Əsas Səhifə > Güney Press > Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi
Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi28-10-2024, 10:07 |
Nəsimi rayonunda Vətən müharibəsi iştirakçısını qətlə yetirməkdə ittiham olunan Bəxtiyar Qarayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 29-na təyin edilib. Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Qarayev xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Qeyd: Hadisə 2022-ci ilin avqustunda Nəsimi rayonu, 3-cü Alatava qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, "Kubinka" ərazisində parkda Bəxtiyar Qarayev bir qızın əlindən telefonu alıb və onu döyüb. Bunu görən Niyaməddin Muradov onların mübahisəsinə müdaxilə edib. O, Bəxtiyar Qarayevin qarşısını kəsib və qızı döyməsinə etiraz edib. Bu vaxt Bəxtiyar üzərindəki bıçaqla Niyaməddini vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Muradov 44 günlük Vətən müharibəsi iştirakçısı olub, "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib. Geri qayıt |