Əsas Səhifə > Güney Press > "40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ"
"40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ"28-10-2024, 12:54 |
Gürcüstanda parlament seçkisi başa çatsa da, siyasi mübarizə hələ yeni qızışır. Ölkə Prezidenti Salome Zurabişvili və aparıcı müxalifət partiyaları kütləvi saxtakarlıq iddiaları ilə seçkinin nəticələrini tanımır və xalqı kütləvi etiraz aksiyalarına çağırır. “AzPolitika” xəbər verir ki, Mixeil Sakaşvilinin “Vahid Milli Hərəkat” müxalifət partiyasının liderlərindən olan Georgi Vaşadze jurnalistlərə açıqlamasında bu günə təyin edilən mitinqdə maksimum sayda etirazçının iştirak etməsinin son dərəcə vacib olduğunu deyib: “Düşünürəm ki, biz 40-45 gün mübarizə aparmalı olacağıq. Bu, Tbilisinin mərkəzində müddətsiz etiraz olacaq”. Qeyd edək ki, Gürcüstandakı beynəlxalq seçki müşahidəçiləri mətbuat konfransında seçki prosesi zamanı çoxsaylı pozuntular barədə məlumat veriblər. Buraya əsasən Gürcüstan hakimiyyətinin inzibati resurslardan istifadə etməsi, seçicilərə qarşı hədə-qorxu, rüşvət və təzyiq üsulları daxildir. Xatırladaq ki, dünən Gürcüstan Prezidenti Salome Zurabişvili səsvermənin nəticələrini tanınmadığını elan edib və müxalifəti Tbilisidəki Rustaveli prospektində, parlament binası yaxınlığında etiraz aksiyalarına başlamağa çağırıb. Bu arada Avropa İttifaqı və Entoni Blinkenin timsalında ABŞ administrasiyası seçkinin nəticələrinə ciddi şübhə ilə yanaşıb və Gürcüstanın indiki hakimiyyətini saxtakarlıqlara görə kəskin şəkildə tənqid edib. Yerli ekspertlərin fikrincə, Gürcüstandakı seçki prosesinin beynəlxalq müşahidəçilər tərəfindən mənfi qiymətləndirilməsi müxalifətin etiraz aksiyalarına başlamasına təkan verib. Onu da qeyd edək ki, seçkinin nəticələrinə kəskin etirazların fonunda Gürcüstanın milli valyutası olan lari bazar ertəsi səhər saatlarından başlayaraq, dollar qarşısında ucuzlaşmağa başlayıb. Bu gedişat göstərir ki, əvvəlcədən proqnozlaşdırıldığı kimi, Gürcüstanda hələ azı bir neçə gün siyasi təlatümlər yaşanacaq. Geri qayıt |