Əsas Səhifə > Güney Press > Azərbaycana qarşı qərəz:

Azərbaycana qarşı qərəz:


Bu gün, 16:17
Azərbaycana qarşı qərəz:
“Avropa Parlamenti korrupsiyalaşmış mərkəzə çevrilib”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında Avropa Parlamentinin Azərbaycana qarşı riyakar və qərəzli mövqeyinin arxasında duran səbəbi şərh edərkən deyib.

O bildirib ki, Avropa Parlamenti hər zamanki kimi öz köhnə ampluasındadır.

“Bu ilin aprelində də Avropa Parlamentində ölkəmizə qarşı vətəndaş cəmiyyəti institutları ilə bağlı qərəzli, riyakar və yalanlarla dolu qətnamə qəbul olunmuşdu. İndi isə insaq hüquqları və Ermənistanla münasibətlər kontekstində Azərbaycana qarşı çirkin kampaniyaya başlayıblar.

Oktyabrın 24-də Avropa Parlamenti tərəfindən təpədən dırnağa qədər anti-Azərbaycan mahiyyəti daşıyan və erməni maraqlarına xidmət edən qətnamə qəbul olunub. Təsadüfü deyil ki, Avropa Parlamenti beynəlxalq ictimaiyyətdə korrupsiyalaşmış və rüşvət içərisində batan bir mərkəz kimi tanınır.

Qətnamənin lehinə səs verən Avropa Parlamentinin deputatları daima erməni maraqlarını icra edən və Cənubi Qafqaz regionunda reallıqlara irrasional baxışlarla baxan, ən əsası da öz ciblərini düşünən şəxslərdir.

Korrupsiya içərisində batan avropalı parlamentarilər Azərbaycana qarşı yalan yaymaq və böhtan atmaqdan yorulmurlar. O ki qaldı onların Azərbaycana qarşı niyə bu qədər düşmən mövqedən çıxış etməsinin mahiyyətinə, biz bunun səbəblərini çox yaxşı bilirik.

Avropa Parlamentinin deputatlarının yuxularına o zaman haram qatıldı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında yenilməz Ordumuz ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Onlar Azərbaycan dövlətinin, xalqının şanlı qələbəsini dəhşətli yuxu kimi qarşılamaq istəyirdilər. İstəyirdilər ki, Azərbaycanın əraziləri daima işğal altında qalsın.

Amma görürlər ki, bu, reallıqdır, bu, həqiqətdir, Azərbaycanın öz tarixi və qanuni torpağına, Qarabağa sahib olub. Onlar bunu heç cürə həzm edə bilmirlər. Bu səbəbdən Azərbaycana qarşı dezinformasiya kampaniyasına başlayırlar. Guya ki, Azərbaycanda insaq hüquqları pozulur, ölkəmizdə vətəndaş cəmiyyəti institutların vəziyyəti ağırdır. Özlərindən nağıllar uydururlar.

Məqamı da təsadüfən seçməyiblər. Bu yaxınlarda Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə Beynəlxalq Konfransa – COP29 tədbirinə ev sahibliyi edəcək. Hazırda beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycana yönəlib. Azərbaycanla bağlı həqiqətlərin və dezinformasiyanın yayılması üçün unikal şansdır”.

Deputat əlavə edib, bu qətnamələrin heç bir nəticəsi olmayacaq:

“Azərbaycanda xalq və hakimiyyət birliyi var, ölkəmiz güclü iqtisadiyyata, güclü orduya sahibdir. İndiyə qədər Avropa Parlamentinin qətnamələrində Azərbaycanla bağlı heç bir həqiqət öz əksini tapmayıb. Otuz il işğal dövründə Qarabağda işğalçılar tərəfindən xalqımıza məxsus tarixi və mədəni irsimiz məhv olunub, şəhərlərimiz, kəndlərimiz və qəsəbələrimiz yer üzündən silinib. 1988-ci ildə Ermənistanda 300 mindən çox azərbaycanlı deportasiya məruz qalıb, Qarabağda xalqımıza etnik təmizləmə siyasəti həyata keçirilib.

Bildirim ki, Ermənistanda faşist Almaniyasına xidmət edən və Hitlerlə tərəfdaşlıq edən “milli erməni qəhramanları”-na abidlər ucaldıblar. Avropa Parlamentinin deputatları bir dəfə də olsun, bu həqiqətlər barədə bəyanat yaymayıblar, qətnamə qəbul etməyiblər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları olaraq, Avropa Parlamentinin bu riyakar addımına qarşı bəyanat yaydıq. Bəyanatda deyilir ki, Avropa Parlamentinin deputatları sözün həqiqi mənasında Azərbaycana qarşı ikili standartlar, ikili yanaşma siyasəti yürüdürlər və erməni maraqlarına xidmət edirlər”.

Geri qayıt