkişaf regionu olacaq.

Gürcüstan bu şənbə birinci deyil, ikinci yolu getməyə qərar verdi. Bu qərarda, bu qələbdə Gürcüstanda yaşayan Azərbaycanlıların da öz önəmli payı var. Çünki "Gürcü arzusu" partiyasının topladığı səslərin ən azı xeyli hissəsi Azərbaycanlıların yığcam yaşadığı bölgələrdən gəlib. Borçalı regionunda həm seçici fəallığı, həm də "Gürcü arzusu" partiyasına verilən səslərin faizi daha yüksək olub. Bu, Mərkəzi Seçki Komissiyasının açıqladığı statistika ilə təsdiqlənir (oxucuları rəqəmlərlə yormamaq üçün həmin faizləri sadalamırıq, açıq mənbələrdə var).

Beləliklə, Gürcüstanın Azrbaycanlı seçiciləri təkcə öz ölkəsinin gələcəyinə deyil, həm də Azərbaycan-Gürcüstan dostluğuna və birliyinə, Qafqaz Evi ideyasının perspektivinə səs veriblər. Buna görə Azərbaycanlı kimi, Azərbaycan vətəndaşı kimi Gürcüstanda yaşayan soydaşlarımıza dərin təşəkkürümüzü bildiririk. Hər iki ölkəyə və bütün bölgəyə xeyirli-uğurlu olsun!

Bahəddin Həzi, Bizimyol.info
Geri qayıt