Əsas Səhifə > Güney Press > Ermənistanın “kəsişməyən dünyası”:
Ermənistanın “kəsişməyən dünyası”:Bu gün, 15:33 |
Son illərdə Rusiya və Ukrayna arasında müharibə və Yaxın Şərqdəki münaqişələr kimi geosiyasi hadisələr logistik marşrutların nəzərdən keçirilməsinə və qlobal nəqliyyat infrastrukturunda dəyişikliklərə səbəb olur. Bunun fonunda Cənubi Qafqaz ölkələri tranzitin inkişafı üçün yeni imkanlardan istifadə etməyə çalışırlar. Xüsusilə, Azərbaycan Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə birlikdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialının artırılması istiqamətində fəal iş aparır. Ermənistan da kənarda qalmaq istəməyərək nəqliyyat layihələrində öz yerini tapmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan bildirir ki, “dünyanın kəsişməsi” təşəbbüsü ölkəyə on milyardlarla dollar gəlir gətirə bilər. Onun sözlərinə görə, bu layihənin əsas məqamı Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafıdır. Ermənistan baş nazirinin aparatının rəhbəri Arayik Arutyunyan bildirir ki, Türkiyə mediasının nümayəndələri “dünyanın kəsişməsi” layihəsini işıqlandırmaq üçün Ermənistana gedəcək. “Yaxın vaxtlarda iranlı jurnalistlərin Ermənistana dördgünlük səfəri gözlənilir. Türkiyənin bir sıra KİV nümayəndələrinin də səfəri nəzərdə tutulub. Bu səfər zamanı “dünyanın kəsişməsi” layihəsi təqdim olunacaq”. Lakin ölkənin məhdud tranzit potensialını nəzərə alsaq, bu cür proqnozlar həddən artıq qiymətləndirilmiş kimi görünür. Hətta ən optimist ssenaridə belə əhəmiyyətli gəlir əldə etmək mümkün görünmür, yəni Paşinyanın iddialı bəyanatlarının heç bir iqtisadi əsası yoxdur. Sadəcə olaraq, Ermənistan hər dəfə çətin vəziyyətlə üzləşəndə barışığa meyl, konstruktiv müzakirəyə açıqlıq və sülhsevərlik mesajlarını səsləndirir, lakin bu, illərdir tətbiq etdiyi siyasətlərin üstünü örtmək cəhdindən başqa bir şey deyil. Bu ölkə bir sıra beynəlxalq platformalarda sülh təəssübkeşi kimi çıxış edir, özünü qonşularla kommunikasiya əlaqələrinə meylli kimi göstərir. Əslində isə qonşuluğundakı dövlətlərin ərazi bütövlüyünə qarşı məkrli niyyətini gizlədə bilmir və onların suverenliyinə qıcıq olur. “Dünyanın kəsişməsi” layihəsi də Ermənistanın növbəti oyunlarından biridir. Əsil məqsəd Zəngəzur dəhlizinə alternativ layihə təqdim etmək və Azərbaycanın bu işdəki fəaliyyətini sıradan çıxarmaqdır. İranlı jurnalistlərin ölkəyə dəvət edilməsi “dünyanın kəsişməsi” layihəsinin İran hökumətinin maraqlarına xidmət etdiyini açıq-aydın göstərir. Türkiyəli KİV-ə müraciət isə bu ölkənin ictimai rəyinə təsir imkanlarını artırmağa, yanlış istiqamətə yönəltməyə cəhddir. Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, “dünyanın kəsişməsi” layihəsi Azərbaycanın təklif etdiyi konfiqurasiyaların bəsit formasıdır. Orada yeni element yoxdur. “Onlar Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində özlərinə yer etmək üçün deyirlər ki, ərazilərindən beynəlxalq birliyin fəal nümayəndələri istifadə edə bilərlər. Bir növü Ermənistan özünü Azərbaycanla müqayisə edir, lakin ölkəmizin logistik imkanlarını nəzərə almır. Çünki biz imkanlarımızla bu proseslərə hazırıq. Ermənistan isə öz niyyətini reallaşmış layihə kimi təqdim etməyə çalışır. İranın da təbii ki, bu məsələdə öz maraqları var. Buna görə də özlərini elə göstərirlər ki, guya Ermənistanla doğma qardaş kimidirlər. Türkiyəli jurnalistlərin bu prosesə cəlb olunmasına gəlincə, deyə bilərəm ki, burada qorxulu bir şey yoxdur. Göstərişdən başqa bir şey deyil. Sadəcə olaraq məsələyə xüsusi status verirlər ki, guya beynəlxalq arenada özlərini ifadə edirlər və onlara maraq artır, hətta Türkiyədən də Ermənistana gələn var. Onsuz ki, türkiyəli jurnalistlər bundan öncə də Ermənistana gedirdilər və orada çəkilişlər edirdilər. Yəni Ermənistanın bunu xəbərlərə çıxarmasına ehtiyac yoxdur. Türkiyə ilə Ermənistanın təması mövcuddur. Qardaş ölkədən Ermənistana reyslər var. Göründüyü kimi Ermənistan qondarma layihələrlə çalışır ki, özünü inteqrasiya proseslərinə calaq etsin. Əslində isə buna heç bir hazırlıqları yoxdur. Onlar hətta üçtərəfli 10 noyabr bəyannaməsinin müddəalarını layiqincə yerinə yetirə bilmədilər. Xüsusi ilə kommunikasiyalara aid öhdəliklərin qarşısında aciz qaldılar. Bu, onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi özünü yetkin göstərməyə çalışsa da, amma real fəaliyyətə gəldikdə bacarmır. Hətta Vaşinqtondan, Brusseldən təlimat gözləyirlər. Bu, bir daha sübut edir ki, Ermənistan öz subyektivliyini tapa bilməyən dövlətdir. Türkiyəli jurnalistlər də başa düşəcək ki, Ermənistanın boş danışıqlarından başqa bir şeyi yoxdur. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətini bərpa etməsə, onda heç bir şey alınmayacaq. Gecə-gündüz xülyalara qapılırlar ki, guya boru xətləri Fars körfəzindən Ermənistana, oradan Gürcüstana, Gürcüstandan isə Qara dənizə keçməklə Avropaya uzanacaq. Bunu reallaşdırmaq üçün Ermənistanın müasir -logistik infrastrukturu olsun. Eyni zamanda İranla Ermənistan arasında dəmir yolu çəkilsin. İran heç Astara xəttini çəkə bilmir. Göründüyü kimi “dünyanın kəsişməsi” layihəsinin təbliğatı var, reallıqda isə ortada heç nə yoxdur”. Geri qayıt |