Əsas Səhifə > Güney Press > Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi?
Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi?Bu gün, 15:53 |
Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra bu ölkədə vəziyyət daha da gərginləşib. Prezident Salome Zurabişvili seçki günü xalqı meydanlara səslədi. O, seçkinin nəticələrini tanımadığını bəyan etdi. Parlament binası önündə keçirilən etiraz aksiyasında tribunaya qalxdı, çıxış etdi. Onun bu rəftarı Gürcüstanda siyasi gərginliyi daha da artırıb. Salome Zurabişvili Qərb xəttini təmsil edir. O və ailəsi uzun illər Fransada yaşayıb. Gürcüstan siyasətinə də Fransadan gələrək qoşulub. S.Zurabişvilinin inqilab lideri kimi davranması, prosesləri ələ almağa təşəbbüs göstərməsi onu hədəfə çıxarır. Bəs görəsən, mürəkkəb geosiyasi şəraitdə xanım prezident qurban seçilə bilərmi? Məsələn, onu Pakistanın sabiq Baş naziri Bənazir Bhuttonun taleyi gözləyirmi? Mümkündürmü, xarici xüsusi xidmət və kəşfiyyat orqanları Zurabişvilini öldürüb, hadisənin günahkarı kimi hakim partiyanı göstərsin? Bənazir Bhutto da 2007-ci ilin dekabr ayında seçki öncəsi aksiyada çıxış edən zaman terror hücumu nəticəsində qətlə yetirilmişdi. Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli mövzunu Globalinfo.az-a şərh edib. O, bildirib ki, hakimiyyət böhranı şəraitində dövlətin daxili və xarici təhlükəsizliyi dərhal onun ən “yumşaq qarnı” kimi ön plana çıxır: “Üstəlik, bu, həm də o ölkədə baş verir ki, hazırda davam edən Ukrayna müharibəsi bu ölkənin yerləşdiyi regionu növbəti toqquşma zonasının orbitinə çevirir. Dünyanın Dəniz və Quru gücləri (Seapower, Landpower) Aralıq dənizində, Koreya yarımadasında, Kipr zonasında, Şərqi Çin dənizində, Baltiklərdə, Qara dənizdə və s. həssas coğrafiyalarda dünyanın yenidən bölüşdürülməsi uğrunda amansız savaş aparırlar. Hər gücün öz “Faşoda”sı var və təəssüf ki, Cənubi Qafqazın Azərbaycan istisna, digər iki dövləti qlobal siyasi qurbanlıq kimi öz növbələrini gözləməyə sadəcə tərk ediliblər”. Əziz Əlibəylinin sözlərinə görə, ölkənin prezidenti faktiki olaraq, seçilmiş hökuməti qeyri-legitim elan edərək, ona qarşı müxalif hərəkatı dəstəklədi, bir növ, yeni Saakaşviçilik təşəbbüsünü öz üzərinə götürdü: “2003-cü ildə o, Gürcüstana səfir təyin edilib. “Qızılgül inqilabı”ndan sonra, 2004-cü ildə Mixail Saakaşvili prezident seçiləndə, tezliklə gürcü mühacirlərin qızı olan Fransa səfirini necə olursa, kəşf edir və onu Gürcüstan vətəndaşı edir. O, dərhal da Gürcüstanın xarici işlər naziri təyin edilir. Bir il yarımdan sonra Saakaşvili onunla anlaşa bilmədiyi üçün işdən çıxardır. Zurabişvili bundan o qədər qəzəblənir ki, Saakaşvili rejimi haqqında “La tragédie géorgienne 2003 – 2008: de la révolution des Roses à la guerre” (Gürcüstan faciəsi 2003-2008) adlı acı həqiqətlərlə dolu bir kitab yazır”. Ə.Əlibəyli S.Zurabaşvilinin B.Bhuttonun taleyini yaşaya biləcəyi ehtimalını belə dəyərləndirib: “Salome Zurabaşvili bu minvalla bir kor gülləyə qurban gedərək “demokratiya şəhidi” ola bilərmi? Sırf qadındır deyə yox, amma siyasətdə qadındır deyə Bənazir Bhutto praktikası, təcrübəsi necə, Tbilisidə təkrarlanarmı? Bu adam indi hamı üçün problem, hamı üçün çıxış yoludur. Belə şəxslərin siyasi qətlinə böyük mərkəzlərdən fərman verilməsi aydın proqnoz içərisindədir. Ona atılacaq bir güllə nəticəsində partlamağa hazır bütün gürcü cəmiyyətin çalxalaya bilər. Hər halda, ən yaxşı çıxış yolu, Saakaşvilinin qərarını ləğv etmək və Salomeni vətəndaşlıqdan məhrum etməkdir. Ya vətən – Gürcüstan, ya vətəndaş – Salome”. Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, ABŞ Cənubi Qafqazı öz nəzarətinə götürmək istəyir: “Hələ Gürcüstanda xarici agentlər haqqında qanun müzakirə edilərkən Vaşinqton bu ölkədə dövlət çevrilişinə cəhd üçün planlar hazırlamışdı. Hətta nəzərətində olan QHT-lər və agentura şəbəkəsi vasitəsilə buna cəhdi etmişdi. Təbii ki, proses baş tutmadı. Hakim Gürcü Arzusu Partiyası müstəqil siyasət yürütmək, ölkənin azadlığını qorumaq üçün sözügedən qanunu qəbul etdi. Bu, həm də Gürcüstanın forpost olmadığına dair mesaj idi”. Politoloq bildirib ki, keçmiş prezident Mixail Saakaşvilinin dövründə olduğu kimi, Gürcüstanın Qərbin təlimatlarını yerinə yetirən ölkə olmasını istəyirlər: “Növbəti mərhələdə parlament seçkilərinə ümid bəslənirdi. Yəni bu yolla müxaliflət koalisiyasının hakimiyyətə gəlməsi və Tbilisinin itaətdə saxlanılması gözləntisi vardı. Lakin plan baş tutmadı, gürcü xalqı seçkidə öz iradəsini göstərdi”. A.Məsiyevin sözlərinə görə, Gürcüstanın nəzarətə götürülməsi üçün ABŞ Ukrayna ssenarisini işə salıb: “Gürcüstan Prezidenti Salome Zurabişvili isə bu prosesin görünən simasıdır. Prezident dövlətin deyil, Qərbin maraqlarına uyğun davranır. Təbii ki, seçki sonrası bunların olması gözlənilirdi. Tbilisidə xaos yaratmaq üçün katalizatora ehtiyac var. Ukraynada Maydan hərəkatında olduğu kimi Gürcüstanda da prezidentə qarşı sui-qəsd törədiləcəyini demək çətindir. Amma bu versiyaya bənzər bir hadisənin olması mümkündür”. Geri qayıt |