Əsas Səhifə > Güney Press > Qərb özü sonda İvanaşvili ilə razılaşacaq
Qərb özü sonda İvanaşvili ilə razılaşacaqBu gün, 11:08 |
ABŞ-nin gürcü xalqı və Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avro-Atlantik istəklərini dəstəkləməsinin uzun tarixi var. Bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir. Amerika lideri bildirib ki, o, Gürcüstanın son zamanlar demokratik geriləməsindən, azadlıqları məhdudlaşdıran qanunların qəbulundan dərin narahatdır. Bayden oktyabrın 26-da Gürcüstanda keçirilən sonuncu parlament seçkilərində qanun pozuntularına yol verildiyi, seçicilərə hədə-qorxu gəlindiyi və onların istəmədikləri seçimləri etməyə məcbur edildiyini vurğulayıb: “Gürcüstan vətəndaşlarının müstəqil beynəlxalq və yerli müşahidəçilərin azad və ədalətli adlandırmadığı bu seçkilərin keçirilməsi ilə bağlı öz fikirlərini dinc şəkildə ifadə etmək hüququ var. Biz Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran “Xarici Təsir Qanunu” kimi qanunları ləğv etməyə və seçki ədalətliliyini bərpa etmək üçün dərhal Gürcüstandakı bütün siyasi qüvvələrlə dialoqa başlamağa çağırırıq. Biz bütün tərəfləri Gürcüstanın Avro-Atlantik gələcəyinin təməli olaraq qalan qanunun aliliyi və fundamental azadlıqlara ciddi şəkildə hörmət etməyə dəvət edirik”. Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində "Gürcü Arzusu" Partiyası 53,93 faiz səslə qalib gəlib. Parlamentə düşməyi bacaran 4 müxalif koalisiya və Prezident Zurabişvili seçkilərin saxtalaşdırıldığını bildirərək, nəticələri tanımaqdan imtina edib. Bundan sonra ölkədə müxalifətin mitinqlərinə start verilib. Rusiyalı politoloq Dmitri Solonnikov deyib ki, radikal qərbyönlü müxalifət, Saakaşvilinin varisləri qalib gəlsəydi, çox güman ki, onlara əvvəlcədən son dərəcə aqressiv istiqamətdə Ukrayna ssenarisini izləmək tapşırığı veriləcəkdi: "Belə olan halda Gürcüstan Rusiyaya qarşı ikinci cəbhə açacaqdı. Yeni böyük müharibə başlayacaqdı. Qərb qüvvələri tərəfindən Gürcüstanın radikal müxalifəti qarşısında belə bir vəzifə qoyulmuşdu. Radikal müxalifətin vəzifəsi “müştəri”nin tapşırığını yerinə yetirmək, gələcək təminatı üçün qonorar almaqdır. Bir ölkə olaraq Gürcüstanda və bütün Cənubi Qafqazda nələrin baş verəcəyi isə onlar üçün əhəmiyyət kəsb etmir. Məsələn, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili Fransa vətəndaşıdır. Nəsə yolunda getməsə, o, dərhal Fransaya gedəcək”. Solonnikovun sözlərinə görə, Qərb qüvvələrinin Gürcüstanda radikal müxalifəti hakimiyyətə gətirmək planı hələ tam silinməyib: “Parlamentə daxil olan bir sıra müxalifət partiyaları artıq mandatlarından imtina etdiklərini bəyan ediblər. Gürcüstan prezidenti mitinqlər keçirir və insanları seçkinin nəticələrinə etiraz etmək üçün küçələrə çıxmağa çağırır. ABŞ və 13 AB ölkəsi "Gürcü Arzusu"nu hədələyir və seçki zamanı iddia edilən pozuntuları araşdıracaqlarını deyirlər. Məlumat var ki, seçkidən əvvəl Gürcüstana muzdlular, Ukrayna casusları, təxribatçılar, qan tökməli olan şəxslər gətirilib. Çevriliş ssenarisini həyata keçirə biləcəklər, ya yox, bilinmir. "Gürcü Arzusu"nun qələbəsi region üçün daha böyük təhlükəsizlik və sülh proseslərinin mümkünlüyü demək olardı”. Gürcü politoloq Tornike Şaraşenidze də deyib ki, əgər Qərb indi "Gürcü Arzusu"nun liderlərinə sanksiyalar tətbiq etsə, Belarus ssenarisi təkrarlana bilər: "Qərbdə heç kim bunu istəmir, çünki belə olan halda Gürcüstan, həqiqətən də, Rusiyanın tabeliyinə qayıdacaq. Gürcüstan hakimiyyəti artıq göstərdi ki, onlar sanksiyalardan və etirazlardan qorxmurlar. Qərb bundan sonra nə etməlidir? Gürcüstanı təcrid etmək? Bu, Qərbin bütün Cənubi Qafqazı itirməsinə gətirib çıxaracaq, çünki Gürcüstan coğrafi baxımdan regionun açarıdır. Ermənistan üzünü Qərbə çevirdiyi üçün Gürcüstan hakimiyyəti bu məsələdə çox yaxşı oynayır. Qərb Gürcüstanı itirsə, Ermənistanı da itirəcək, İrəvan da Rusiyaya üz tutacaq. Gürcüstan hakimiyyəti bununla oynayır və Qərbi Tbilisinin şərtləri ilə Gürcüstanın Avropaya inteqrasiyasını davam etdirməyə çağırır”. Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Gürcüstanda cəmiyyət iki yerə parçalanıb. Analitik vurğulayıb ki, "Gürcü Arzusu" Partiyası 54 faiz səslə çoxluq qazansa da, yekun nəticə cəmiyyətin digər yarısının hakim partiyaya səs verməməsi deməkdir: "Gürcü ictimaiyyəti iki qütb arasında qalıb. Qərbin ümidi o idi ki, müxalifət də seçkidə 50 faizə yaxın səs toplayacaq və nəticə etibarı ilə koalisiyalı hökumət qurulacaq. İvanişvili ilə koalisiya hökuməti məsələsində danışığa getməyə hazır idilər. Amma bu, baş tutmadı. Ümumiyyətlə, müxalifətin iqtidarla dialoqundan söhbət belə gedə bilməzdi. Qərbin başqa ümidləri də var idi. Məsələ ondadır ki, Gürcüstanda Saakaşvili kimi kiminsə küçədən xalqın dəstəyi ilə hakimiyyətə gəlməsi qeyri-mümkündür. Çünki müxalifətin lideri yoxdur. Digər ssenari isə Rusiya ilə bağlıdır. 2023-cü ildə Brüsseldə Gürcüstanın Avropa İttifaqına daxil olması üçün qərar verildi. 2010-cu ildə də Ukrayna ilə bağlı da qərar verilmişdi. Xatırladım ki, Saakaşvili 2013-cü ildə Aİ ilə saziş imzalamaqdan imtina etdi. Nəticədə insanlar küçələrə tökülüşdülər və Rusiyanın məlum müdaxiləsi baş verdi. İndi də eyni ssenarini görə bilərdik. Əgər nəticələr fərqli olsaydı". Ekspertə görə, başqa bir ssenari Belarusla bağlıdır: "Məsələn, Qərb Prezident A.Lukaşenkonu hələ də tanımır. Tixanovskanı tanıdıqlarını bəyan edirlər. Ancaq Qərbin bu ssenariyə gedəcəyi inandırıcı görünmür. Çünki Lukaşenkodan fərqli olaraq söhbət milyarder Bidzina İvanaşvilidən gedir. Qərb özü İvanaşvili ilə razılaşacaq. Hazırda Qərb öz simasını qorumağa çalışır. İndiki şəraitdə seçkiləri tanıdıqlarını söyləyə bilməzlər, çünki müxalifətin onlardan uzaqlaşmasını istəməzlər. Ona görə də Qərb ikili oynayır". Geri qayıt |