Əsas Səhifə > Güney Press > Gürcüstan Rusiya ilə barışır?

Gürcüstan Rusiya ilə barışır?


Bu gün, 16:14
Gürcüstan Rusiya ilə barışır?
“Gürcüstan, hakim Gürcü Arzusu Partiyasının parlament seçkisində qələbə qazanmasına baxmayaraq, hazırkı şərtlər altında Rusiya ilə diplomatik münasibətləri bərpa edə bilməyəcək”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri və bunun Cənubi Qafqaza təsirini şərh edərkən deyib.

Politoloq bildirib ki, hakim partiya və onu idarə edən oliqarx Bidzina İvanişvili ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə gərginlik yaşasa da, Rusiya ilə əlaqələrdə vəziyyət dəyişməyəcək:

“Bütün bunlar Tbilisinin avtomatik olaraq Moskvaya yaxınlaşacağı mənasına gəlmir. Sadəcə Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya nəzarət edəcəyi təqdirdə belə bir şey mümkün olardı. Rusiyanın isə bu bölgələri qaytarmaq planı yoxdur. Doğrudur, Gürcüstanda parlament seçkisi öncəsi Bidzina İvanişvili maraqlı gediş etdi, 2008-ci il müharibəsinə görə Cənubi Osetiyadan üzr istədi”.

Onun sözlərinə görə, İvanişilinin bu gedişinin iki məqsədi olub:

“Birincisi, bu addımı Kremlin müsbət qiymətləndirməsi, o cümlədən Abxaziya və Cənubi Osetiya mövzularında Tbilisi ilə mümkün razılaşma barədə mesaj vermək üçün atdı. Seçkiqabağı bu, Gürcü Arzusu Partiyasının əlini daha da gücləndirəcəkdi. Ancaq Kreml vaxtilə işğal etdiyi ərazilərdən İvanişvili üçün imtina etmək fikrində deyildi.

Gürcü oliqarxın ikinci məqsədi 2008-ci il müharibəsinə görə məsuliyyəti bütövlüklə keçmiş hakimiyyətin, yəni indiki müxalifətinin üzərinə yükləmək idi”.

E.Şahinoğlu qeyd edib ki, mövcud hökumət ölkədə müxalifətin qalib gələcəyi təqdirdə növbəti müharibənin baş verə biləcəyinə dair ab-hava yaradıb:

“Bütün seçki kampaniyası bu təbliğatın üzərində qurulmuşdu və müəyyən qədər effekti oldu. Rusiyanın rəsmi dairələri Tbilisidə indiki hakimiyyətin fəaliyyətini davam etdirməsini istəyir. Kreml Abxaziya və Cənubi Osetiya məsələlərində geri addım atmasa da, Gürcüstan hökumətinin ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin gərginləşməsində maraqlıdır. Qərbin Gürcüstan parlamentinin qəbul etdiyi iki qanuna görə tətbiq etdiyi sanksiyalar sadəcə Rusiyanın işinə yarayır”.

Geri qayıt