Əsas Səhifə > Güney Press > Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"...
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"...28-10-2024, 14:02 |
Mühacir axınının sürətlənməsi rəsmi statistikalarda əksini tapmır. Açıqlanan məlumatlar gerçək mənzərəni göstərmir. Əmək miqrasiyasını seçənlərin sayı çoxalıb. Xüsusilə, Şərqi Avropa ölkələrinə gedənlər çoxdur. Polşa, Litva və Latviya populyar istiqamətlərdir. Amma Slovakiyanı, Monteneqronu, Xorvatiyanı, Sloveniyanı, Macarıstanı seçənlər də az deyil. Bizimyol.info xəbər verir ki, əmək miqrasiyanı seçənlərin sayının çoxalması Azərbaycana pul köçürmələrinin həcmini artırmayıb. Pul göndərənlər azaldıqca azalır. Hər dəfə bununla bağlı statistika açıqlananda yalnız azalma görürük. Böyük ehtimalla ölkədən birdəfəlik gedənlərin çoxluğu burada özünü göstərir. Ölkəni birdəfəlik tərk etmək qərarı verənlər vətənə pul göndərmək ehtiyacı da duymurlar. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarına sürətli pul köçürmələri vasitəsilə 1 milyard 332 milyon manat daxil olub. Bizim ölkədən xaricə cəmi 393 milyon manat göndərilib. Keçən ilin yanvar-sentyabr ayları ilə müqayisə edəndə aşkar azalma görünür. Müqayisədə 552 milyon manat daha az məbləğ göndərildiyi diqqət çəkir. Yəni 30 faizə yaxın. Xaricə köçürmələr də 15 faizdən çox azalıb. Azərbaycana pul göndərənlərin azalmasının səbəblərindən birini yuxarıda yazdıq. Mühacir axını gözlənilənin əksini ortaya qoyur. Gedənlər ölkə ilə böyük bağlar saxlamırlar. Məsələn, avtomobil bazarındakı durğunluqda miqrasiyanın da rolu az deyil. İnsanlar ölkəni tərk edəndə ən azı maşını sataraq getməyə çalışırlar. İkinci ciddi səbəb Ukrayna müharibəsidir. Əvvəllər Rusiyadan böyük həcmdə vəsaitlər göndərilirdi. İlin sonuna qədər Azərbaycana pul köçürmələrinin ümumi həcmi dollar ifadəsi ilə uzağı 1 milyarda çatar. Halbuki yaxın gələcəkdə dəfələrlə çox pul gəlirdi. Məsələn, 2022-ci ildə ümumi vəsait 3 milyard dollardan çox olmuşdu. Bunun 82 faizi Rusiyanın payına düşmüşdü. İndi isə şimaldan belə gözlənti yoxdur. Əhalinin sosial vəziyyəti pisləşib. Burada xaricdən göndərilən pulların kəskin azalması az rol oynamır. Əvvəllər təkcə Rusiyadan gələn vəsait cəmiyyətdə nə qədər canlanma yaradırdı. Mənzil bazarı bunun sayəsində ayaqda dayanırdı. Amma müharibənin uzanması bizim üçün də ağır nəticələr ortaya qoyub. Geri qayıt |