Əsas Səhifə > Güney Press > Erməni nazirin Bakı səfəri öncəsi xoşagəlməz addım
Erməni nazirin Bakı səfəri öncəsi xoşagəlməz addımBu gün, 12:30 |
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın COP29 iqlim sammiti çərçivəsində Bakıya gələcəyi, erməni diversantların İrəvana təhvil verilməsini istəyəcəyi iddia edilir. Həmin şəxslərin separatçılar olmadığı, sayı o qədər çox olmayan bir neçə diversantdan söhbət getdiyi deyilir. Amma son vaxtlar Qərbdən Azərbaycana COP29 öncəsi tələblər arasında Bakıda saxlanılan separatçıların azad edilməsi də var. Rəsmi İrəvan COP29 öncəsi Azərbaycanı bu mövzuda şantaj edə, təzyiq göstərmək həvəsinə düşə bilərmi? Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, əslində bu Ermənistanın yeni yalan və təxribatıdır: “Onlar həmin şəxslərin hərbi əsir olmadığını yaxşı bilirlər. Belə bir adlandırma özlüyündə təxribatın olmasını sübut edir. Həmin cinayətkarlar ölkəmizə qarşı müharibə cinayətləri törədiblər. Arayik Arutyunyan özü də bunu etiraf edib, Azərbaycanın yaşayış məntəqələrini vurduqlarını deyib. Bu etirafdan başqa, ölkəmizin əlində sübutlar var. Onların Azərbaycandan tələb edilməsi sülh prosesinin pozulması cəhdidir. COP29 Azərbaycanın tədbiri deyil. Ölkəmiz bu tədbirə ev sahibliyi edir və burada planetin problemləri müzakirə edilir. Dünyanın qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı dünya birliyinin birləşməsi istənilir. Ermənistanın tədbirdə iştirakı üçün belə bir tələbin irəli sürülməsi doğru deyil. Ermənistan bu tədbirdə iştirak edərsə, çox şey qazana bilər, iştirak etməsə, Azərbaycan nə isə itirməz. COP29 iki ölkə arasında sülhün əldə edilməsi üçün böyük fürsət ola bilər. İrəvan bunu anlamalı, şansdan ikiəlli yapışmalıdır. Ermənistan sanki COP29-da iştirak etmək istəyir, amma Azərbaycan buna mane olurmuş kimi təəssürat yaratmağa çalışır. Reallıq isə hamıya aydındır: Bakı Ermənistanı COP29-a dəvət edib”. Geri qayıt |