Əsas Səhifə > Güney Press > "Hər bir işçi bu şərtləri minimum da olsa bilməlidir..."

"Hər bir işçi bu şərtləri minimum da olsa bilməlidir..."


Bu gün, 09:15
"Hər bir işçi bu şərtləri minimum da olsa bilməlidir..."
İşdə xəsarət almışam, lakin işlədiyim idarə və ya müəssisə bu bədbəxt hadisəni qeydə almır - deməklə, şikayət etməklə hər zaman əmək xəsarətini qeydə aldırmaq mümkün deyil. Bədbəxt hadisələrin qeydə alınması üçün əmək qanunvericiliyində bir çox şərt və qaydalar nəzərdə tutulur. Hər bir işçi və ya işçilər bilməlidir ki, yalnlz bu hallarda baş vermiş bədbəxt hadisə rəsmi şəkildə qeydə alınır və işəgötürənlər üçün: maddi, mənəvi, intizam, inzibati, cinayət məsuliyyəti yaradır. İşçi də bu halda dəymiş maddi ziyanın əvəzi kimi qanunvericiliklə nəzərdə tutulan sığorta pulu və digər ödənişlər alır.
1. Hər bir işçi ya özü bu şərtləri minimum da olsa bilməli, ya da digər şəxs, hüquqşünasın xidmətindən istifadə etməlidir.
2.İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin yüngül vəya ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü - əmək qanunvericiliyinə əməl olunmasına DÖVLƏT nəzarətini həyata keçirən - DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİ Xidmətinə məlumat verməyə borcludur.
3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə əmək qanunvericiliyinə müəyyən edilmiş qaydada -komissiya yaratmalı və baş vermiş bədbəxt hadisənin təhqiqatını aparır.
4. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq - qanunvericiliklə müəyyən edilmiş qaydada İZ Aktı (İstehsalat Zədəsi) tərtib edilməli və onun bir nüsxəsi zərərçəkən işçiyə təqdim olunmalıdır.
5. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
6. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir:
Əmək vəzifələrini yerinə yetirdiyi, ezamiyyət zamanı, həmçinin müdiriyyətin tapşırığı olmasa belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən. Müəssisəyə aid və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən - işdən qayıdarkən.
Müəssisənin ərazisində, başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr daxil olmaqla işçi işə başlamazdan əvvəlki və işi qurtarıb müəssisədən çıxan vaxt ərzində. Keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə.
İşçi qanunvericiliklə nəzərdə tutulmuş halda və qaydada dövlət və ictimai vəzifələrinin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə, istehsal avadanlıqları və obyektlərində qəza zamanı.
Növbə istirahətində olan işçilər (bələdçi işçi, növbədə olan sürücü, dəniz, çay, hav, ekipaj üzvləri, növbə ekspedisiya ilə işləyənlər və başqaları) növbə qəsəbəsinin ərazisində olduqları vaxt.
İşçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (nəqliyyatda və ya piyada gedərkən, həmçinin işəgötürənin,onun vəzifəli şəxsinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə. İşəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt.
Əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə.
Əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı.
7. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən bu hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır:
Təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzəsi istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü.
Texniki spirtlərin, aromatik, narkotik vasitə, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələr, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş verən bədbəxt hadisələr.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ"

Geri qayıt