Əsas Səhifə > Güney Press > Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər
Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilərBu gün, 14:02 |
Azərbaycanda müəllimlərin minimum əməkhaqqı 345 manatdır. Əlavə dərs saatlarına, sinif rəhbərliyinə, fənn üzrə sertifikasiya nəticələrinə və digər göstəricilər əsasında yüksələ bilir. Bəs, müəllimlərin minimum əməkhaqqı 500 manata qədər qaldırıla bilərmi? Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışdı. O, açıqlamasında bildirdi ki, müəllimlərin maaşının 500 manata qədər qalxaması ilə bağlı təkliflər müzakirə olunur: "Beynəlxalq təcrübədə müəllimlərin əməkhaqqı yalnız bazar əməkhaqqına deyil, eyni zamanda onların peşəkar səviyyəsinə və təcrübəsinə əsaslanaraq müəyyənləşdirilir. Məsələn, Estoniya, Finlandiya və Sinqapur kimi ölkələrdə müəllimlərin əməkhaqqı ölkənin ümumi əməkhaqqı səviyyəsindən yuxarıda tutulur ki, bu da müəllimlik peşəsinin nüfuzunu artırır. Hazırda Azərbaycanda müəllimlər üçün əməkhaqqının qalxması məsələsi prioritetlərdən biridir, çünki artan inflyasiya və yaşam xərcləri bu sahədə çalışan şəxslərin sosial-iqtisadi vəziyyətini ağırlaşdırır. Minimum əməkhaqqının 345 manatdan 500 manata yüksəldilməsi təklifləri müzakirə olunur. Belə bir artım müəllimlərin motivasiyasını və təhsilin keyfiyyətini dəstəkləyərək peşənin nüfuzunu yüksəldə bilər. Bununla yanaşı, müəllimlərin bazar əməkhaqqından əlavə əlavə fəaliyyətlər üzrə ödənişləri də daha yüksək səviyyədə hesablanmalıdır ki, bu sahədə çalışanların həyat səviyyəsini yaxşılaşdırsın. Azərbaycanda müəllimlərin əməkhaqqının daha yüksək səviyyəyə qaldırılması və bu məbləğin artan iqtisadi şəraitə uyğunlaşdırılması təhsil sahəsində keyfiyyətin yüksəlməsinə, daha motivasiyalı müəllimlərə və ümumilikdə təhsilin inkişafına töhfə verə bilər. Təhsil sistemində çalışan müəllimlərin əməkhaqqının təhsil keyfiyyətinə, məktəb mühitinə və ümumilikdə şagirdlərin nəticələrinə təsir göstərdiyini nəzərə alsaq, müəllimlərin əməkhaqqının artırılması ölkə təhsili üçün mühüm addım olar". Geri qayıt |